Və ya bataqlıq təsəvvürü yaradan populist vədlər
AXCP-nin sədri Əli Kərimlinin illərdən bəri kif atmış fikirlərini yenidən gündəmə gətirməsi göstərir ki, bu şəxsin həqiqəti dərk etmək, reallığı qiymətləndirmək, olanlardan dərs almaq bacarığı olmayıb, olmayacaq da. Aldığı qrantların faizinə görə populist çıxışlar edərək, xüsusilə siyasi hazırlığı olmayan gənclərin şüurunu korlayan Əli Kərimlinin yaxınlarına belə kələk gəlməsini, əzəli rəqibi olan Müsavata qarşı apardığı kampaniyaları xatırlamaqla onun haqqında tam təsəvvürə malik olmaq mümkündür. Bu insanın xarakterik xüsusiyyətinin əsas amili başqalarına həqarətlə baxmaq, gördüyü bütün yaxşılıqları inkar etmək, hamıya “bataqlıq təsəvvürü” ilə yanaşmaqdır.
İllərdən bəri özünü ana müxalifət kimi təqdim etməyə çalışan, düşərgədə partiyadaxili çəkişmələrin müəllifi kimi tanınan Əli Kərimli Müsavatın sabiq başqanı İsa Qəmbəri çıxdaş etməklə kifayətlənməyərək indi də ələ keçirdiyi “Milli Şura”da “obşaklıq” edir. “Milli Şura”nın formal sədri Cəmil Həsənliyə barmaq silkələyən, qapaz altında saxlayan, heç vaxt yenilik barədə düşünmədiyi üçün “islahatçı sədr” adına yamaq olan Əli Kərimlinin əsas amalı ağı qara rəngində görmək, yaxşıya pis çamuru yapışdırmaqdır.
Ötən illərin hadisələri də göstərir ki, Azərbaycanın adı hansısa nüfuzlu təşkilatda lider kimi səslənəndə, uğurları artanda Əli Kərimlinin “vətənsizlik” allergiyası başlayır. Ölkəmizin dünya miqyasında qazandığı uğurların işığından gözləri qaranlıq gətirən Əli Kərimli özünün yalanları ilə kifayətlənməyərək Avropa Parlamenti kimi anti-Azərbaycan dairələrə qərəzli məlumatlar verməklə, xarici ölkələrdə yaşayan milli agentura şəbəkəsini təlimatlandırmaqla xain, məkrli vərdişlərini davam etdirir. Uzun illər bu taktika ilə gündəmdə qalmağa çalışan, pul verib, şirnikləndirdiyi adamları aldadaraq köhnə bayatılarını təkrarlayan Əli Kərimli bu günədək adı hallanan məhkəmələrdən xəcalət çəkmədiyi bir yana, yeni maliyyə mənbələrini axtarmaqdan da əl çəkmir. Rusiyada çalışan azərbaycanlılarla başqaları vasitəsilə əlaqə yaradaraq onlardan pul qoparan Əli Kərimli pis əməllərinə şərik etdiyi insanların taleyi üçün də narahatlıq keçirmir. Hazırda məhkəməsi davam edən həmin şəxslərin açıqlamalarından da aydın olur ki, FETO şəbəkəsinin maliyyəsindən yararlanan, Sorosdan külli miqdarda pul qoparan, Azərbaycana qarşı təxribatlar törətməklə erməni lobbisinin ayırdığı dilənçi payına göz dikən, din pərdəsi altında terror törədənlərə göstərdiyi dəstək üçün radikal qruplardan pay uman Əli Kərimlinin heç bir varidatının olmadığı barədəki boğazdan yuxarı “andiçmələri” də elə əməli kimi gözdən pərdə asmaqdır.
Dəfələrlə prezident və parlament seçkilərində iştirak etsələr də hakimiyyətdə olduqları dövrdə Azərbaycanı parçalanmaq həddinə çatdıran AXC-Müsavat iqtidarına “yox” deyən xalq siyasi kampaniyalarda da onları elə qutuda saxladılar. Etimadsızlıq göstərərək bildirdilər ki, antimilli dairələrə Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. “Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır” söyləyən Prezident İlham Əliyevin ətrafında sıx birləşən xalqın dövlət başçımıza olan etimad və inamından qısqanan “əlilər” varlıqlarını bildirmək üçün xəyanətlərə əl atırlar. Şəhid ruhlarına hörmət etməyən bu ünsürlər mənfur niyyətlərini həyata keçirmək üçün azadlıq, Vətən, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş nakamlarımızdan belə vasitə kimi istifadə etməyə çalışırlar. Təki Əli Kərimlinin bitib- tükənməyən iştahasına uyğun məbləğ toplanılsın. Amma atalar demişkən göz aclığını ən zəngin xəzinə belə doydura bilməz. Müxtəlif kanallar vasitəsilə aldığı pulları şəxsi maraqları naminə xırıd edən Əli Kərimli kağız üzərində “Milli Şura”nın sədri olan Cəmil Həsənlinin payına belə şərik çıxır. Oğlu Türkelin sosial şəbəkələrdə yayımlanan, ermənilərlə birlikdə təşkil etdiyi məclislər dollarların harada xərcləndiyini açıq-aşkar bəlli edir. Bu görüntülərdən də utanıb, xəcalət çəkməyən Əli Kərimli yenə də özünə haqq qazandıraraq demokratiyadan, insan hüquqlarından, ədalətdən, bərabər yaşamaq qaydalarından ağzı köpüklənə-köpüklənə danışır, olmayan vicdanının təmizliyindən söz açır. Elə buna görədir ki, artıq insanlar Əli Kərimlinin ağalarının tapşırıqlarına uyğun təşkil etdiyi mitinqlərə getmir, daha qüdrətli Azərbaycan naminə çalışan cənab İlham Əliyevlə birlik , həmrəylik göstərirlər. Sağlam düşüncəli hər bir insan bilir ki, Vətən onu sevənlər üçün doğma, əziz, toxunulmazdır. Əli Kərimli kimiləri üçün isə pul mənbəyi, alver vasitəsidir.