03 sentyabr 2019 11:49
1944

Əhalinin rifah halının yaxşılaşdırılması prioritetdir

Ölkə Prezidenti İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamlarının icrası ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır

“Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki, 2019-cu il sosial islahatlar ili kimi tarixə yazılacaq.

Təbii ki, buna əsas verən təkmil sosial-iqtisadi islahatlar, Azərbaycanın dünyaya təqdim etdiyi yeni iqtisadi və sosial inkişaf strategiyasıdır. Bu mühüm addımlar isə Azərbaycanın dünyaya özünü sosial dövlət kimi təqdim etməsini şərtləndirir. Həyata keçirdiyi siyasətin önündə yeniləşməni, modernləşməni əsas amil kimi önə çəkən Azərbaycan hər zaman ilklərə imza atan ölkə kimi tanınmaqla yanaşı, bu islahatların təməlində vətəndaş amilinə xidmətin dayandığını təsdiqləyir. Azərbaycan brendi kimi dünyaya səs salınan “ASAN xidmət”, “ABAD”, “DOST” layihələri də bunun təsdiqidir. Bu layihələr şəffaflığın artırılmasına, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə,  elektron xidmətlərə keçidin sürətləndirilməsinə, habelə süründürməçilik hallarının qarşısının alınmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir. “Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir” söyləyən cənab İlham Əliyev bildirir ki, “ASAN” bizim milli brenddir. Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. Biz artıq belə xidməti yaratmaq istəyən bəzi ölkələrlə də işləyirik. Buna görə də “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var. Bu il bölgələrdə beş “ASAN xidmət” mərkəzinin yaradılması nəzərdə tutulur, onların sayı 20-yə çatacaq.”

Qeyd etdiyimiz kimi, atılan hər addımda vətəndaş amilinə verilən dəyər daha qabarıq şəkildə özünü büruzə verir. Ailə təsərrüfatlarının inkişafına dəstəyi asan şəkildə həyata keçirən “ABAD”, hər bir vətəndaşın yaxın dostuna çevrilən “DOST” idarəetmədə şəffaflığın qorunmasını, rəqabətin güclənməsini şərtləndirir. Biznesin sadələşdirilməsi, “bir pəncərə” prinsipinin tətbiqi şəraitində əldə olunan uğurlar və təcrübə beynəlxalq səviyyədə yüksək qiymətləndirilir, öyrənilir və tətbiq olunur.  Lazımsız yoxlamaların aparılmasına, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən hüquq- mühafizə orqanlarının bəzi hallarda sahibkarlara problem yaratmasına, lisenziyaların sayının həddən artıq çox olmasına və digər məsələlərə hər zaman çıxışlarında diqqət yönəldən cənab İlham Əliyev qeyd olunan istiqamətlərdə atdığı addımları ilə sahibkarlığın inkişafına, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yaradılan imkanları daha da genişləndirdi. Ölkəmizin cari ildə ev sahibliyi etdiyi  BMT-nin Dövlət Xidmətləri Forumunda qurumun Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin bu fikirlərini xatırlatmaq istərdik ki, Azərbaycan innovativ idarəetmə vasitəsilə inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi yaradıb. Sosial xidmətlərin göstərilməsində dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafə qısalıb və dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı ünsiyyəti şəffaflaşdırıb.

Qlobal dünyanın əsas çağırışlarından olan yoxsulluqla mübarizədə də Azərbaycanın təcrübəsi təqdir olunur. Qeyd edilir ki, yoxsul yox, yaxşı idarə olunmayan ölkələr vardır.  Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan seçilməsində də sosial islahatlar sahəsində əldə etdiyi uğurlar, ən əsası insan amilinə verilən dəyər əsas yer tutur. Qeyd edək ki, BMT İnkişaf Proqramının insan inkişafı indeksinə görə Azərbaycan “orta insan inkişafı” qrupu ölkələrini tərk edərək, “yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil edilib. Bu günlərdə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında təşkil olunmuş Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumda BMT Baş katibinin inkişaf və əlaqələndirmə məsələləri üzrə müşaviri Robert Piper Azərbaycanda aparılan sosial-iqtisadi islahatları və ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində göstərdiyi səyləri yüksək dəyərləndirərək, insan amilinə verilən dəyəri xüsusi olaraq öndə saxlamışdır.

Azərbaycan dövlətinin dayanıqlı inkişafın, yüksək rifahın təmin edilməsi istiqamətində atdığı addımların beynəlxalq səviyyədə dəstəklənməsi yeni iqtisadi və sosial inkişaf modelimizin uğurlu olmasından irəli gəlir. Zamanın, dövrün tələbinə uyğun olaraq təkmilləşmə, iqtisadi imkanların artması fonunda güclü sosial siyasət, aztəminatlı ailələrə xüsusi diqqət və qayğı, özünüməşğulluq proqramının icrasına start verilməsi, müxtəlif kateqoriyadan olan vətəndaşların, ayrı-ayrı müəssisələrdə çalışan insanların əmək haqlarının, sosial müavinətlərinin artırılması, şəffaflığın təminatı məqsədilə “ASAN xidmət”, “ABAD”, “DOST” mərkəzlərinin yaradılması kimi biri-birindən mühüm layihələr ölkədə sabitliyin təminatçısı olan xalq-iqtidar birliyini şərtləndirən amillərdir. Bu baxımdan ki, ölkə əhalisi hər addımda özünə dəstəyi, diqqət və qayğını görür. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi uğurlara yol açır, cəmiyyətdə xoş əhval-ruhiyyə yaradır.

Cənab İlham Əliyev eyni zamanda bildirir ki, elan edilmiş və icra olunan ciddi iqtisadi və sosial islahatlar əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəltməyə imkan verir. 2003-cü ildə keçirilən andiçmə mərasimində əməkhaqlarının, pensiyaların ildə ən azı iki dəfə artırılacağı vədini verən cənab İlham Əliyev son 16 ilə yaxın dövrdə gördüyü işlərlə bunu təsdiqləyir. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin cari ilin ilk aylarından təsdiqlədiyi sosial islahatlar paketi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində inqilabi addımlar kimi dəyərləndirildi. Bu paketdə yer alan  problemli kreditlərin həlli, çoxmərtəbəli binalardakı mənzillərin sənədləşdirilməsi kimi məsələlər əhali tərəfindən böyük rəğbətlə qarşılandı. Dövlətimizin başçısı İlham Əliyev problemli kreditlərin həlli məsələsinə diqqət yönəldərək bildirmişdir ki, bizim iqtisadi və maliyyə imkanlarımız artdıqca, ilk növbədə, vətəndaşları narahat edən bu məsələni həll etdik: “Bir neçə ölkədə bu məsələ ilə bağlı müəyyən addımlar atılmışdır, müqayisə aparmaq istəmirəm. Ancaq deyə bilərəm ki, bu məsələ ən genişmiqyaslı və vətəndaşları təmin edəcək şəkildə, ədalətli şəkildə Azərbaycanda həll olunub. Nə üçün? Ona görə ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz Azərbaycan vətəndaşının rifahı üçün əlimizdən gələni edirik. Beləliklə, 100 minlərlə insanı narahat edən bu məsələ də uğurla həll olundu.”

Ölkə Prezidentinin təqdim etdiyi birinci sosial islahatlar paketi nəticəsində, həmçinin minimum əməkhaqqı martın 1-dən 40 faizədək artırılaraq 130 manatdan 180 manata, pensiyaların minimum məbləği isə 40 faiz artırılaraq 116 manatdan 160 manata çatdırıldı. Həmin artımlardan 800 mindən çox insan bəhrələndi. Aprel ayının 1-dən sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirilib. Belə ki, ölkə Prezidenti İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları insan amilinə dəyəri bir daha ortaya qoymaqla yanaşı, onların sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən addımların davamlı xarakter aldığını təsdiqlədi. İmzalanan 17 Sərəncamla minimum əməkhaqqının, müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olundu. Bu sənədlərə əsasən,  minimum əməkhaqqının məbləği cari ilin sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırıldı. Artıq sərəncamların icrası həyata keçirilir.  Həmçinin dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə pensiyaların minimum məbləği oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq.

Göründüyü kimi, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Ən əsası uğurlu addımlar və nəticələr dövlətimizin başçısı İlham Əliyevin ilin əvvəlində səsləndirdiyi “2019-cu il sosial islahatlar ili kimi tarixə yazılacaq” proqnozunu reallıqda təsdiqləyir. Özünüməşğulluq proqramının icrası, kiçik və orta sahibkarlığın inkişafına lazımi dəstəyin göstərilməsi də sosial rifahın yüksəlməsinə yönələn addımlar sırasındadır. “Gələcəkdə biz bu istiqamətdə addımlarımızı atacağıq. Əminəm ki, qarşıda duran bütün vəzifələr uğurla icra ediləcək” tam əminliklə  söyləyən cənab İlham Əliyev bildirir ki, ölkə uğurla inkişaf edir: “Ölkəmizdə sabitlik təmin olunur. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Siyasətimizə göstərilən dəstək bizi gücləndirir. Əlbəttə ki, biz daha inamla irəliyə, nikbinliklə gələcəyə baxırıq. Çünki ölkə qarşısında duran bütün vəzifələr icra edilir.”

Y.Əliyeva,

“İki sahil”