Məlumdur ki, Əli İnsanov nazir işlədiyi vaxtda müxalifətə nifrət etdiyini açıq bildirir, jurnalistləri isə rədd edirdi. O, siyasət adamı da deyildi. Məşədi İbad deməli, bəs Əli İnsanovun məhz nəyi onları cəlb edib? Sualın bir cavabı var: pulu.
Pul iyi gələn yerdə həmişə qazdan ayıq olan AXCP və “Milli Şura” kimi qurumların və onların təbliğat ruporu olan sosial şəbəkələrin İnsanov ətrafında var-gəl etmələri, onun adını gündəmə çıxarmalarına nail olmaları, əslində bir çox mətləblərdən xəbər verməkdədir. Bir vaxtlar Əli İnsanovun səhiyyə naziri olduğu dövrdə onun dövlətdən çapıb-taladığı milyonları barədə yazanlar, korrupsioner olduğunu, jurnalistləri təhqir etdiyini qabardanlar demək olar ki, hər gün səhifəsində “yıxıb-sürüyən” palaz yazılar verənlər də, bu gün onun təbliğatını aparan buqələmunlardır. Bu zaman istər-istəməz belə bir sual yaranır ki, bir insan məlum cinayətlərinə görə həbsə düşdüyü müddətə qədər müxalifətin ən qatı düşməni idisə, nə üçün həbs olunan kimi onların dostuna çevrildi? Əslində, bu sualın özündə bir sıra cavablar tapmaq çətin deyil. Məsələn, bu gün onun “HƏP”imiz müxalifətçiyik” kontekstində “lider” kimi “birləşdirici” rol oynayacağını deyənlər, əslində puluna, varına-dövlətinə göz dikiblər. Qısaca desək, siyasi baxışlarını yüz dollara satanlar üçün hətta onların nəsil-nəcabətlərini söyüb ciblərinə pul qoyanlar da liderə çevrilə bilər. Fakt da budur ki, bu gün əqidəsiz insanlar kimi tanınan pul hərisləri indi Əli İnsanovun qoltuğunun altına qarpız-yemiş verməklə, ondan para qopara biləcəklərini düşünürlər. Onu da qeyd etmək lazımdır ki, müxalifət düşərgəsindəki bir çox partiyalar heç də belə mövqe tutmurlar. Bu partiyaların rəhbərləri lap əvvəldən Əli İnsanovu dəstəkləməyəcəklərini bəyan ediblər.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu sabiq nazir hələ həbsdə olarkən maraqlı fikir söyləmişdi. O demişdi ki, uzun müddət həbsdə olan İnsanovun “müxalifətin əsas ümid yeri” kimi təqdim edilməsinə səbəb varidatıdır: “Onun mövqeyini bölüşənlər, dəstək verənlər, varidatına göz tikib, gələcəkdə bölüşdürmək istəyənlər mövcuddur. Amma Əli İnsanovun siyasi partiyaları birləşdirəcək şansının olduğunu düşünmürəm. Zamanın nə göstərəcəyi başqa məsələdir. Bizim partiyamız kiminsə ətrafında ola bilməz...”
Vaxtaşırı KİV-lərin gündəminə gələn Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də bir zaman qeyd etmişdi ki, müxalifətin Əli İnsanovun ətrafında birləşmək məsələsi reallıqdan uzaq olan bir məsələdir: “Bu gün mən özüm çalışıram ki, kimlərsə ətrafımda birləşsinlər: Bu günə qədər həbsdən buraxılan insanların hansı nə edib ki, Əli İnsanov da nəsə etsin...Əli İnsanov məsələsi ehtiyatlı məsələdir”.
Lakin harada aş, orada baş olan Müsavatla AXCP başbilənləri Əli İnsanova qoşulmağı çoxdan arzulayırdılar, xalq arasında deyildiyi kimi, istədiyi yar idi, yetirdi pərvərdigar. İndi Əli Kərimli ilə Arif Hacılı ağızları sulana-sulana ondakı pulları necə çırpışdıracaqları barədə planlar üzərində baş çatladırlar. Əli İnsanov tələnin birinə düşüb, yəni onlarla işbirliyinə getməyə razılıq verib. Artıq şeytan yuvasının kandarına ayaq basan HƏP sədri Əli İnsanovun onun üçün hazırlanan labirintlərdən necə çıxacağını və ya çıxa bilməyəcəyini isə yaxın gələcək göstərəcək.
Vəli İlyasov, “İki sahil”