07 oktyabr 2019 18:19
105

Əfqanıstanda terror aktı nəticəsində ən azı 10 nəfər ölüb

Əfqanıstanın şərqində yerləşən Cəlalabad şəhərində terrorçu kamikadzenin idarə etdiyi mikroavtobusun təhlükəsizlik xidmətinin əməkdaşlarına bombalı hücumu nəticəsində ən azı 10 nəfərin öldüyü, 27 insanın isə yaralandığı bildirilir.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı şəhərin hüquq-mühafizə orqanları yayıblar. Cəlalabadın daxil olduğu Nanqarhar vilayəti qubernatorunun sözçüsü Ataullah Xoqyani bildirib ki, bomba yüklü mikroavtobus əsgərlərin və dinc sakinlərin, o cümlədən uşaqların olduğu yerdə partladılıb. Vilayət Şurasının üzvü Zöhrab Qaderi məlumat verib ki, yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. Onun sözlərinə görə, ölənlərin sayı arta bilər.

Terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. Bildirilir ki, bu bölgədə fəallaşan “İslam dövləti” terror təşkilatının üzvləri hökumət binalarına, məktəblərə bombalı kamikadze hücumları həyata keçirirlər.