Cari ilin dekabr aynın 23-də Azərbaycanda yerli özünüidarəetmə orqanlarına sayca beşinci seçkilər keçiriləcək. Bələdiyyələr də Azərbaycanda aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində fəallıq göstərir, insanların etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa çalışırlar.
Bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində müsbət təcrübə əldə etmiş, fəaliyyətlərində şəffaflığa, icra orqanları və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələrin qurulmasına nail olmuş, cəmiyyətdə rolu artmışdır.
Mərkəzi Seçki Komissiyasının qərarına uyğun keçiriləcək növbəti bələdiyyə seçkilərinə ciddi hazırlıq görülür. Artıq xalqla dövlət arasında körpü olan bələdiyyə seçkilərinin ilk mərhələsi olan imzatoplama kampaniyasına start verilib. Səsvermədə iştirak edəcək seçicilər ən layiqlilərə etimad göstərmək üçün imzatoplamada fəal iştirak edirlər. Təcrübə göstərir ki, ildən-ilə təkmilləşən, idarəçilik bacarığına, zəngin təcrübəyə, ictimaiyyət arasında hörmət və etimada malik kadrlar hesabına formalaşan bələdiyyələrə inam artmaqdadır.
Seçicilərlə görüşlərində bələdiyyələrin cəmiyyət həyatında mühüm yer tutduğunu diqqətə çatdıran namizədlər son illərdə respublikada aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərində bələdiyyələrin artan rolundan danışır, yerli özünüidarəetmə orqanlarının qanunvericilik bazasının daim təkmilləşdiyini söyləyirlər.
YAP Yasamal rayon təşkilatından builki seçkilərdə 19 nəfər partiya üzvü namizədliyini irəli sürüb. Qanunvericiliyə əsasən seçkilərdə iştirak etmək üçün ilk mərhələ kimi hər bir namizəd 200 seçici imzası toplamalıdır. YAP Yasamal rayon təşkilatından verilən açıqlamalara görə, namizədlər rayonun ərazisində yerləşən Hüseyn Cavid prospektində, Abbas Mirzə Şərifzadə, İbrahim Əbilov, Mikayıl Müşviq, Bəsti Bağırova, İslam Səfərli küçələrində yaşayan sakinlərlə görüşmüş, bələdiyyələrin ölkə həyatındakı rolundan danışmış, imzatoplama kampaniyasının əhəmiyyətini diqqətə çatdırmışlar. İmzatoplamada fəallıq göstərən seçicilər 23 dekabra təyin olunan səsvermədə də yekdilliklə iştirak edəcəklərini bildirirlər.
Namizədlər Tbilisi prospekti 19, 23, Ş.Əzizbəyov küçəsi 56, 61, 68, 70 saylı binalarının sakinləri ilə görüşmüşlər. İmzatoplama kampaniyasında seçiciləri ilə söhbət edən, onlarla tanış olub, görəcəkləri işlər barədə danışan namizədlər respublikada aparılan quruculuq işlərində bələdiyyələrin rolundan söz açırlar. Son illərdə Azərbaycanın siyasi, iqtisadi sahədə qazandığı uğurlarla qürur duyduqlarını bildirən sakinlər paytaxtımızda, bölgələrdə aparılan quruculuq işlərindən məmnun qaldıqlarını bildirirlər.
Seçici Xalidə Mustafayeva, Əbilov küçəsi 27 saylı evin sakini:
- Bütün seçkilərdə iştirak edirəm. Azərbaycanın daha qüdrətli olmasını istəyirəm. Hər gün müşahidə etdiyimiz iqtisadi inkişafın, quruculuq və abadlığın daha geniş miqyasda tətbiqini istəyən hər bir insan təbii ki, bu təmələ əsaslanan davamlı inkişafa səs verəcək. Rayonumuzda aparılan quruculuq işlərini hər gün müşahidə edirik. Yollar təmir olunur, yeni istirahət mərkəzləri salınır. Bu işlərdə bələdiyyələrin fəaliyyətini yüksək qiymətləndirirəm. Seçkilərdə ən layiqli namizədə səs verəcəyəm.
İmzatoplama kampaniyası davam edir.
Xuraman İsmayılqızı, “İki sahil”