29 iyul 2020 17:59
1490

Dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur

Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin  birgə döyüş atışlı taktiki təlimləri dünyaya  bir daha bu mesajı ünvanlayır ki, bü birlik, həmrəylik  sarsılmaz olmaqla yanaşı,  regionda sabitliyin, təhlükəsizliyin əsas təminatçısıdır

 
“Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız  inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir…   Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır.” Dövlətimizin başçısı İlham Əliyev  bu əminliyi də ifadə edir ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı  Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.   

     Müharibə şəraitində yaşayan ölkə olaraq hərbi qüdrətimizin möhkəmləndirilməsi əsasdır. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, sülh danışıqlarını cəsarətli aparmaq üçün güclü ordunun olması ilkin şərtdir. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Naxçıvan, Günnüt əməliyyatları,  bu il  iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribata  Azərbaycan Ordusunun cavabı deyilənlərin təsdiqidir. Bu məqamı da xüsusi qeyd etməliyik ki,  2018-ci il «Azərbaycan Xalq Cümhuriyyəti ili» çərçivəsində   Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının, həmçinin Bakının işğaldan azad olunmasının  100 illiyinə həsr olunan hərbi paradlar ordumuzun gücünün, qüdrətinin təqdimatı ilə yanaşı, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığının təqdimatı oldu.  Paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha bildirmişdir ki,  Azərbaycanın sevinci, bizim sevincimiz, qüruru bizim qürurumuz, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik.  Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik. İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların Türkiyədən  sərhədləri açmağı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi  aydındır: «Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir.»

     Atdığı addımları ilə hər zaman Azərbaycanın yanında olduğunu təsdiqləyən Türkiyə ilə ölkəmiz arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti əsasında reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir.

  Azərbaycan və Türkiyə eyni köklər üzərində böyüyən ulu bir çinara bənzədilirək  vurğulanır ki, həmin çinarın kölgəsi həyata keçirilən  layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır. BTC və BTƏ  neft-qaz layihələrinin ardınca, BTQ  dəmir yolunun istifadəyə verilməsi, eyni zamanda, əməkdaşlığın regional çərçivədən çıxaraq  coğrafiyasını genişləndirməsi fonunda Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi, Azərbaycan-Türkiyə birliyinin təcəssümü kimi “Star” neft emalı zavodunun istifadəyə verilməsi və sair kimi biri-birindən önəmli hadisələr Qafqazdan Avropayadək uzanan kölgənin təqdimatlarıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP-ı növbəti layihələrin müjdəçisi kimi qiymətləndirir.

     Reallaşan hər bir layihə region və tərəfdaş ölkələrin həyatına yeni nəfəs gətirir. Türkiyə rəsmiləri də bu məqamı  qeyd edirlər ki, qarşılıqlı uzaqgörənliklə ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regional və qlobal sabitliyə, əmin-amanlığa necə böyük töhfə verməyin mümkün olduğu Azərbaycan və Türkiyənin  mənzərəsində aydın görünür. Bu gün bu mənzərə dünyaya ölkələrin öz maraqlarını, iqtisadi sabitliklərini təmin etmələrinin yolunun himayəçilikdən və onu artırmaqdan, ticarət müharibələri aparmaqdan yox, həmrəylikdən, rəqabətlilik mühitindən, güclü əməkdaşlıqdan keçdiyini çox aydın şəkildə göstərir.

      Azərbaycanla Türkiyə arasında əlaqələr  digər sahələrdə olduğu kimi, hərbi sahədə də  yüksək səviyyədədir. Azərbaycan  və Türkiyə hərbçilərinin ənənəvi olaraq keçirilən hərbi təlimləri  deyilənlərin təsdiqidir. Ötən il Naxçıvanda Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin «Sarsılmaz qardaşlıq-2019» adlı birgə döyüş atışlı taktiki təlimləri bir daha bu birliyə, həmrəyliyə işıq saldı. Türkiyənin milli Müdafiə naziri Hülusi Akarla Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun Naxçıvanda keçirdikləri görüşdə qeyd etdikləri kimi, hər iki ölkə arasındakı hərbi əməkdaşlıq dostluq, qardaşlıq münasibətləri əsasında möhkəmlənir. «Sarsılmaz qardaşlıq-2019» bütün dünyaya nümayiş etdirdi ki, Silahlı Qüvvələrimiz hər bir vəzifəni təkcə və birgə icra etməyə hazırdır və qadirdir. Eyni fikirləri  Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək keçiriləcək birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri haqqında da söyləmək olar.  Bu təlimlər qardaş ölkənin KİV-lərində  daha çox müzakirə olunmaqda, Azərbaycan-Türkiyə dostluğunun, birliyinin  bariz nümunəsi kimi qeyd edilməkdədir. «Bir millət, iki dövlət» kimi dəyərləndirilən  Azərbaycanla  Türkiyə arasında əlaqələrin inkişafının göstəricisi kimi şərh edilən bu təlimlər, həmçinin  iki ölkənin silahlı qüvvələri arasında əlaqələndirmənin güclənməsinə və qabaqcıl təcrübə mübadiləsinə xidmət edir, regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir.

   İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı Azərbaycan ordusunun qətiyyəti, dövlətimizin mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən böyük dəstək qazandı. Dövlətimizin başçısı İlham Əliyev  Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  diqqəti  beynəlxalq təşkilatların məlum təxribata reaksiyasına yönəldərək bildirmişdir ki, ilk növbədə, qardaş Türkiyəyə və onun Prezidenti, mənim qardaşım Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirirəm. Biz bu günlərdə Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. İlk saatlardan Türkiyənin rəsmi qurumları bu məsələ ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər, açıqlamalar verdilər.  Prezident tərəfindən çox önəmli açıqlama verildi: «Ondan əvvəl Müdafiə naziri, Xarici İşlər naziri, Prezident Administrasiyasının nümayəndələri, deputatlar, ictimai fəallar. Bir daha bütün dünya, Türkiyə və Azərbaycan xalqları gördü ki, biz əsl qardaşıq. Yaxşı günlərdə və ağır günlərdə bir-birimizin yanındayıq. Yəqin ki, həm Türkiyə vətəndaşları, həm Azərbaycan vətəndaşları mənim dəfələrlə dediyim sözləri xatırlayırlar və görürlər ki, mən nə qədər haqlı idim deyəndə ki, dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Bu yaşanan vəziyyət bir daha onu göstərir. Ona görə bir daha qardaş Türkiyə xalqına, onun Prezidentinə Azərbaycan xalqı adından və öz adımdan dərin təşəkkürümü bildirmək istəyirəm.»

       Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir  Putinlə  telefon danışığında da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindən bəhs olunması qardaş ölkənin hər zaman Azərbaycanın yanında olduğunu, Dağlıq Qarabağ  problemini  öz problemi kimi qəbul etdiyini bir daha təsdiqləyir. Eyni zamanda, Türkiyə Prezidenti bu günlərdə Trabzon vilayətindəki Sümela Monastırının ikinci mərhələsinin və buradakı Ayasofya məscidinin bərpadan sonra açılış mərasimində  bu bəyanatla çıxış edib ki,  Azərbaycandakı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək və Vətənlərini müdafiə etmək səylərini də eyni anlayışla dəstəkləyirik. Özümüz və dostlarımız üçün necə lazımdırsa mübarizə aparacağıq.

  Bütün münaqişəli məsələlərin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin vacibliyini bəyan edən rəsmi Ankara dünyadan ikili standartlara son qoymağı tələb edir. Azərbaycana qarşı əsassız  torpaq iddiası ilə çıxış edən Ermənistan Türkiyəyə qarşı   qondarma «erməni soyqırımı» məsələsini irəli sürür. Erməni lobbisinin daha çox olduğu ölkə olaraq Fransa kimi dünyanın böyük dövləti heç bir araşdırma aparmadan, tarixə müraciət etmədən «erməni soyqırımı»nə tanıyıb, bunu digər dövlətlərdən də tələb edirsə, hətta bu ölkədə «erməni soyqırımı»nı tanımayanlara qarşı cəzanın nəzərdə tutulmasını özündə əks etdirən qanun layihəsinin müzakirəsinə şərait yaradılırsa, bu gün təxribatlarını adi hala çevirən Ermənistanın ərköyünlüyünün arxasında nəyin və kimlərin dayandığını geniş şərh etməyə ehtiyac duymuruq.

    Bütün beynəlxalq təşkilatlarda   vahid mövqedən çıxış edən, hər bir məsələyə yanaşmada ədaləti ortaya qoyan Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının birgə fəaliyyəti də diplomatik uğurlarımıza davamlı töhfələr verir. Hazırda dünyanın müxtəlif ölkələrində ordumuza dəstək məqsədilə keçirilən  dins aksiyalarda  azərbaycanlılara, həmçinin  səfirliklər, konsulluqlar və nümayəndəliklərin binalarına hücumlar edən erməni vadalların bu əməlləri beynəlxalq səviyyədə pislənilir, Azərbaycan-Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyəti nəticəsində ermənilərin iç üzləri bir daha dünya ictimaiyyətinə çatdırılır.

 Dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında bu inamı ifadə edir ki, diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın hərb variantını seçəcəyi təqdirdə də qələbəsi şəksizdir. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. İşğalçı dövlət heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil.  Bu fakt inkaredilməzdir ki, Ermənistan xarici iyanələrdən asılı olan ölkədir. İşğalçı dövlətin büdcəsinin 70-80 faizi erməni lobbisinin ayırdığı vəsaitlər hesabına formalaşır. Belə bir vəziyyətdə olan dövlətin güclü iqtisadiyyatdan və ordudan danışması mümkünsüzdür.  Xalqımız əmindir ki, yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli  həllini tapacaq, hər sahədə davamlı uğurları ilə  seçilən, inkişaf strategiyası nümunə göstərilən Azərbaycan daha da qüdrətlənəcək, inkişaf edəcək.
 Ən yüksək tribunalardan səsləndirilən “Bir qarış torpağımız belə düşmənə verilməyəcək”, “Azərbaycan xalqının səbri tükənməz deyil” kimi bəyanatlar  işğalçı Ermənistanı və ona dəstək olan dövlətləri ciddi düşündürməlidir.   
      Təhlil əsasında bu əminliyi də böyük fəxrlə qeyd edirik ki, bütün sınaqlardan şərəflə çıxan Türkiyə-Azərbaycan birliyi sarsımazdır, əbədidir. Dövlətimizin başçısı İlham Əliyev  Azərbaycan və türk əsgərlərinin möhtəşəm paradı ilə bağlı səsləndiridyi  fikirləri yada salmaq istərdik: «Bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir.»

Yeganə Əliyeva, «İki sahil»