07 oktyabr 2019 20:23
1085

Əməkdar müəllim: Bu ad nə qədər qürurverici olsa da...

Bu günlərdə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir qrup müəllimə fəxri adlar və “Tərəqqi”  medalı verilib. Fəxri ada - “Əməkdar müəllim” adına layiq görülənlərdən biri də Bakının Nərimanov rayonunda yerləşən 193 saylı tam orta məktəbin direktoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Rahim Hüseynovdur.

Müsahibimiz “Əməkdar müəllim” adına layiq görülməsindən doğan sevincini “İki sahil” qəzeti ilə də bölüşərkən dedi: “Bəri başdan deyim ki, müəllim peşəsi çətin və məsuliyyətli bir iş olduğu üçün xalqımız və dövlətimiz ona hər zaman hörmətlə yanaşıb, əməyini uca tutub. Mənim üçün bu addan böyük və şərəfli ad yoxdur. Atam Həsən müəllim 40 ildən çox bu sahədə çalışdığına görə bu müqəddəs ad bizim ailədə həmişə hörmət və ehtiramla çəkilir. Bu mənada təltif olunduğumu eşitdikdə sevinc, həyəcan - bütün hisslərim bir-birinə qarışdı. Bu, sözlə ifadə edə bilməyəcəyim bir duyğudur. Öz peşəsinin vurğunu olan hər kəsə bu duyğunu dadmağı arzulayıram. Məni belə bir ada layiq gördüyü üçün möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm”.

R. Hüseynov, həmçinin bildirdi ki, bundan sonrakı fəaliyyətimdə də çalışacağam ki, gündən-günə inkişaf edən dövlətimizin mənə göstərdiyi bu qayğını doğruldum, onun adını daima yüksəklərə qaldırım:  “Bu ad nə qədər qürurverici olsa da, bir o qədər məsuliyyətlidir. Digər tərəfdən, fəxri ad hər bir müəllimin, o cümlədən mənim də çiyinlərimə ikiqat yük qoyur. Unutmayaq ki, “Əməkdar müəllim” təhsil sistemimizdə müəllimin layiq görülə biləcəyi ən yüksək addır”.

Dövlət başçısının təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər ölkəmizdə təhsilin sürətlə modernləşməsini, müasirləşmə mərhələsinə qədəm qoymasını,  keyfiyyətli təhsil vermək məqsədi ilə  güclü infrastruktur yaradıldığını, tərəqqinin yolunun təhsildən keçdiyini, təhsil sahəsində islahatların bu gün də davam etdirildiyini, müəllimlərə diqqət və qayğının artırılmasını, eləcə də onların nüfuzunun qalxmasını  xüsusi vurğulayan müsahibimiz bildirdi ki, yeni təhsil sisteminin əsas mahiyyəti təkcə bilikli deyil, həm də müasir bacarıqlara malik şəxsiyyət yetişdirməkdir: “Müəllim şagirdlərə yalnız  təhsil verməklə kifayətlənməməlidir. Onların problemlərini  dinləməli, müəyyən  situasiyalarda onlara  kömək  etməlidir. Zənnimcə, belə olan halda tam formalaşmış  şəxsiyyət yetişdirmək mümkündür”. Müsahibimizin fikrincə, müəllim öyrətməkdən çox öyrənməyi də bacarmalıdır: “Əgər müəllim öyrənməyi dayandırırsa, artıq fəaliyyətini başa vurmuş olur. Bu mənada öyrənmək əsl müəllim üçün önəmlidir”.

Müsahibimizlə söhbət əsnasında aydın oldu ki, Rahim müəllimin bu peşəni seçməsində atasının önəmli rolu olub. O, pedaqoji fəaliyyətinə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Sumqayıt filialında (indiki Sumqayıt Dövlət Universitetində) başlayıb. Daha sonra bir zamanlar təhsil aldığı Xarici Dillər İnstitutunda (indiki Azərbaycan Dillər Universiteti) müəllim, Təhsil Nazirliyinin İstedadlı uşaqlarla iş şöbəsinin, Tələbə Qəbulu Komissiyasının test metodikası şöbəsinin rəisi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin baş diektoru kimi fəaliyyət göstərib. Artıq 9 ildir ki, 193 saylı orta məktəbə rəhbərlik edir. Yeri gəlmişkən, hazırda Rahim müəllimin rəhbərlik etdiyi məktəbdə 135 müəllim çalışır. Məktəb reytinqinə görə rayon üzrə 5-ci, Bakı şəhəri üzrə 40-cı yerdədir. Dediyinə görə, test sisteminin formalaşmasında, eləcə də ilk Avropa Liseyinin əsasının qoyulmasında  əməyi olub. Hətta Rahim müəllim liseyin ilk pedaqoji proqramını da yazıb. Yeri gəlmişkən qeyd edək ki, müsahibimiz həm pedaqogika, həm də bədii ədəbiyyatla bağlı kitabların müəllifidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”