İki gün bundan əvvəl Müsavat Partiyasının başqanı Arif Hacılının təşəbbüsü ilə müxalifətin “dəyirmi masa” adlı növbəti şou-müzakirəsi keçirilib. Təbii ki, bu, gündəmdə qalmaq, ictimaiyyətin diqqətini öz üzərində fokuslaşdırmaq cəhdindən başqa bir şey deyil.
Həmin müzakirələrdə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, keçmiş səhiyyə naziri Əli İnsanov, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, Xalq Partiyasının sədri Pənah Hüseyn, AXCP sədri Əli Kərimli, Hikmət Hacızadə iştirak ediblər. Demək olar ki, köhnə , ənənəvi tərkib, necə deyərlər, tanış üzlər, tanış səslər. Yalnız korrupsiyaçı, rüşvətxor, tayfabaz, qisasşı keçmiş nazir Əli İnsanov guya müxalifətin birliyi məsələlərinin müzakirəsi görüntüsünü yaratmağa cəhd edənlərin arasında yeni peyda olmuşdu. Nə qədər əcaib bir mənzərədir. Şübhəsiz, hələ nazir vazifəsində işləyərkən müxalifəti ən ağır sözlərlə təhqir edən, mediaya qarşı amansız olan, qeyri-hökumət təşkilatlarını agent, satqın adlandıran, ona müraciət edərək bir məsələ ilə bağlı rəy bildirməsini xahiş edən xanım jurnalistə, konkret “rədd ol” deyən, müxalifəti xəyanətkarlıqda, ermənilərlə işbirliyində ittiham edən, hətta Müsavatın o zamankı başqanı İsa Qəmbəri “nasist”, “genetik xəstə” adlandıran Əli İnsanovun bu gün isə onunla və onun əqidədaşları ilə yan-yana oturması insanlarda acı gülüş və ikrah hissi doğurduğu kimi, sıravi müxalifətçilər tərəfindən də qəzəblə qarşılanıb. Bunu “dəyirmi masa”ya, orada müzakirə olunan məsələlərlə bağlı yazılan şərhlərdən açıq-aşkar görmək olur: “Vaxtilə adı rüşvətdə, korrupsiyada hallanan adam nə gəzir aranızda? Sizin üçün it olsun, qurd olsun, amma hakimiyyətə qarşı çıxsın. Ermənilərə də işləyərsiz belə getsə”, “Regionçuluq yaradan bir nömrəli şəxs siz deyilsiniz? Bütün vəzifəli şəxslər ermənistanlı olmalıdır deyən siz deyilsiniz?”.
Bəli, informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beyinin funksiyalarından və fəaliyyət növlərindən biri olan yaddaş öz sözünü deyir. İndi ötən əsrin 90-cı illəri deyil, insanlar ayıq-sayıqdır, ağı-qaradan seçməyi yaxşı bacarır. Hər kəs yaxşı anlayır ki, Ə.İnsanovun həmin tədbirə dəvət edilməsi, ona “məclisin ağsaqqalı” kimi xitab olunması bu qoca korrupsioner həkimə olan simpatiyadan deyil, birinci növbədə onun cibi ilə bağlıdır. Bu gün AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər və ordakıların hamısı Ə.İnsanova bir pul kisəsi, əmtəə kimi baxırlar. İqtisadiyyatdan az-çox başı cıxanlar isə yaxşı bilirlər ki, əmtəə-iqtisadi nəzəriyyədə insanların istəklərini qarşılayan və faydalılıq təmin edən materialdır. Yəni təbii daş bir ustanın əlində nədirsə, Ə.İnsanov da qrantlara, çirkli pullara,cah-cəlala alışan radikal müxalifətin əlində o cür qiymətli və unikal bir materialdan başqa bir şey deyil. Əgər belə olmasaydı dəyirmi masanın tamadası A.Hacılı “əlifba sırası” priyomu ilə ilk sözü heç Ə.İnsanova verməzdi. Vay bə, ay pul sən nələrə qadir imişsən?.. Belə yerdə dahi Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettası əsasında ekranlaşdırılmış məşhur filmdəki qonaqlıq səhnəsində qəzetçi Rza bəyin Rüstəm bəyin Məşədi İbada qızını verməsi ilə bağlı zərbi-məsələ çevrilən bir deyimini xatırlamaq lap yerinə düşür: “Kişiyə yox, kişinin puluna”.
Təəssüf ki, acı reallıq belədir. Bunu cəmiyyətin hər bir üzvü, necə deyərlər, “7-dən 70-yə hər kəs bilir, anlayır, baş verən rəzaləti ikrah hissi ilə qarşılayır. Sosial şəbəkələrdə bu “dəyirmi masa” və onun iştirakçları ilə bağlı yazılanlar da bunu sübut edir. Ə.İnsanovun vaxtilə müxalifət, xüsusi ilə İ.Qəmbər haqqında dedikləri xatırlanır, bu gün onların bir masa arxasında oturması ironiya ilə qarşılanır və sual olunur: İsa Qəmbər Əli İnsanovun ona qarşı faşist ittihamını uddumu? Digər tərəfdən görəsən Əli İnsanov vaxtilə “genetik xəstə” adlandırdığı İsa Qəmbəri və onun yanındakıları müalicə edə biləcəkmi?...
Zahid Rza, “İki sahil”