09 oktyabr 2019 18:48
116

Əli Kərimli niyə əl-ayağa düşüb?

Fikirləri ictimai rəy üçün tamamilə əhəmiyyətsiz olan AXCP sədri anlayır ki, artıq heç bir siyasi çəkisi və nüfuzu qalmayıb

AXCP sədri Əli Kərimlinin yürütdüyü “siyasətin” hər bir addımında xəyanətin, dövlətçilik maraqlarını satmağın izləri dayanır və artıq kifayət qədər sübutlar mövcuddur. Lakin ortada minlərlə ifşaedici faktların olmasına baxmayaraq, o, nadir həyasızlıq nümunələrini ortalığa atmaqla, iqtidara iddialı olan “ana müxalifət” partiyasının sədri kimi bu və ya digər şəkillərdə özünü xalqa zorla sırımaqda davam edir.

Mitinq və aksiyalarında pafoslu çıxışları, qaragüruhçuluğu və haray-şivənçiliyi ilə ətrafına uzağı 2-3 min nəfər yığmağı bacaran Ə.Kərimli hələ də həmin gülünc iddialarında qalmaqda davam edir, hələ də sanır ki, bu minvalla - xəyanət və satqınlıq yolunu tutmaqla hakimiyyətə yiyələnə biləcək. Lakin təəssüf ki, Kərimlinin ətrafına onun yalan və şirin vədləri ilə toplaşmış bir qrup gənc nəslin nümayəndələri də dərin qış yuxusuna gedərək, “liderləri” barədə müfəssəl məlumatlara malik olmadıqlarını nümayiş etdirirlər. Misal üçün, bilmirlər ki, onları yalnız öz məkrli məqsədləri üçün alət olaraq istifadə edən AXCP sədri son məqamda elə onlarıca, yarı yolda qoyub-qaçacaq. Bu gün təhsillərini, gələcəklərini, hətta ailələrini belə ataraq, Ə.Kərimlinin “ətəyindən” yapışan bəzi gənclər yaxşı olardı ki, bir balaca geriyə dönüb-həyatları puç olmuş daha öncəki illərin kərimovçu gənclərinə nəzər salsınlar...

İndi də sosial şəbəkələrdə AXCP rəhbərinin süni şəkildə nüfuzunun artırılmasına hesablanmış qəribə bir tendensiya müşahidə edilir. Bəzi AXCP-yə yaxınlığı ilə seçilən müxalif şəxslər Əli Kərimlinin tərifi ilə məşğul olmağa başlayıblar ki, bunların arasında da xaricdə yaşayan və yalandan siyasi mühacir adı almış “söyüşcül dəstə”nin üzvlərindən olan Məhəmməd Mirzəli daha çox diqqət çəkir.

Məhəmməd Mirzəli AXCP-nin və onun əlaltısı rolunu oynayan dünənki biabırçı “piket-şousu” ərəfəsində guya sosial şəbəkələrdə obyektiv sorğu keçirib ki, daha çox kimin nüfuzlu siyasətçi olmasının nəticələrini ortaya qoysun. Amma məlum “piket”dən bir gün qabaq açıqladığı nəticələrdə bir neçə gülməli məqam var. Əvvəla, maraqlıdır ki, sorğu AXCP-nin anormal məsələlərlə gündəmə gəldiyi vaxtlarda başladıldı və piketə bir gün qalmış da nəticələr açıqlandı. İkincisi, guya sorğunun nəticəsinə görə, irəlidə olan şəxs Əli Kərimli oldu. Üçüncüsü isə bu necə sorğu idi ki, digər müxalifətçi siyasətçilərin, partiya rəhbərlərinin adları o sorğunun nəticəsində görünmədi?! Yəni doğrudanmı Müsavat, ReAl partiyaları yaddan çıxıb? Yoxsa bilərəkdən gözə soxmaq üçün yalnız Əli Kərimli ilə iqtidarın üz-üzə qoyulduğu sorğu idi? Ümumiyyətlə, Məhəmməd Mirzəlinin özü də, səhifəsi də zatən ciddiyə alınmırdı. Bu adamın Tural Sadıqlı ilə ötən ilin sonunda ailə səviyyəsində olan söyüşlərə qədər qalxmış münaqişəsi də yaddan çıxmayıb. Ortada bir qrant yeyintisi faktının olduğunu qabardan Məhəmməd Mirzəli öz çörək kəsdiyi dostunu belə, istənilən vaxt uçuruma atmağa hazır olduğunu göstərmişdi. İndi isə adam yalnız öz səhifəsində yaydığı dezinformasiyalar, diqqət çəkmək üçün şişirdilmiş, absurd başlıqlarla dolu videolar hazırlamaqdan başqa bir işlə məşğul olmur. Onun hazırladığı sorğudan hansı obyektivliyi gözləmək olardı axı?

Sevinc Azadi, “İki sahil”