22 oktyabr 2026 19:18
216

“Fransız qışı” Makronu donduracaqmı?..

2010-cu ildə Yaxın Şəri və Şimali Afrikanı “Ərəb baharı” bürüyəndə Fransa əvvəlcə prosesləri sakitcə izlədi. Rəsmi Paris hadisələrin başlanğıcında baş verənlərə “demokratiya, insan haqları” prizmasından yanaşsa da sonradan mövqeyini 180 dərəcə dəyişərək keçmişdə bölgədəki qətliamlarla dolu qəddar, qaranlıq müstəmləkə siyasətinə və iqtisadi-siyasi maraqlarına uyğun hərəkət etdi. Nəticədə məşhur el məsəlində ifadə olunduğu kimi, “dəyənəyin bir ucu da özünə dəydi”.  

Regiondakı xaos, qeyri-sabitlik, qarşıdurmalar, təhlükəli humanitar böhran, aclıq, səfalət  Fransanın özünə doğru yönəldi. Aralıq dənizi sahillərindən və qonşu ölkələrdən gələn miqrant axını bu ölkəni təhlükəsizlik problemləri, humanitar, iqtisadi-sosial və siyasi gərginliklərlə üz-üzə qoydu.

Təbii ki, Fransanın hazırda dərin və ciddi böhranla üzləşməsi yalnız miqrant axını ilə bağlı deyil. Son zamanlar bu ölkədə yanacaq, ərzaq, enerji qiymətlərindəki kəskin artım, inflayasiya, sərt büdcə ixtisarları, təhsil sahəsindəki ciddi problemlər-yararsız infrastruktur, sinif otaqlarının bərbad vəziyyəti müəllim çatımazlığı, dərs saatlarının çoxluğu və s. sosial narazılıqlar hökumətə qarşı etiraz dalğasının yüksəlməsinə və kütləvi iştişaşlara səbəb oldu. Bu ilin sentyabr ayının axırlarında Parisdəki təhsil müəssisələrində başlayan, oktyabrın 17-də  pik nöqtəsinə çatan etiraz aksiyaları tezliklə Marsel, Strasburq, Rennes, Montpellier, Grenoble, Aviqnon, Perpiqnan, Bayonne, Lion, Nis və digər iri şəhərlərinə yayılaraq demək olar ki, ümummili hərakata çevrildi.

Təxminən 800 min insan-şagird, tələbə, müəllim, valideyn, həmkarlar ittifaqları və “sarı jiletlilər” küçələrə axışıb  Fransa hökumətindən gündən-günə artan inflyasiya fonunda əməkhaqlarının, sosial xidmətlərə, təhsilə, səhiyəyə ayrılan xərclərin artırılmasını, qiymət artımının qarşısının alınmasını, böyük korporosiyaların və zənginlərin gəlirlərindən tutulan vergilərin artırılmasını, aztəminatlı ailələrin isə vergi yükünün azaldılmasını, hökumətin tətbiq etdiyi qənaət tədbirlərinə son qoyulmasını və s. tələb etdilər.

Daim demokratiya və insan haqlarından dəm vuran, hazırda idarəetmə və siyasi böhran yaşayan Makron hakimiyyəti dinc etiraz  aksiyalarının iştirkaçılarına qarşı sərt tədbirlərə əl atdı. Təkcə 17 oktyabr hadisələri ilə əlaqədar 2400 nəfərə yaxın şəxs həbs edilidi. Fransa polisi etirazlar zamanı dinc nümayişçiləri, uşaqları və vətəndaşların əmlaklarını qoruya bilmədi. Ən dəhşətlisi isə odur ki, vəkillər və hüquq müdafiəçiləri polis bölmələrində uşaqlara qarşı fiziki və psixoloji zorakılıq, təhqir və alçaldıcı davranışların baş verdiyini bildirirlər.

Yeri gəlmişkən, 2018-ci ilin noyabrında başlayan və sosial-iqtisadi narazılıqlar zəminində yaranan “Sarı jiletlilər” hərəkatının iştirakçıları da eyni tələbləri irəli sürmüşdülər. Hərəkatın radikal qanadı və fəallar, həmçinin ölkə Prezidentinin və hökumətinin istefa verməsini, xalqa qanunvericilik prosesində və konstitusiya dəyişikliklərində birbaşa referendum yolu ilə söz haqqı verilməsini tələb edirdilər. Hərakatçılar E.Makronu sadəcə bir siyasətçi deyil, Rotşild bankçılığının, qlobal sərmayəçi elitanın və beynəlxlaq maliyyə dairələrinin təmçilçisi elan edərək, “Makron devrilənə qədər dayanmaq yoxdur”, “Siz dünyalı elitalar dünyanı qurtarmaq üçün “dünyanın sonundan” bəhs edirsiniz, biz isə ayın sonunu gətirə bilmirik, maaşdan maaşa güclə çatdırırıq, cibimizin dibi görünür” kimi şüarlar səsləndiridilər.

...Gerçəklik odur ki, Prezident Emmanuel Makronun və hökumətin siyasətinə qarşı etirazlar və istefa çağırışları ölkədə sosial və siyasi böhranı daha da dərinləşdirir. Görəsən, 2010-cu ildə Yaxın Şərqdəki və Şimali Afrikadakı “Ərəb baharı”ndan, 2013-cü ildə Türkiyədə baş verən Gəzi Parkı hadisələrindən “Türk baharı” kimi bəhs edən “Franse 24”, BVM TV kimi xəbər kanalları, eləcə də “Le Monde”, “Le Fiqaro” və digər mətbuat orqanları vaxtilə “sarı jiletlilər”in “Rotşild xənadanının valisi”, “zənginlərin prezidenti”, “monarx” adlandırdıqları E.Makronun yarıtmaz sosial-iqtisadi siyasəti nəticəsində bu gün bütün  Fransanı atəş çəmbərinə sürükləyən  kütləvi etirazlardan, kəskin qarşıdurmalardan, iğtişaş və talanlardan, polis zorakılığı nəticəsində Lansda 15 yaşlı yeniyetmənin əlini, Müluzda isə 17 yaşlı qızın bir gözünün görmə qabiliyyətini itirməsindən  “fransız qışı” kimi bəhs edəcəklərmi? Və “fransız qışı” Makronu donduracaqmı?..

Zahid Rza, “İki sahil”