03 sentyabr 2019 12:27
1640

“Əsrin müqaviləsi” - 25 - İqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır

Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə təsdiqləyir

28 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın uğurları  ulu öndər Heydər Əliyevin “Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” fikirlərinin təsdiqi olmaqla yanaşı, eyni zamanda, bu gerçəkliyi də şərtləndirir ki, ölkəmiz regional əməkdaşlıqdan beynəlxalq əməkdaşlığa doğru addımlamağı əsas hədəf kimi qarşıya qoyaraq bu istiqamətdə əhəmiyyətli layihələrə imza atır.

Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas tərkib hissələrindən olan TANAP-ın istifadəyə verilməsi, yaxın zamanlarda TAP-ın istifadəsinin nəzərdə tutulması da deyilənlərin təsdiqidir. 2020-ci ilədək TAP layihəsinin tamamlanacağı gözlənilir. Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılacaq.

Dövlətimizin başçısı İlham Əliyev ötən il Cənub Qaz Dəhlizinin rəsmi açılışı mərasimində bildirmişdir: “4 il bundan əvvəl bu ərazidə Cənub Qaz Dəhlizinin təməli qoyulub. O zaman mən tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. Bu layihə geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi. İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır.”

Göründüyü kimi, Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, dünyanın 7 ölkəsini ( Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkətinin ( “Amoco”, BP, “McDermott”, “UNOCAL”, SOCAR, “Lukoil”, “Statoil”, “Türkiyə Perolları”, “Pennzoil”, “Ramco”, “Delta”) iştirak etdiyi “Əsrin müqaviləsi”ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb. “Əsrin müqaviləsi”nin 23 illiyi ərəfəsində, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması neft strategiyasının yeni mərhələsinin əsasını qoydu. Bu müqavilə müasir Azərbaycanın tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ümumi daxili məhsulun artımı, yeni iş yerlərinin yaradılması və sosial rifahın yaxşılaşdırılması kimi dəyərləndirildi.

Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün, eyni zamanda, qaz ixracatçısına çevrilib.  Avropa Birliyinə daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə Azərbaycan amilinə xüsusi önəm verilir. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu yüksək dəyərləndirilərək, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcudduğu xüsusi qeyd edilir. Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlığın prioritetləri” sənədində enerji sektorunda əməkdaşlıqla bağlı xüsusi müddəa öz əksini tapıb. Cənub Qaz Dəhlizinin rəsmi açılışı əməkdaşlığın coğrafiyasının genişlənəcəyi barədə proqnozların reallıqda öz əksini tapacağına əminliyi artırdı. Dövlətimizin başçısı İlham Əliyev Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkənin - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyanın iştirakını xüsusi qeyd edərək bu əminliyi də ifadə edir ki,  üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi növbəti mərhələdə layihəyə qoşulacaqlar. “Cənub Qaz Dəhlizinin qolları olmalıdır” hədəfinə uyğun olaraq ixrac imkanlarının genişləndirilməsinin prioritetliyi açıqlanır.

Ölkə Prezidenti İlham Əliyev bu fikri də xüsusi qeyd edir ki, bəziləri üçün əfsanə kimi görünən layihələri heç bir problemsiz, maneəsiz həyata keçirdik. 2006-cı ildə BTC neft, 2007-ci ildə BTƏ qaz kəməri istifadəyə verildi. Bu gün ölkəmizi və bölgəmizi bu layihələrsiz təsəvvür etmək mümkün deyil. Bu layihələr ölkəmizi gücləndirir, xalqımıza xeyir gətirir. Bir sözlə, Azərbaycan enerji sektorunda da liderlik keyfiyyətlərini çox açıq şəkildə ortaya qoyur. “Əgər biz təşəbbüs göstərib 2012-ci ildə Türkiyə ilə birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün Cənub Qaz Dəhlizi haqqında kimsə danışa bilərdimi? Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi? Bunları biz edirik. Nəyə görə? Çünki bu, bizim xalqımıza lazımdır. Bu, bizim dövlətimizi, ölkəmizi gücləndirir və bizim maraqlarımıza xidmət edir.” Cənab İlham Əliyev Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunu əsaslı şəkildə diqqətə çatdıraraq bildirir ki, dörd layihədən - “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-dan ibarət Cənub Qaz Dəhlizi  ölkəmizə əlavə siyasi, iqtisadi, maliyyə imkanları yaradacaq, zəngin qaz resurslarımızın dünya bazarlarına bundan sonra onilliklər ərzində ixrac edilməsini təmin edəcək, valyuta axını artacaq, dayanıqlı inkişafımız daha da möhkəmlənəcək. “Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik” söyləyən ölkə Prezidenti Cənub Qaz Dəhlizinin gələcək əlaqələr üçün çox vacib amil olduğunu diqqətə çatdırır.

Təşəbbüslərin qısa müddətdə reallığa çevrilməsi onu təsdiqləyir ki, birgə səylər qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas verir. “Layihə əminəm ki, gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək” söyləyən cənab İlham Əliyev bir daha Azərbaycanın şaxələndirmədə, layihələrin iştirakçı olan ölkələrin coğrafiyasının genişləndirilməsində maraqlı olduğunu təsdiqləyir.

Ötən il Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması da Azərbaycanın əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələrə bir daha işıq saldı. Məhz ikitərəfli əlaqələrin, həmçinin üçtərəfli formatda yaradılan regional əməkdaşlıqların inkişafı fonunda atılan bu mühüm addım sahilyanı dövlətlərin iqtisadi və siyasi həyatında mühüm rola malikdir. Qarşılıqlı anlaşmalar qarşıdakı illər üçün perspektivlərin müəyyənləşdirilməsinə yol açır. Konvensiyanın siyasi və iqtisadi əhəmiyyətindən bəhs edərkən təbii ki, ilk növbədə bu mühüm hadisədə Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfələr stimulverici amil rolunu oynadığını xüsusi qeyd edilir. Cənab İlham Əliyevin hər zaman çıxışlarında yer alan bu fikrini xüsusi qeyd etməliyik ki, Azərbaycanın xarici siyasətində region dövlətləri ilə əməkdaşlıq əsas yer tutur. Xəzərin hüquqi statusu ilə bağlı imzalanan Konvensiya ilk növbədə Xəzər regionunda böyük həcmdə enerji ehtiyatlarının sərbəst istismarına və istifadəsinə, həmin ehtiyatların dünya bazarına daşınmasına, regionun enerji təhlükəsizliyinin, eyni zamanda, burada dövlətlərin iqtisadi, siyasi maraqlarının təmin edilməsinə, bütövlükdə regionda sabitliyin və təhlükəsizliyin bərqərar olunmasına öz təsirini göstərəcək.

Azərbaycan bu gün tranzit ölkə kimi də mövqeyini möhkəmləndirir. 2017-ci ilin oktyabrında istifadəyə verilən BTQ dəmir yolunun uğurlu fəaliyyəti ölkəmizin geosiyasi əhəmiyyətini artıracaq və əlavə imkanlar yaradacaq. Bu layihə Azərbaycanın beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyinin əyani sübutudur. 

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrdən bəhs edərkən onların ölkəmizə, eyni zamanda, iştirakçı dövlətlərə hansı faydaları gətirəcəyini də diqqətə çatdırır.

İlk olaraq onu qeyd etməliyik ki, ulu öndər Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmana əsasən, karbohidrogen gəlirlərinin səmərəli idarə edilməsi, əhali arasında bərabər bölgü prinsipinin yüksək səviyyədə həyata keçirilməsi, təbəqələşmə prosesinin baş verməməsi, vəsaitlərin prioritet sahələrin inkişafına yönəldilməsi məqsədilə Dövlət Neft Fondunun yaradılması bugünkü sosial-iqtisadi layihələrin uğurlu icrasında əhəmiyyətli rol oynayır. Şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilən Dövlət Neft Fondunun vəsaitləri hesabına Azərbaycanın hərtərəfli inkişafına xidmət edən layihələr icra olunur. Məhz uğurlu siyasətin nəticəsidir ki, beynəlxalq maliyyə qurumlarının hesabatlarında bu proqnoz xüsusi yer alır ki, Azərbaycanın iştirakçı olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində büdcəyə 200-250 milyard dollar vəsait daxil olacaq ki, bunlar da öz növbəsində sosialyönümlü layihələrin icrasına geniş imkanlar açmaqla əhalinin sosial müdafiəsini gücləndirəcək.

Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumları ölkəmizin iqtisadi inkişaf modelini yüksək dəyərləndirir, ən əsası Azərbaycan ən islahatçı ölkə kimi mövqeyini möhkəmləndirir. Təkcə Dünya Bankının ayrı-ayrı illər üzrə hesabatlarına diqqət yetirsək, görərik ki, Azərbaycanın qərarlaşdığı yerlərdə dəyişikliklər həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlarının davamlılığına, islahatların zamanın tələbinə uyğun təkmilləşdiyinə əsaslanır. Belə ki, əgər Azərbaycan 2017-ci ildə Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2017” hesabatında 65-ci pillədə hesablaşmışdısa, 2018-ci ildə 8 pillə yüksələrək 57-ci yeri tutdu. “Doing Business 2019” hesabatında isə Azərbaycan dünyanın 10 islahatçı dövləti siyahısına daxil olundu. 2017-ci illə müqayisədə ölkəmiz 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdı. Beləliklə, Azərbaycan MDB ölkələri arasında lider mövqedə dayandı. Bir müddət öncə  ABŞ-ın tanınmış “The Heritage Foundation” analitik  mərkəzi tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi-2019” da ölkəmizin iqtisadi uğurlarının təqdimatı oldu. Belə ki, Azərbaycan ən böyük irəliləyişə malik ölkə kimi təqdim edildi. Yenə də müqayisəli təhlil aparılır. Əgər 5 il bundan əvvəl, yəni 2014-cu ildə ABŞ-ın “The Heritage Foundation” analitik mərkəzinin hazırladğı  “İqtisadi Azadlıq İndeksi-2014” adlı hesabatda Azərbaycan 186 ölkə arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olmuşdusa, “İqtisadi Azadlıq İndeksi-2018”də 67-ci, bu il isə 180 ölkə arasında 60-cı yerə yüksəlib.

Göründüyü kimi, neft gəlirlərinin düzgün istiqamətləndirilməsi iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirməyi şərtləndirdi. Son 15 ildə ümumi daxili məhsulun 3 dəfədən çox artması, qarşıdakı illər üçün daha iki dəfə artırılmasının nəzərdə tutulması da deyilənlərin təsdiqidir. Azərbaycanda son 15 ildə yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə enib, işsizlik 5 faiz səviyyəsindədir. Bu, onu göstərir ki, qara qızıl, neft və qaz insan kapitalına çevrilib. Dünya İqtisadi Forumu öz hesabatında Azərbaycan iqtisadiyyatını dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 32-ci yerə layiq görüb. Bu, onu göstərir ki, Azərbaycan iqtisadi şaxələndirmə siyasətini uğurla həyata keçirir, neftdən əldə edilmiş gəlirlər iqtisadiyyatın qeyri-neft sektoruna yönəldilir. Davos İqtisadi Forumunun hesablamalarına əsasən, inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir. Bu göstərici də ölkəmizdə neft-qaz siyasətinin uğurlu icrasından xəbər verir. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bu faktı xüsusi qeyd edir ki, dünyada neftlə zəngin çox ölkələr var, amma bu resurs heç də həmin dövlətlərə uğur gətirmir. Həmin ölkələrdə təbəqələşmə prosesi sürətlə gedir. Amma Azərbaycanın neft strategiyasını inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun müəyyənləşdirməsi bu kimi problemləri yaşamamasını şərtləndirdi.

“Əsrin müqaviləsi”nin uğurlarından bəhs edərkən Azərbaycanın bu gün dünyada sabitlik məkanı, təhlükəsiz ölkə kimi nüfuz qazanmasını xüsusi qeyd etməliyik. Məhz bu uğurumuz ölkə iqtisadiyyatına böyük həcmdə investisiya axınını sürətləndirdi. Bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 263 milyard dollardan artıqdır ki, bunun böyük hissəsini xarici investisiyalar təşkil edir. Bu uğurumuza yol açan əsas amil isə təbii ki, ulu öndər Heydər Əliyevin “açıq qapı siyasəti”, iş adamlarında yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əminliyin yaradılmasıdır. Son 15 ildən artıq dövr ərzində bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın yeni inkişaf modelinin təqdimatını şərtləndirdi.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dünyaya yeni iqtisadi və sosial inkişaf modelini təqdim edən, innovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın beynəlxalq maliyyə qurumlarının, sorğu mərkəzlərinin hesabatlarında birinciliyi ələ alması son illərdə əldə olunan uğurların təqdimatıdır. Dövlətimizin başçısı İlham Əliyevin daim vurğuladığı kimi, görülən tədbirlər, atılan addımlar hansısa beynəlxalq təşkilata, dövlətə xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür.

Ən əsası görülən işlərlə, əldə olunan uğurlarla kifayətlənmir, daim irəliyə baxırıq. Hər bir layihənin uğurlu sonluqla başa çatması yeni layihəni gündəmə gətirir. Artıq Azərbaycan əməkdaşlığın coğrafiyasını genişləndirməklə etibarlı tərəfdaş kimi nüfuz qazanır, dünya birliyinin layiqli üzvü kimi söz sahibinə malikdir. Dövlətimizin başçısı İlham Əliyevin daim qeyd etdiyi kimi, iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır.

Yeganə Əliyeva,

“İki sahil”