06 sentyabr 2019 17:47
244

Fuad Qəhrəmanlı: "Milli Şura" və ya AXCP REAL-a mübarizə mərkəzi kimi necə baxa bilər?

Azərbaycan Xalq Cəbhəsi Partiyasının da (AXCP) təmsil olunduğu Milli Şura ilə ReAL Partiyası arasında söz atışması davam edir.

“Report”un xəbərinə görə, bu dəfə ReAL Partiyasına AXCP sədrinin müavini Fuad Qəhrəmanlı cavab verib.

O deyib ki, Milli Şura və AXCP yenə hədəfdədir. Onun sözlərinə görə, qarşı tərəf "mitinqləri zərərli" sayır, "mübarizə aparmağı insanları boş yerə “rasxod”a vermək" hesab edirlər: "ReAL funksioneri Natiq Cəfərli Milli Şuranı hakimiyyətə qarşı mübarizə mərkəzlərinin artmasında maraqlı olmamaqda ittiham edir. Ortadakı mövqe fərqini nəzərə alanda onun bu ittihamı heç də ədalətli görünmür”.

F.Qəhrəmanlı ReAL Partiyasının rəhbərliyini tənqid edib: “Xalqı mitinqlərə çağıran Milli Şura və ya AXCP mitinqlər əleyhinə təbliğat aparan ReAL-a mübarizə mərkəzi kimi necə baxa bilər? Görünür, Natiq bəy müxalifətə "faşist", İlqar Məmmədov “erməni işğalçılarının əlaltısı" deyəndə, həm də mandat üçün lazım olan imtahanı verdiklərini və danışıq, təfəkkür baxımından müxalifətə münasibətdə heç də "köhnələrdən" geri qalmadıqlarını göstərməyə çalışırlar. Ancaq adamların haqqına girmək olmaz. Onlar parlamentə düşmək üçün təkcə Milli Şuranı, AXCP-ni hədəf almırlar. Eyni zamanda seçkidə xalqın səsini almaqdan danışıb, xalqın problemlərini də görməzdən gəlirlər”.