04 dekabr 2020 17:40
1082

Əlisahib Hüseynov: Hər il bu təqvim günlərini tarixi Qələbəyə aparan yolun başlanğıc və son akkordları kimi qürurla qeyd edəcəyik

Anım Gününün və Zəfər Gününün hər il ümummilli səviyyədə qeyd edilməsi gənclərimizdə vətənpərvərlik hisslərinin formalaşmasına və qan yaddaşının güclənməsinə yardımçı olacaq

 “Dövlətimizin başçısı İlham Əliyevin imzaladığı sərəncamlara əsasən,  27 sentyabrın Anım Günü, 8 noyabrın isə Zəfər Günü elan edilməsi 44 günlük müharibənin xalqımızın taleyindəki önəmli rolunu qabarıq şəkildə göstərən amildir. Bu qərarları cəmiyyət olaraq hamımız gözləyirdik. Çünki xalq olaraq, cəmiyyət olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizi anmaq və onların unudulmaması üçün xatirələrini əbədiləşdirmək hamımızın mənəvi borcumuzdur. Həmçinin təqvimimizdə Zəfər Gününün olması da tamamilə təbiidir.  Qarabağın incisi Şuşa şəhərinin  iyirmi səkkiz illik əsarətdən sonra işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də qeyd ediləcək. Tariximizdə və taleyimizdə böyük dönüş baş verdi. 8 noyabr işğaldan Qələbəyə dönüş günümüzdür. Həmin andan, həmin gündən etibarən tariximizin yeni mərhələsi başlandı. Ordumuzun şücaəti, Ali Baş Komandanımızın müdrikliyi və sərkərdəlik məharəti sayəsində illərdən bəri ruhumuzu əzən mənfur işğala son qoyuldu və işğal tarixi zəfər tarixi ilə əvəz olundu. 27 sentyabrın Anım Günü, 8 noyabrın Zəfər Günü elan edilməsi zamanın doğurduğu zərurət və qanunauyğunluq kimi qiymətləndirilməlidir. Bundan belə hər il bu təqvim günlərini bizi tarixi Qələbəyə aparan yolun başlanğıc və son akkordları kimi qürurla, fəxr hissi ilə qeyd edəcəyik. Anım Günü və Zəfər Gününün hər il ümummilli səviyyədə qeyd edilməsi millətimizin ruhunu daim diri saxlamağa, gənclərimizdə vətənpərvərlik hisslərinin formalaşmasına və qan yaddaşının güclənməsinə yardımçı olacaq.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov söylədi.

Partiya sədri qeyd etdi ki, 27 sentyabr-Anım Günü və 8 noyabr-Zəfər Günü barədə imzalanan sərəncamlar ölkədə vətəndaş-dövlət birliyini, milli həmrəyliyi daha da gücləndirəcək: “Biz bu müharibədə Ordu-Ali Baş Komandan birliyini ortaya qoyduq. Bu 44 gündə milli həmrəyliyimiz ən yüksək halı ilə təzahür etdi. Ölkəmizin fərqli siyasi mövqeyə, fərqli ideoloji yönə malik olan siyasi qüvvələri konsensus nümayiş etdirdilər, ordumuzun və Ali Baş Komandanımızın ətrafında birləşdilər. Orduya könüllü yazılanların, ön cəbhəyə, döyüşə can atan vətəndaşlarımızın sayı o dərəcədə çox idi ki, bu böyük qüvvə ilə bir müharibənin yox, bir neçə müharibənin öhdəsindən gəlmək olardı. Azərbaycandan fərqli olaraq həmin vaxt Ermənistanda isə əsgər qüvvəsi çatışmadığına görə, yaşlıları və 14-15 yaşlı yeniyetmə gəncləri də məcburi səfərbərliyə cəlb edirdilər. Eyni zamanda Ermənistan ordusunda fərarilik baş alıb gedirdi. Ali Baş Komandanımızın mətin iradəsinə güvənən və xalqdan güc alan müzəffər Azərbaycan Ordusu isə 44 günlük İkinci Qarabağ müharibəsinin gedişində tutduğu mövqelərdən bir addım da geri çəkilmədi. Bir əsgərimiz də fərarilik etmədi. Ordumuzun döyüş ruhu o qədər yüksək idi ki, hətta yaralanan hərbçilərimiz də yenidən döyüşə can atırdılar. Bunu düşmən tərəfin generalları və siyasətçiləri də etiraf edirlər. Bax budur azərbaycanlının mənfur düşməndən fərqi, budur Azərbaycandakı milli birliyin gücü! Xalq- Ali Baş Komandan-Ordu birliyi həqiqətən də böyük xariqələr yaratdı. Cənab Prezidentin təbirincə desək, biz bu 44 gündə düşmənin başını əzən dəmir yumruğa çevrilməyi bacardıq.”

Ə. Hüseynov vurğuladı ki, Azərbaycan xalqı bundan sonra hər zaman bu zəfərin sevincini yaşamağa layiqdir: “Müzəffər Azərbaycan Ordusu vandallıqdan və işğalçılıqdan heç cür əl çəkmək istəməyən düşmənin başını döyüş meydanında əzməklə həm zəfərə imza atdı, həm də BMT-nin 30 ilə yaxındır kağız üzərində qalan qətnamələrini gerçəkliyə çevirdi. Çünki bu qələbəmiz sıradan bir qələbə deyil. Çünki cəmi 44 gün ərzində - yəni 30 illik tarixi olan bir müharibəni çox qısa bir müddətdə minimum itkilərlə başa vurmağımızı, torpaqlarımızı düşmən işğalından azad edəcəyimizi heç kim gözləmirdi. Nəzərə alaq ki, ölkəmiz postsovet ölkələri arasında münaqişə ocağı olan yeganə ölkə deyildi. Başqa respublikalarda da Dağlıq Qarabağ münaqişəsinə oxşar problemlər var. Amma bu problemi həll edən və ölkəmizin ərazi bütövlüyünü bərpa edən yeganə ölkəyik. Bu, başqaları üçün əlçatmaz görünə bilər, amma bir reallıqdır, həqiqətdir. Biz mümkün olmayanı etdik. Bir ilkə imza atdıq. Odur ki, bu hadisə xalqımıza böyük sevinc və qürur hissi yaşatdı. Artıq Vətən müharibəsi zəfərlə yekunlaşıb, düşmən diz çöküb və Azərbaycanın suverenliyi bərpa edilib. İndi bizim bu tarixi qələbəmizi hər il Zəfər Günü kimi təntənəli şəkildə qeyd etməyimizə həqiqətən də haqqımız çatır. Əslində, rayonlarımızın hər birinin işğaldan azad edilməsi ayrıca bir zəfər bayramı kimi qeyd edilə bilər. Çünki biz o rayonlarımızın hər birinin günün birində yenidən azadlığa qovuşacağını, böyük Azərbaycan ailəsinin tərkibinə qayıdacağını illərboyu səbirsizliklə, həsrətlə gözləmişik. Şanlı Azərbaycan Ordusu Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, digər yurd yerlərimizin hər birini azad edərkən bizə böyük sevinc hissi yaşatdı. Qəhrəman əsgərlərimiz hər kəndi, hər qəsəbəni, hər rayonu qarış-qarış azad edərkən illərlə içimizə, ruhumuza çökmüş işğaldan doğan əziklik hissini bizdən uzaqlaşdırdılar. Prezidentin 44 gün ərzində paylaşdığı qələbə “tvit”ləri 30 ilin məğlubiyyət sindromunu darmadağın etdi və hər bir azərbaycanlıya özünü qalib hiss etmək imkanını yaratdı.”

Partiya sədri qeyd etdi ki, Prezident İlham Əliyevin 8 noyabr- Zəfər Günü ilə bağlı Sərəncam imzalaması erməni cəmiyyəti üçün "soyuq duş" effekti yaratdı və erməni siyasətçilərini məyus etdi: “Böyük ehtimalla, bundan belə ermənilər də hər ilin 8 noyabrını məğlubiyyət günü kimi, erməniliyin çöküşü günü kimi qeyd edəcəklər. Bəli, bizim zəfərimiz onların bir millət və dövlət olaraq çöküşünün başlanğıc nöqtəsidir. Bizim Zəfər Günümüzün Ermənistanda matəm günü kimi, kapitulyasiya günü kimi qeyd edilməsi qaçılmazdır. Çünki 44 günlük müharibə nəticəsində ermənilərin bütün böyük planları, o cümlədən sərsəm “böyük Ermənistan” ideyası suya düşdü. Düşmənə bundan daha ağır mənəvi-psixoloji zərbə ola bilməz. Bu gün Ermənistanın hərbi-siyasi rəhbərliyi də, erməni xalqı da, erməni əsgərləri də bu mənəvi-psixoloji sarsıntını yaşamağa layiqdirlər. Çünki onlar 30 il ərzində Azərbaycanın sülh çağırışlarına sağlam təfəkkürlə yanaşmadılar, işğalçı siyasəti davam etdirməkdə israrlı oldular. Bu, düşmən tərəfinin yol verdiyi ən ağır taktiki-strateji səhv idi. Budur, indi də düşmən həmin səhvin acı  nəticəsini yaşayır. Tarixi ədalət nəhayət, öz yerini tutdu.”

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan bu tarixi Qələbəyə imza atmaqla yalnız öz torpaqlarını işğaldan azad etmədi: “Biz 44 günlük müharibəni qalibiyyətlə başa vurmaqla bütün Qafqazı erməni faşizminin təhdidlərindən xilas etdik. İndi qonşularımız Ermənistanın separatçılıq siyasətinin doğurduğu narahatlığı bir kənara qoyub rahat nəfəs ala bilərlər. Həmçinin erməni faşizmini məğlub etməyimiz Azərbaycanın dünyaya, bəşəriyyətə töhfəsi kimi də qiymətləndirilə bilər. Erməni faşizmini darmadağın etməsi Azərbaycanın bütün insanlıq qarşısında misilsiz xidmətidir. Azərbaycan əsgəri xilaskar əsgər missiyasını yerinə yetirdi. Biz bütün şəhidlərimizin mübarək ruhları qarşısında baş əyir, qəhrəman qazilərimizlə fəxr edirik. Ali Baş Komandanımızı və xalqımızı torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması münasibətilə bir daha ürəkdən təbrik edirik. Bundan sonra bizi işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq, bərpa-abadlıq işləri gözləyir. İnşallah, Qarabağımız özünün ikinci baharını yaşayacaq. Zəfərin mübarək, Azərbaycan!”

Yaqut Ağaşahqızı,

“İki sahil”