13 fevral 2020 21:05
1781

Əsas məqsəd demokratik inkişafın təmin edilməsidir

Parlament seçkiləri bir daha onu göstərdi ki, əsas məqsəd demokratik inkişafın təmin edilməsidir

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycana  həmişə ən tənqidi mövqedən yanaşan təşkilatlar da seçkilərlə əlaqədar məruzəsində müsbət meyilləri qəbul etməyə məcbur oldular

Azərbaycan hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu istiqamətində inamla irəliləyir, demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut edir. 9 fevral növbədənkənar  parlament seçkiləri bunun bir daha təsdiqi oldu. 

Ölkəmiz uzunmüddətli inkişaf strategiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq güclü vətəndaş cəmiyyəti quruculuğu sahəsində biri-birindən əhəmiyyətli uğurlara imza atır. Dövlətimizin başçısı  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təkmil islahatlar, ölkəmizin hazırkı inkişaf dinamikası Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olması üçün kifayət qədər ciddi əsaslar yaradıb. Mürəkkəb geosiyasi proseslərin müşahidə olunduğu, ikili standartlar siyasətinin hökm sürdüyü bir şəraitdə Azərbaycan öz strateji hədəflərinə doğru inamla irəliləyir.

Ölkəmizin iqtisadi, siyasi, xarici siyasət sahəsində uğurları göz önündədir. Dövlətimizin başçısı İlham Əliyev Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılış mərasimində görülən işlərdən, həyata keçirilən təkmil islahatlardan geniş bəhs edərək bildirmişdir ki, bütün bu işlər ölkəmizi gücləndirir.

Davamlı inkişafa yol açan əsas amillərdən biri təbii ki, Azərbaycanın hər sahədə təcrübəsinin nümunə olmasıdır.  “Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki,  hətta bizə həmişə ən tənqidi mövqedən yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzəsində müsbət meyilləri qəbul etməyə məcbur olmuşlar: “Pozuntulara gəldikdə, qeyd etmişlər ki, bu prosedur xarakterli pozuntular idi. Yəni, bu, hər bir ölkədə var. Heç bir ölkədə tam kamil seçkilər keçirilmir. Amma bu seçkilərdə nə saxtakarlıq, nə ciddi pozuntular olub, nə də ki, seçkilərin legitimliyini, yaxud da nəticələrini şübhə altına alan hər hansı bir pozuntu.”

Təbii ki,  uğurlarla yanaşı, problemlər də var. Amma  onların həlli istiqamətində göstərilən səylər onu söyləməyə əsas verir ki,  davamlı inkişaf, əhalinin rifah halının yaxşılaşdırılması prioritetdir, bütün dövr üçün öz aktuallığını qoruyur. Ölkəmizdə keçirilən seçki proseslərinə diqqət yetirdikdə də bu məqam özünü qabarıq şəkildə büruzə verir ki, hər bir seçki kampaniyası əvvəlki seçkilərdən demokratikliyi, şəffaflığı, ən əsası namizədlərin  çoxluğu fonunda sağlam rəqabətin getməsi ilə fərqlənir. 9 fevral növbədənkənar parlament seçkilərinə qatılan namizədlərin say tərkibinə, həmçinin prosesi izləyən xarici və yerli müşahidəçilərə diqqət yetirmək kifayətdir. Bütün namizədlərə təbliğat-təşviqat kampaniyalarını lazımi səviyyədə həyata keçirmək üçün eyni şəraitin yaradıldığı inkaredilməzdir. Təbii ki, cəmiyyətdə nüfuzu, sosial dayağı olan hər bir namizəd bu seçki prosesində  qələbəsini təmin etmək imkanında idi.

Bərabərlik prinsipinin qorunması  insan amilinə verilən dəyərin göstəricisidir. Bütün hüquqlarımız dövlət tərəfindən qorunur. Vətəndaşların sərbəst toplaşmasını, seçki proseslərində sərbəst iştiraklarını təmin edən qanunvericilik bazası mövcuddur. Təbii ki, hüquqlarımızla yanaşı, vəzifələrimiz də var. Dövlətimizin  başçısının bildirdiyi kimi, bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Ancaq, eyni zamanda, qanun-qayda da var: “Azərbaycanda Konstitusiyada  təsbit olunmuş bütün azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda, hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir. Heç kimə imkan verilməyəcək ki, qanunu pozsun. Heç kimə imkan verilməyəcək ki, hansısa müstəsna güzəştlərə malik olsun. Hamı necə, başqası da elə. Biz hüquqi dövlət qururuq. Qanunun aliliyi bizim üçün başlıca şərtdir və heç kimə, heç bir şəxsə, heç bir qüvvəyə imkan verilməyəcək ki, qayda-qanunu pozsun, qeyri-qanuni hərəkətlər etsin.”

9 fevral növbədənkənar parlament seçkilərində hansısa qanun pozuntusundan söhbət gedirsə, bu, yuxarıda da qeyd etdiyimiz kimi,  prosedur xarakterli, hər ölkədə  müşahidə olunan pozuntular olub. Demokratiyanın beşiyi kimi qəbul olunan ölkələrdə belə  kamil seçkilərdən bəhs etmək qeyri-mümkündür. Qeyd etdiyimiz kimi, namizədlərin çoxluğu, sağlam rəqabətin getdiyi mühitdə kiçik də olsa, qanun pozuntusunun baş verməsi qaçılmazdır. 1300-dən  çox namizədin qatılması göstərir ki, seçkilər rəqabət şəraitində keçib. Hər bir namizəd demokratik şəraitdən istifadə edərək öz platformasını təqdim, fikirlərini azad, sərbəst şəkildə  ifadə etmən imkanı qazanmışdır. Həmçinin namizədlərə məhəllələrdə   seçiciləri bir araya toplayıb onlarla fikirlərini bölüşmək imkanları yaradılmışdır. Bu, eyni zamanda, ölkəmizdə vətəndaşların sərbəst toplaşmaq azadlıqlarının yüksək səviyyədə təmin edilməsi deməkdir. Beynəlxalq  müşahidəçilərin də rəylərində  müsbət dəyərləndirmələr öz əksini tapıb. Ölkə Prezidentinin məlum çıxışında qeyd olunduğu kimi,  bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, - hansı ki, bizə həmişə qərəzli yanaşır, - hesabatı da hesab edirəm ki, tarazlı idi, əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi, hesab edirəm ki, obyektivliyə daha yaxın idi. Biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq, pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik.”

Bir sözlə, Azərbaycan təkmil seçki təcrübəsinə malikdir. 2003-cü ildə  Avropa Şurası Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə birgə əməkdaşlıq nəticəsində qəbul olunan Seçki Məcəlləsi ölkəmizdə bütün seçkilərin demokratik,  beynəlxalq standartlara uyğun keçirilməsini təmin edir.  Hər zaman qeyd olunduğu kimi, atılan addımlar hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Demokratik prinsipləri dünəninin, bu gününün və gələcəyinin əsası kimi qəbul edən Azərbaycan bu dəyərlərə sadiqliyini sözdə deyil əməldə təsdiqləyir. Cənab İlham Əliyevin “ASAN xidmət” mərkəzinin açılışında söylədiyi “Çünki bu gün, tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın və bu seçkilər onu bir daha göstərdi. Bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır. Ona görə bütün bu sahələrdə aparılan islahatlar səmərə verir. İslahatların növbəti mərhələsi 2018-ci ildə başlamışdır. Prezident seçkilərindən sonra mənim tərəfimdən elan edilmişdi ki, biz yeni dövrə qədəm qoyuruq. Bu istiqamətdə ardıcıl olaraq fəaliyyətimiz davam etdirildi və qeyd etdiyim məsələlər də bunun sübutudur” fikirlər keçilən yolun və qarşıdakı dövrün aydın mənzərəsini yaradır. Təkmil islahatlar Azərbaycanın hədəflərə inamla irəliləməsini şərtləndirir.

Yeganə Əliyeva, “İki sahil”