Ermənistanın xarici və daxili siyasət sahəsindəki davamlı fiaskosu haqqında növbəti etiraf yenə özlərindən gəlib. Yola saldığımız 2019-cu ildə Ermənistanın hərtərəfli bərbad durumu haqqında işğalçı ölkənin “tert” saytına açıqlama verən erməni politoloq Hrant Melik-Şahnazaryan bir çox məsələlərə toxunub.
Ermənistanın xarici siyasətini, xüsusilə də Rusiya ilə ikitərəfli münasibətlərin korlanmasını tam bir uğursuzluq kimi dəyərləndirən erməni şərhçi bildirib ki, Ermənistan-Rusiya münasibətləri üzərində ciddi işləməyə ehtiyac var, iki ölkə arasında hələ indiki qədər bir-birinə inamsızlıq olmayıb. Politoloq ötən il ərzində Ermənistan-Rusiya münasibətlərində mövcud olan ən vacib məsələlər barədə razılıq əldə olunmadığını vurğulayaraq hər fürsətdə Nikol Paşinyan hökumətini diplomatik səriştəsizlikdə və naşılıqda qınayıb: “Nikol Paşinyan Rusiyaya səfərlər edib, dəfələrlə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Xalq bu səfər və görüşlərdən sonra ondan sosial problemlərin həllini, təbii qazın qiymətləri ilə bağlı, eləcə də Dağlıq Qarabağ məsələsində ürəkaçan yenilik gözləyirdi. Baş nazir özü də hər dəfə yaxşı bir xəbərin olacağı anonsunu edirdi, ancaq... Erməni xalqı ilin sonuna qədər heç bir yaxşı xəbər almadı. Deyə bilərik ki, danışıqlar mərhələsində olan bir neçə mühüm məsələ Ermənistan üçün həll olunmamış, havadan asılı qaldı...”
Melik-Şahnazaryan dəfələrlə vurğulayıb ki, Ermənistan -Rusiya münasibətlərinin inkişaf dinamikasında heç bir ciddi dəyişiklik yoxdur, iki ölkə arasında sadəcə ölü bir “proses” var: “Rusiya Federasiyasının Prezidenti də Ermənistana gəlib, lakin görüşdə vacib məsələlər müzakirə olunmadı...”
Erməni politoloq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də öz dərin narahatlığını gizlədə bilməyib. Onun fikrincə, bu məsələdə Rusiyanın hazırda istifadə etdiyi “diplomatik dil” Ermənistan üçün təhlükəlidir.
Şərhçi danışıqlar prosesi nəticə verməyəcəyi halda Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün gec-tez hərbi əməliyyatlara başlaya biləcəyi və bu zaman da Rusiyanın Azərbaycana dəstək verməsə belə mane olmayacağı ehtimalından çox qorxuya düşdüyünü gizlətməyə də lüzum görmür.
Melik-Şahnazaryan Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putinin də iştirak etdiyi bir sıra beynəlxalq tədbirlərdə Ermənistanı açıq şəkildə tənqid etdiyini xatırladaraq qeyd edib: “Aşkar şəkildə görürük ki, Rusiya artıq Ermənistana müttəfiqlik etmir. Azərbaycan Prezidenti Putinin yanındaca Ermənistanı açıq şəkildə tənqid edir və heç bir kənar iradla qarşılaşmır. Bu, isə özlüyündə vəziyyəti açıq şəkildə ortaya qoyur”.
Melik-Şahnazaryan Rusiya ilə Ermənistan arasında heç bir ciddi problemin həll olunmadığı ötən ildə hərbi əməkdaşlıq çərçivəsində bəzi dəyişikliklər olsa da, əvvəlki illərlə müqayisədə azalma olduğunu da diqqətə çatdırıb.
Jurnalistin politoloqa ünvanladığı 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda hansısa irəliləyişə nail olunacağı ilə bağlı suala Melik-Şahnazaryan “Ermənistan danışıqlarda faktiki olaraq dalana dirənib. 2019-cu ildə Ermənistan danışıqlarda çox ciddi şəkildə mövqeyini itirdi və buna görə də 2020-ci ildə hər hansı mühüm bir gözləntinin olacağını sanmıram,”-deyə cavab verib.
Ermənistanın hazırda ciddi hərbi problemlə qarşı-qarşıya olduğunu deyən politoloq bununla da dolayı yolla da olsa, Azərbaycanın hərbi qüdrətini etiraf edib və baş verə biləcək müharibədə Paşinyan hökumətinin səriştəsizlikdən başqa heç nə nümayiş etdirə bilməyəcəyini təəssüflə vurğulamalı olub: “Düşünürəm ki, 2020-ci ildə müharibə təhlükəsi həddən artıq yüksəkdir. Ermənistan indi ciddi hərbi problemlə üz-üzə qalıb. Paşinyan və komandası danışıqlarda heç bir irəliləyişə nail ola bilmir, müharibə olacağı təqdirdə də vəziyyəti idarə etmək bacarığına malik deyil. Ermənistan hökuməti real təhlükənin fərqində deyil... Bu situasiyaların fonunda isə Rusiya Ermənistanın sədaqətindən istifadə edir, ancaq əvəzində heç nə vermir ...”
Əslində, yığcam bir müsahibədə erməni politoloq Ermənistanın həm maddi, həm mənəvi, həm də psixoloji mənzərəsini ortalığa sərib. Öncə nəzərə çarpan odur ki, ümumiyyətlə, statusundan və vəzifəsindən asılı olmayaraq Ermənistan cəmiyyətinə bir tabeçilik, vassallıq psixologiyası hakimdir. Az qala 30 ilə yaxındır guya suverenliyini elan edən ölkənin rəhbərliyi də, xalqı da əlini “böyük qardaş” dedikləri Rusiyanın ətəyindən çəkə bilmir. Bu “ətək siyasəti”nə güvənərək bölgədə işğalçılıq edən Ermənistana isə çoxdandır arxa çeviriblər. Sahibsiz köpək kimi qapı axtarışında olan Ermənistan sədaqətinin əvəzində umacağı olduğunu heç gizlətmir də. Həm də guya ölkə ziyalısının mövqeyi səviyyəsində... Bu, həm də Ermənistanın təkcə daxili siyasətinin deyil, xarici diplomatiya kursunun da tam məğlubiyyətə uğradığının isbatıdır.
Müsahibədə diqqət çəkən digər məqam isə Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək məqsədilə başlaya biləcəyi mümkün müharibə ehtimalı qorxusudur. Yeri gəlmişkən qeyd edək ki, ehtimal edilən müharibə qorxusu vaxtaşırı işğalçı ölkənin mediasında yayımlanan materialların demək olar ki, böyük əksəriyyətində öz ifadəsini tapır. İşğalçı ölkənin sərsəm və naşı baş naziri vaxtaşırı təhdid notlu sarsaq bəyanatlar versə də, ümumiyyətlə, erməni cəmiyyətində 2016-cı ilin aprel döyüşlərindən sonra qarşısıalınmaz bir müharibə xofu yaşanmaqdadır və onlar güclü Azərbaycan Ordusundan qorxduqlarını heç gizlətmirlər də.
Görünən budur ki, Ermənistanın 2019-cu ildəki hərtərəfli fiaskosu 2020-ci ildəki uğursuzluqlarının da “qarantı” olacaq...
Sevinc Abdullayeva, “İki sahil”