10 fevral 2020 20:20
1613

Gəncədə “XII Liderlik məktəbi” layihəsinin açılışı olub

Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə Gəncədə “XII Liderlik məktəbi” layihəsinin açılışı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Könüllülər ili” çərçivəsində keçirilən “Liderlik məktəbi” layihəsində iştirak edən 120 tələbə 5 komandada – “Gənclik”, “Gələcək”, “İnkişaf”, “Birlik” və “Liderlik” komandalarına bölünüb.

Məlumat verilib ki, respublikanın ali və orta ixtisas təhsil müəssisələrinin 1-3-cü kurs tələbələri üçün təşkil olunan “Liderlik məktəbi” adı altında həyata keçirilən layihədə ATGTİ əvvəlki illərdə olduğu kimi ilkin mərhələdə seçim turu keçirib. Belə ki, layihədə iştirak üçün 1000-dən çox tələbə müraciət edib. Həmin tələbələrdən müsabiqə tələblərini ödəyən 500-ə yaxın müraciət sahibləri müsahibəyə dəvət olunublar. Onlar arasından 120 tələbə düşərgədə iştirak hüququ qazanıb.

Bildirilib ki, layihənin həyata keçirilməsində məqsəd tələbələrə liderlik, komanda ilə işləmək, vaxtın düzgün idarə olunması və sair bacarıqların öyrədilməsi, gənclərin sosial fəallığının artırılması, ölkəmizi yerli və xarici arenada layiqincə təmsil edəcək liderləri yetişdirməkdir.

Tələbələrə peşəkarlar təlimçilər tərəfindən “Liderlik”, “Layihələrin yazılması”, “Könüllülük”, “Media” və “Menecment üsulları” mövzularında təlimlər keçiriləcək. Təlimlərlə yanaşı, tələbələr “Qarabağ Azərbaycandır!”, “Media”, “İdman!”, “2020 Bizim İlimİZdir” və “Gənclər siyasəti” mövzularında təşkil olunmuş panellərdə iştirak edəcəklər. İştirakçı tələbələr media və mətbuat, layihə və divar qəzetlərinin yazılması və sair işlərlə məşğul olacaq, həmçinin hazırladıqları səhnəcikləri sosial gecələrdə nümayiş etdirəcəklər. Layihənin sonuncu günündə tələbələr təlim materialları əsasında tərtib olunmuş imtahanda iştirak edəcəklər. Qalib komanda hədiyyələrlə mükafatlandırılacaq.

Qeyd edək ki, ATGTİ-nin birgə təşkilatçılığı ilə həyata keçirilən layihə sayca 12-cidir və bundan öncə Lənkəran, Quba, Qəbələ, Xızı, Şəki, Xaçmaz, Tovuz, Şəmkir, Mingəçevir və Daşkəsən şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasında reallaşdırılıb.