13 iyun 2019 10:54
3036

Ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritet istiqamətdir

Ərzaq təhlükəsizliyi həm də ölkənin müstəqil siyasət yürütməsi, söz sahibi kimi öz hüquqlarını tələb etməsi, hər hansı problemin həllində vahid mövqe sərgiləməsi deməkdir. Bu baxımdan Azərbaycan ən üstün mövqedə olan ölkələr sırasındadır. Belə ki, respublikamızda iqtisadi, siyasi və ekoloji təhlükəsizliyin əsas elementi olan ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı çox mühüm addımlar atılır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, görülən işlər, qəbul edilən Dövlət proqramları, həmçinin ölkə başçısının “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasına dair Fərmanı bunun əyani sübutudur.

Ərzaq təhlükəsizlyinin əsas elementi ölkənin milli ərzaq sisteminin iqtisadi baxımından müstəqilliyidir.  Bu gün ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün strateji məhsullar arasında mühüm yeri tutan taxıl istehsalının artırılması istiqamətində  mühüm addımlar atılır. İlk növbədə məhsuldarlığın artmasına xidmət edən iri taxılçılıq təsərrüfatları yaradılır.Təbii ki, bütün bunlar həm ölkəmizin özünütəminatına, həm də xaricdən idxala yönələn maliyyə sərfinin azalmasına ciddi  təsir edir. Bu sahədə atılan addımlar bir daha təsdiq edir ki, dövlətin əsas siyasəti idxaldan asılılığı azaltmaq, ərzaq bolluğu yaradaraq ixrac potensialına münbit şərait yaratmağa yönəlib.

Şübhəsiz, ərzaq təminatı sahəsində təhlükəsizlik ölkəyə qida məhsullarının idxalının tamamilə dayandırılmasına nail olmaq demək deyil. Bu, qeyri-mümkündür. Belə ki, dünyanın heç bir ölkəsi yerli istehsal hesabına özünü ərzaqla 100 faiz təmin edə bilməz. İdxalsız keçinmək mümkün olmadığı kimi, xaricdən bu və ya digər növ qida məhsulları gətirmədən daxili bazarı bütün növ yeyinti ilə təmin etmək də real deyil. Bunun üçün inkişaf etmiş, həmçinin ən çox ərzaq məhsullarının ixracı üzrə ixtisaslaşmış ölkələrin  (ABŞ, Avropa Birliyi) bazarlarına nəzər salmaq kifayətdir. 

Respublikamızda meyvə istehsalının artımı, intensiv bağçılığın inkişafı ərzaq təhlükəsizliyində əsas amillərdən biridir. Ölkəmizdə bağçılığın inkişaf etdirilməsi, bu sahəyə diqqətin artırılması həm də ixracın potensialının gücləndirilməsi baxımından mühüm amillərdən biridir. Ötən il tərəvəz istehsalı və ixracı da əvvəlki illərə nisbətən daha da artıb. Yüz hektarlarla ərazidə  yeni istixanaların yaradılması məhsul istehsalını daha da artırıb. Təkcə 2017-ci ildə pomidor ixracından 151 milyon dollar gəlir əldə edilib.

Respublikamızda yaradılan aqroparklar  ərzaq təhlükəsizliyinin təminatı üçün atılan addımlardan birinə çevrilib. Kənd təsərrüfatı istehsalının qeyri- kənd təsərrüfatı fəaliyyətləri ilə vahid istehsal məkanında birləşməsinə zəmin yaradan aqroparklar artıq ölkə iqtisadiyyatında ən səmərəli iqtisadi model kimi öz yerini möhkəmləndirib. Respublikamızın müxtəlif bölgələrində 48 aqroparkın yaradılması nəzərdə tutulur ki, onlardan 27-si bitkiçilik, 16-sı isə heyvandarlıq üzrə ixtisaslaşacaqdır. Aqroparklar, eləcə də yeni fermalar, quş fabrikləri, süd emalı müəssisələrinin fəaliyyəti bu sahələrdə təminatı daha da gücləndirəcək.

Son illər ölkəmizdə heyvandarlığın inkişafı istiqamətində mühüm addımların atılması ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xaricdən cins mal-qaranın alınması, dünya standartlarına uyğun heyvandarlıq komplekslərinin yaradılması, Göygöl rayonunda Süni Mayalanma Mərkəzinin yaradılması istiqmətində görülən işlər, süni mayalanma yolu ilə alınan hər balaya görə dövlət tərəfindən subsidiyaların verilməsi bu sahənin inkişafına, əhalinin süd və süd məhsulları ilə təminatına  böyük töhfələr verib.

Zahid Rza, “İki sahil”