Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda, daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Yaxın tarixi keçmişimizdə - Sovet dönəmində bu quruluşa xas stereotiplərə görə cəmiyyətdə mövqe sahibi olmaq, dövlət strukturlarında çalışmaq üçün bəlli bir yaş həddini keçməli idin. Belə bir quruluşda gəncliyin inkişafından və cəmiyyətdəki rolundan danışmağa dəyməzdi. Ulu öndər Heydər Əliyev ilk dəfə 1969-cu ildə hakimiyyətə gəldikdən sonra gəncləri tanınmış ali təhsil müəssisələrinə oxumağa göndərirdi. Bu da təsadüfi deyildi. Müdrik şəxsiyyət gəncliyi böyük qüvvə hesab edir və deyirdi ki, “gənclər bizim gələcəyimizdir”. Ona görə də gənclərimizin SSR-nin aparıcı təhsil müəssələrində oxumaları üçün bütün imkanlardan istifadə edirdi. Lakin Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı. 1996-cı il fevralın əvvəllərində Azərbaycan gənclərinin ilk forumu keçirildi və bununla da gəncliyin inkişafına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmanla fevralın 2-si ölkədə Gənclər Günü kimi təsbit olundu.
Son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.
Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramını (2005-2009-cu illər)” təsdiq etdi ki, bu da gənclərə dövlət qayğısının artırılmasını təmin edirdi. Həmin Sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri öz əksini tapmışdır. Bu istiqamətlər tamamilə xalqımızın milli mənafelərinin inkişafına yönəldilərək gəncləri ideya müəllifi olmağa səsləyirdi. Yəni, hər bir gənc fərdi qaydada özünü idarəçi kimi yetişdirməli, daim təşəbbüskarlıq göstərməlidir.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin təhsili üzrə Dövlət Proqramı” gənclərin təhsil səviyyəsinin yüksəldilməsinin parlaq ifadəsidir. Bütün bunların nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, dünya ictimaiyyətinin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar.
2017-ci il sentyabrın 15-də Prezident İlham Əliyevin Sərəncamı ilə növbəti “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq edildi. Bu proqram dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə də Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi və dəyərləndirilməsi, onlar tərəfindən innovativ düşüncə və rəqabətə davamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqini zəruri edir. Dövlət Proqramının əsas məqsədi isə respublikamızda gənclər siyasətinin daha da səmərəli həyata keçirilməsini təmin etməkdir. Bir sözlə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətində gənclik mövzusunun aktuallığı bir daha aydın təsbit olunur.
Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20 dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktualdır. Bakıda Gənclər Mərkəzinin, regionlarda isə “Gənclər Evi”nin inşa edilməsi üçün müvafiq addımlar atılmışdır. Artıq 12 rayonda gənclər evləri fəaliyyət göstərir. Bakı şəhəri və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramı çərçivəsində paytaxtın 5 rayonunda gənclər evi tikilməsi üçün layihələr təsdiq olunub və bu ildən etibarən inşasına başlanılacaq, yaxın 2-3 ildə isə15 gənclər evi inşa olunacaq. Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir.
Ələkbər Mirzəyev,
BDU-nun Geologiya fakültəsinin müəllimi,
YAP Yasamal rayon təşkilatının üzvü