08 yanvar 2020 20:24
2673

Ən xəsis milyarderin faciəli taleyi

Xəsislik heç sevilməyən bir xasiyyətdir. Xeyli miqdarda pula sahib olan bir insanın xəsislik etməsi qəbul edilən bir şey deyil. Çevrəmizdə xəsis olan insanlar var və çoxumuz belə tip insanlardan uzaq durmağa çalışırıq.

Bu gün sizə xəsisliyi ilə tarixə düşən Henrieta Houlend Qrin Qetti haqqında söhbət açmaq istəyirik. Bu xanımın adı hətta aşırı dərəcədə xəsis olduğuna görə “Ginnesin   Rekordlar Kitabında” “dünyanın ən xəsis insanı” kimi qeyd olunur. Dünyanın ən simic insanı olan Henrieta Houlend Qrin Qettinin sərvəti 8 milyard olsa da bu insan qarnını belə doydurmağa xəsislik edirdi. Olduqca zəngin bir ailədə dünyaya göz açan bu xanım ona qalan mirası sürətli şəkildə artırmağa çalışırdı. Amerikada baş verən iqtisadi böhrandan istifadə edərək əlindəki sərmayəni dövriyyəyə buraxaraq pullarını ikiqat artırmışdı. Simic xanım ölüm ayağında olan doğma bibisinin pullarını belə ələ keçirir. Yaşlı qadın mirasını xeyriyyə cəmiyyətinə bağışlasa da, sənədləri dəyişdirən Henrieta bibisinin də milyonlarına sahib olur. Həyat yoldaşının səhv yatırımlarına görə bir neçə milyon dollar itirən qadın, onun bu səhvini qəbul etmir və ərini evdən qovur.

Dünyanın ən varlı qadınlarından olan Henrieta evində heç bir zaman istilik sistemini yandırmırdı və isti sudan istifadə etmirdi. Səhər tezdən qəzet alıb oxuyan simic qadın, sonra qəzeti qaytarırdı. Dükanda satılan ən ucuz kökələri alan bu xanım bütün satıcıların düşməninə çevrilmişdi. Aptekə belə öz qabı ilə gedən bu qadın  orada xərclədiyi hər qəpiyə görə deyinirdi. Sərvəti günü-gündən artan bu  xəsis qadının özünəməxsus bir evi belə yox idi. Henrieta tez-tez yaşayış yerlərini dəyişirdi ki, vergilər xidmətinin diqqətini cəlb etməsin.Yuyucu toza qənaət edən xanım paltarlarını ucuz mehmanxanalarda yuyub, həyətində asırdı. Çox maraqlıdır ki, bu qədər sərvətə malik olan insanın cəmi  2-3 dəst paltarı var idi və alt paltarını belə əynində yırtılıb yararsız hala düşənə qədər geyinərdi. Henrietanı tanıyan insanlar onun bu  dərəcədə ç xəsis olmağını “carəsiz bir xəstəlik” adlandırırdılar.

Xəsisliyi ucbatından 11 yaşlı oğlu belə şikəst qalır. Dağda xizək sürən uşaq yıxılaraq ayağını qırmışdı. Lakin Henrieta oğlunun müalicəsinə pul xərcləmək istəmədiyinə görə  uşağını kimsəsizlər üçün müalicə mərkəzinə aparır. Orada düzgün aparılmayan müalicə nəticəsində oğlunun ayağını amputasiya edirlər.

Henrieta Houlend Qrin Qetti 81 yaşında ürək tutmasından ölür. Qəribə qadının ölümü belə xəsisliyindən olur. Marketə gedən Henrieta südün qiymətinin baha olduğuna görə  satıcı ilə mübahisə edir və burada  ürək tutmasından ölür. Səfil həyatı sürən milyarder xanım beləcə pullarını yığaraq mənasız bir həyat yaşayıb. Onun ölümündən sonra sərvəti uşaqlarına qalır. Onlar analarından fərqli olaraq 4 milyard dolları xeyriyyə işlərinə xərcləyirlər.

Samirə Tağıyeva, “İki sahil”