11 iyun 2019 11:02
225

Dünyada bərpa olunan enerji üzrə quraşdırılmış güc 8 faiz artıb

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) hesablamalarına əsasən, 2018-ci ildə dünyada bərpa olunan enerji mənbələri üzrə quraşdırılmış güc 2017-ci illə müqayisədə 7,86 faiz artaraq 2350,756 GVt olub.

"İki sahil" Energetika Nazirliyinə istinadən bildirir ki, Azərbaycanda hazırda iri su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı gücü 1276 MVt-dır ki, bu da ümumi elektrik enerjisi istehsalı gücünün 18 faizini təşkil edir.

Bunun da 1135 MVt hidroenerjinin, 66 MVt külək enerjisinin, 37 MVt günəş enerjisinin, 38 MVt bioenerjinin payına düşür.

İRENA-nın hesablamalarına görə, 2018-ci ildə dünyada bərpa olunan enerji mənbələri üzrə quraşdırılmış 2350,756 GVt gücün 70 faizi Çin, ABŞ, Braziliya, Almaniya, Hindistan, Kanada, Yaponiya, İtaliya, Rusiya və Fransanın payına düşüb. Bu ölkələrdə bərpa olunan enerji mənbələri üzrə quraşdırılmış güc ümumilikdə 1659,633 GVt təşkil edib.