21 yanvar 2021 18:34
1286

“Dostluq” “Azəri-Çıraq-Günəşli”dən sonra ən böyük neft yatağı olacaq- İlham Şaban

Yanvarın 21-də Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən, Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumu imzalanıb.

Yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etmişdi. Buna görə də Memorandumun imzalanması tarixi hadisədir, Azərbaycanın neft-qaz strategiyasının inkişafında  böyük əhəmiyyətə malikdir. Qeyd edək ki, yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. 

Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban “İki sahil”ə açıqlamasında bildirib ki, Azərbaycan terminologiyasında bu, “Kəpəz”, Türkmənistan deyimində isə “Sərdar” yatağı adlanır: “Şükürlər olsun ki, uzun illərin fikir ayrılıqlarını bir kənara qoyub iki dövlət başçısı, o cümlədən hökumətlər  “Dostluq” layihəsinə imza atdılar. “Kəpəz” yatağı adı ilə yanaşsaq, Sovet Azərbaycanında bu, Azərbaycan neftçilərinin kəşf etdiyi  sonuncu yataq olub. 1990-cı illərin ortasında məlum oldu ki, “Kəpəz” yatağı Xəzər dənizinin  sektoral  bölümündən  düz ortaya düşür. Bir müddət qanunlar çərçivəsində bunun kimə məxsus olması barəsində müzakirələr aparıldı, götür-qoy edildi. XXI əsrdə Azərbaycan tərəfi  bir neçə dəfə Türkmənistana həmin yatağın birgə işlənməsi ilə bağlı təkliflərini irəli sürdü. Türkmənistan tərəfi əsasən Qurbanqulu Berdıməhəmmədovun hakimiyyətə gəlişindən sonra bir neçə dəfə Azərbaycana rəsmi və işgüzar səfərləri olub, çünki bunlar  həm ikitərəfli, həm də ki,  beynəlxalq görüşlər çərçivəsində baş verib. Eləcə də Azərbaycan tərəfinin də təşəbbüsü ilə birgə layihələrlə bağlı ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində qarşılıqlı səfərlər baş tutub. Yəni, rəsmi Bakı ilə Aşqabad arasında siyasi münasibətlər normal olub.”

Ekspert vurğulayıb ki, 2010-cu ilin iyul ayından  Türkmənistanın Xəzər yataqlarında çıxardığı neft  artıq Azərbaycanın əsas ixrac boru kəməri “Bakı-Tbilisi-Ceyhan”la axmağa başladı: “ Bu günə kimi də axır. Necə ki, Türkmənistan yataqlarında neft var onlar bizim boru kəmərləri ilə axacaq. Çünki dünya bazarlarına ən optimal marşrutdur. İkincisi də odur ki, bizim şərtlər Türkmənistan tərəfi qane edir ki, onlar 10 ildən artıqdır  Azərbaycanla əməkdaşlığı davam etdirirlər. Təbii ki, biz Türkmənistanın xam neftini, o cümlədən Türkmənbaşı  neft emalı  zavodları kompleksində xam neftdən neftə çevrilən məhsulların bir qismi də Azərbaycanın üzərindən dünya bazarına çıxarılır, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)  Gürcüstanda  Qara dəniz sahilindəki Kulevi neft terminalı vasitəsilə bazarlara çıxarılır. Yəni, iki ölkə arasında  energetika sahəsində əməkdaşlıq olub, inkişaf edib və 2021-ci ildə buna  uğurlu bir addımla qədəm qoyuldu. SOCAR-ın neft ticarəti ilə məşğul olan törəmə şirkəti “SOCAR Trading”  1 milyon ton əlavə Türkmən neftini Azərbaycan vasitəsilə dünya bazarına çıxarılması ilə bağlı müqavilə imzalamışdı. Yəni, istər neft, istərsə neft məhsulları olsun, burada bizim əməkdaşlığımız var idi. Qeyd edim ki, biz Türkmənistana kiçik bir qisimdə neft avadanlığı da ixrac edirik. Ancaq iki ölkənin birgə neft hasilatını həyata keçirməsi   həqiqətən artıq əməkdaşlığın yeni tarixi səhifəsidir ki, başqa ölkələr üçün də  örnək olacaq bir məsələdir.”

İ.Şaban qeyd edib ki, “Dostluq” yatağı Azərbaycanın müstəqillik illərində  yeganə açdığı neft yatağı olan“Qarabağ”ın yaxınlığında yerləşir. Geoloji quruluşu ona bənzəyir. “Dostluq” yatağında  neft-qaz layları mövcuddur. Onun geoloji neft potensialı  50 milyon tondan çoxdur. Həmçinin qaz ehtiyatları  da var. Ona görə də həmin yatağın işlənməsi Azərbaycanın mövcud ixrac  neft-qaz infrastrukturu vasitəsilə həyata keçiriləcək.  Bu baxımdan da, yatağın işlənməsində Azərbaycanın imkanları çərçivəsində hansı çətinlik olmayacaq. Bu isə hər iki ölkəyə 30 ildən artıq müddətdə, ehtiyat kimi yerin dərinliklərində qalmış karbohidrogen ehtiyatını nəhayət ki,  bazarlara çıxarılması  və onun bir əmtəənin  dəyərə çevrilməsinə imkan yaradır ki, bundan hər iki ölkə kapital qazanacaq.  Bu kapitalı təbii ki, özlərinin bildiyi kimi, öz rifahlarına xərclənməsinə yardım edəcək.

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etmişdi. Memorandumun imzalanması tarixi hadisədir, Azərbaycanın neft-qaz strategiyasının inkişafında  böyük əhəmiyyətə malikdir. Neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq. Sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında çox önəmli addımdır. Sənəd, həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Bu layihənin çox böyük beynəlxalq və regional əhəmiyyəti vardır. Sözügedən sənədin imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər.”

Yaqut Ağaşahqızı, “İki sahil”