06 noyabr 2019 13:44
80

“Əbədiyyətin Nəsimi zirvəsi” adlı tədbir

Sumqayıt Dövlət Universitetində Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Əbədiyyətin Nəsimi zirvəsi” adlı tədbir keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri Cəlil Nağıyev, universitetin müəllim və tələbə heyəti iştirak ediblər.

Əvvəlcə qonaqlar universitetin Heydər Əliyev Mərkəzində fotoşəkillər və kitab sərgisi ilə tanış olublar. Nazir müavini Məhəbbət Vəliyeva xatirə kitabına ürək sözlərini yazıb.

Sonra Məhəbbət Vəliyeva universitetin ayrı-ayrı fakültələr, auditoriyalar və laboratoriyalarında, TEMPUS otağı, tədris otaqlarında, kompüter və informasiya, PETRA layihəsi çərçivəsində Təlim və Öyrənmə mərkəzlərində olub, təhsil müəssisəsinin maddi-texniki bazası, tədrisin keyfiyyəti ilə maraqlanıb. Universitetin müəllim-tələbə kollektivi ilə görüşən nazir müavini onları maraqlandıran sualları cavablandırıb və bir sıra tövsiyələrini verib.

Sonra tədbir iştirakçıları universitetin foyesində “Nəsiminin ən yaxşı portreti və qəzəllərinə illüstrasiyalar” mövzusunda təşkil olunan sərgiyə baxış keçiriblər. 

Tədbiri giriş sözü ilə universitetin rektoru Elxan Hüseynov xalqımızın mənəvi dəyərlərinin yaşadılması istiqamətində şair və yazıçıların, mədəniyyət xadimlərinin yubileylərinin qeyd edilməsinin əhəmiyyətindən danışıb.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək Sumqayıt Dövlət Universitetində yenidənqurma və abadlıq işlərinin yüksək səviyyədə aparıldığını diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, bu gün Azərbaycanın nüfuzlu ali təhsil müəssisələrindən biri kimi cəmiyyətin elmi-intellektual potensialının inkişafına töhfələr verən Sumqayıt Dövlət Universiteti əldə etdiyi nailiyyətləri ilə ölkənin kadr potensialının formalaşmasına öz müsbət təsirini göstərir. Məhəbbət Vəliyeva universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi, təhsilin və nizam-intizam keyfiyyətinin yüksəldilməsi istiqamətində diqqətəlayiq işlər görüldüyünü vurğulayıb.

Tədbirin əhəmiyyətinə toxunan Məhəbbət Vəliyeva Azərbaycan mədəniyyəti və ədəbiyyatında özünəməxsusluğu ilə seçilən dahi şair İmadəddin Nəsiminin 600 illik yubileyinin ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ümumittifaq respublikaları səviyyəsində qeyd edildiyini, Nəsimi filminin çəkildiyini, ölkə Prezidenti cənab İlham Əliyev və Azərbaycanın Birinci-vitse Prezidenti Mehriban xanım Əliyeva tərəfindən də Nəsimi şəxsiyyətinə, yaradıcılığına xüsusi ehtiram göstərildiyini diqqətə çatdırıb.

Məhəbbət Vəliyeva İmadəddin Nəsiminin bədii yaradıcılığının Azərbaycan dilinin tarixi inkişafının öyrənilməsində, Azərbaycan şeirinin və ümumiyyətlə, türk ədəbiyyatının təkmilləşməsində müstəsna rolu olduğunu deyib.

Daha sonra çıxış edən BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri Cəlil Nağıyev İmaddədin Nəsiminin zəngin ədəbi irsi, Azərbaycan ədəbiyyatındakı mövqeyindən danışıb. 

Universitetin Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri Avtandil Məmmədov  “Nəsimi poeziyasının hürufi simvolikası”, həmin kafedranın baş müəllimi Zöhrə Qafarova “Şeirin üsyan səsi: Nəsimi və çağdaş poeziya” mövzusunda məruzə ilə çıxış ediblər.

Sonra İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilmiş “Nəsiminin ən yaxşı portreti və qəzəllərinə illüstrasiyalar” mövzusunda rəsm müsabiqəsinin nəticələri elan olunub, qaliblər mükafatladırılıb.

Tədbir bədii hissə ilə davam etdirilib.