14 iyun 2019 21:23
2536

Dünyanın ən böyük və ən fədakar azərbaycanlısı

Bu, bir qürurverici həqqətdir ki, inkişaf edən, qüdrətli Azərbaycan ümummilli lider Heydər Əliyevin millətə ən böyük əmanətidir. Məhz bu dahi şəxsiyyətin 1993-cü ilin iyun ayında Vətənin ən ağır günlərində xalqın təkidli tələbi ilə respublikamıza ikinci dəfə rəhbərlik etməyə başlamasından sonra Azərbaycan müstəqilliyini yenidən itirmək kimi ən dəhşətli təhlükədən qurtarmış oldu. Ən başlıcası isə ölkədə qardaş qırğınının qarşısı alındı, qısa müddətdə ictimai-siyasi sabitlik yarandı. Məhz iyunun 15-də Milli Qurtuluş tariximizin başlanğıcını qoyan Ümummilli Liderimiz Azərbaycanı xilas etdi, vətəndaş həmrəyliyinin əsaslarını yaratdı, insanlarda gələcəyə inam, əzm və iradə, qurub-yaratmaq eşqini bərpa etdi.

Geniş siyasi təcrübəsi, həmçinin böyük dövlətçilik vərdişləri olan Ulu Öndər qısa müddətdə ölkədə siyasi sabitlik yaratmaq, əhalinin sosial-rifahını yüksəltmək, beynəlxalq əlaqələri bərpa etmək, peşəkar ordu quruculuğu ilə məşğul olmaq kimi ciddi vəzifələrin öhdəsindən ağlı, zəkası və zəngin siyasi təcrübəsi sayəsində gəldi. Xüsusən, milli sərvətimiz olan dövlət müstəqilliyimizin qorunub saxlanması onun yenilməz iradəsi və qətiyyəti ilə reallaşdı. O, Azərbaycanı dünyaya müstəqil, demokratik, hüquqi dövlət kimi tanıtdı, burada müstəqil dövlətçiliyin əsaslarını, xalqın iradəsini ifadə edən qanunverici, icra və idarəçilik orqanlarını formalaşdırdı. Məhz güclü dövlətçilik bacarığı, siyasətdə qətiyyətlilik nümayişi onu böyük siyasətçilərin nümunə göstərdiyi və qibtə etdiyi qədər nüfuzlu etmişdi.

Ulu Öndər hətta ümidsiz hesab olunan və heç kəsin gözləmədiyi ən çətin vəziyyətlərdən çıxış yolu tapırdı. Bu isə onda bir Allah vergisi hesab olunurdu. Filosoflardan birinin dediyi kimi, “bir dəyərlər sistemindən digər dəyərlər sisteminə keçmək üçün üç nəsil dəyişməlidir.” Bu mənada, ümummilli liderin qarşısında həmin böyük zamanı qısaltmaq kimi çox ağır və məsuliyyətli bir vəzifə dururdu. Xalq isə Ona inanırdı. İnanırdı ki, O bu dövrü qısa müddətdə, həm də uğurla keçəcəkdir. Ulu Öndərin düşüncəsi, əqli və zəkası, uzaqgörən siyasəti nəticəsində ölkəmiz qısa müddətdə beynəlxalq təşkilatlara üzv seçildi, Avropaya inteqrasiyası sürətləndi. Ən başlıcası isə möhtəşəm neft strategiyası işlənib və həyata keçirilib. Qısa müddətdə öz qüdrətli tərəfdaşları ilə birgə Bakı-Tbilisi-Ceyhan neft kəmərini istifadəyə verməklə dünya neft bazarında layiqli yerini tutdu. Bundan başqa, 1993- 2003-cü illər ərzində 35 ölkəni birləşdirən Böyük İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin reallaşması Ulu Öndərin xalq və millət qarşısında digər böyük xidmətlərindən idi.

Ümummilli liderin ölkəyə və insanlara ən böyük töhfələrindən biri də onun siyasi məktəbində böyük dövlət adamı kimi yetişmiş Prezident İlham Əliyevdir. Cənab Prezident bu gün ölkəmizin inkişafı üçün çox əhəmiyyətli işlər görür. Azərbaycan dövlətinin müsəqilliyini qoruyub saxlayaraq möhkəmləndirir. Eyni zamanda, ölkəmizin iqtisadi tənəzzüldən, iqtisadi dirçəlişə qədər yol keçməsi Ümummilli liderin adı ilə bağlıdırsa, Azərbaycanın bu gün dünyada lider ölkəyə çevrilməsi isə Prezident İlham Əliyevin qlobal siyasətə, modern dövlət quruculuğuna üstünlük verməsinin nəticəsidir.

Prezident İlham Əliyevin məhz fədakar zəhməti sayəsində artıq bölgədə lider dövlətə çevrilmiş Azərbaycan dünya iqtisadi sisteminə inamla inteqrasiya etməkdədir. Bu gün Azərbaycan əgər inkişaf etmiş böyük dövlətlərin zirvə görüşlərinə dəvət olunursa, dövlətimizin rəhbəri cənab İlham Əliyev dünya liderləri ilə dünyanın qlobal problemlərinin həlli ilə bağlı müzakirələrdə nəinki iştirak edir, hətta dəyərli tövsiyələrini verirsə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin qarantına çevrilirsə bunlar, insanlarımızda artıq azərbaycanlı olmaq qüruru yaradır.

Rəşad Cəbrayılov,

YAP Salyan rayon təşkilatının sədri