09 noyabr 2026 17:43
247

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş konfrans keçirilib. Tədbirdə Türkiyə və Pakistanın Küveytdəki səfirləri, diplomatik korpusun nümayəndələri, bu ölkədə yaşayan və fəaliyyət göstərən azərbaycanlılar, tələbələr, eləcə də yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda çıxış edən səfir Emil Kərimov Zəfər Gününün xalqımızın müasir tarixində mühüm yer tutduğunu bildirib. O, 2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin ölkəmizin ərazi bütövlüyünün bərpasında həlledici rol oynadığını, Şuşanın azad edilməsinin müharibənin gedişində dönüş nöqtəsi olduğunu və 2023-cü ilin sentyabrında dövlət suverenliyimizin tam bərpa edildiyini vurğulayıb.

Səfir Azərbaycanın bu tarixi nailiyyətlərinin əldə olunmasında Ordumuzun qəhrəmanlığından və şəhidlərimizin fədakarlığından bəhs edib. O, həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, müasir infrastruktur layihələri və “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı barədə məlumat verib. Mina təhlükəsinin bu proses qarşısında ciddi maneə olaraq qaldığını diqqətə çatdırıb.

Emil Kərimov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində əldə olunan irəliləyişlərə də toxunub. O, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin və sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasının regionda davamlı sülhün təmin edilməsi baxımından əhəmiyyətini qeyd edib. Diplomat Azərbaycanın sülh gündəliyinə sadiqliyini, tranzit məhdudiyyətlərinin aradan qaldırılması, ticarət əlaqələrinin inkişafı və TRIPP təşəbbüsü kimi regional nəqliyyat layihələrinin Cənubi Qafqazın iqtisadi potensialının genişləndirilməsinə töhfəsini vurğulayıb.

Konfransda çıxış edən Türkiyənin Küveytdəki səfiri Can Oğuz və Pakistanın səfiri Zəfər İqbal Azərbaycan xalqını Zəfər Gününün altıncı ildönümü münasibətilə təbrik ediblər. Diplomatlar ölkələrinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini ifadə edərək, Azərbaycan, Türkiyə və Pakistan arasında mövcud olan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıblar.

“Vətənsevər” Azərbaycan–Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə çıxışında bu əlamətdar günün xaricdə yaşayan soydaşlarımız arasında milli birlik və həmrəyliyin möhkəmlənməsində xüsusi rolunu qeyd edib.

Tədbir çərçivəsində Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbəyə, ərazi bütövlüyü və dövlət suverenliyinin bərpasına, eləcə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinə həsr olunmuş videomaterial nümayiş etdirilib.

Konfransın sonunda ziyafət təşkil olunub.