06 sentyabr 2019 15:34
113

Ərdoğanın açıqlması DÜNYANI SİLKƏLƏDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “birilərinin əlində nüvə başlıqlı raket var, bir deyil, iki deyil... Amma mənim əlimdə nüvə başlıqlı raket yoxdur. Mən bunu qəbul etmirəm. Hazırda dünyanın inkişaf etmiş ölkələrində, haradasa, nüvə başlıqlı raketi olmayan ölkə yoxdur” çıxışından sonra dünyanın diqqəti bir daha nüvə başlıqlı silahlara sahib olan ölkələrə yönəlib.

Publika.az xəbər verir ki, hazırda sadəcə 9 ölkə nüvə başlıqlı raketlərə sahibdir.

II Dünya Müharibəsində qələbə çalan və Birləşmiş Millətlər Təşkilatının daimi üzvləri olan ABŞ, Rusiya, İngiltərə, Fransa və Çin beynəlxalq razılaşmalara əsasən nüvə silahına sahib olma haqqı əldə edib.

Daha sonra Hindistan, Pakistan və Şimali Koreya da nüvə silahı istehsal edən ölkələr siyahısına daxil olub. Şimali Koreyanın nüvə başlıqları daşıya biləcək uzunmənzilli ballistik raket istehsal etmə cəhdləri bir müddət dünya gündəminin əsas materalı oldu. Buna görə ABŞ və Şimali Koreya hərbi münaqişənin bir addımlığına qədər gəlib çıxdı.

Daha əvvəl Cənubi Afrika da müəyyən sayda nüvə bombası istehsal etməyi bacarmış, lakin ölkənin demokratiyaya keçid etməsilə birlikdə bu silahlar yox edilmişdi.

Bütün xarici qaynaqlar İsrailin nüvə silahı sahibi dövlət olduğunu və yüzlərlə nüvə silahından ibarət arsenala mailk olduğunu təxmin edir. İsrail dövləti isə bu mövzuda “sirr siyasəti” yürüdür. İsrail nüvə silahına sahib olduğunu rəsmi şəkildə nə təsdiq, nə də təkzib edir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu aprel ayında bir hesabat yayımlayaraq dünyadakı nüvə silahı sayını açıqlamışdı. Bu hesabata görə, 2019-cu ilin əvvəlində 9 ölkənin əlində 13 min 865 nüvə başlığı vardı. Bu rəqəm 2018-ci ildə 14 min 465 səviyyəsində idi.

Soyuq Müharibə dövründə sadəcə ABŞ-da 25-30 min səviyyəsinə çatan nüvə başlığı sayı INF razılaşması, Varşava paktının çökməsi və SSRİ-nin dağılması kimi hadisələrdən sonra yarıbayarı azalıb.

Bununla belə, dünyadakı nüvə başlığının əksər hissəsi ABŞ və Rusiyanın əlindədir. Hazırda Rusiyada təxmini 6490 nüvə başlığı, ABŞ-da isə 6185 nüvə başlığı var. ABŞ-ın nüvə başlıqlarının 1750 ədədi raketlərə taxılmış və ya hərbi bazalarda yerləşdirilmiş formadadır. Rusiyada bu rəqəm 1600-dür.

Fransa 300, Çin 290, İngiltərə 200, Pakistan 160, Hindistan 140, İsrailin isə 90 nüvə döyüş başlığına sahib olduğu təxmin edilir.