03 dekabr 2019 16:32
1532

Geofiziklər xeyirxah aksiyaların önündədirlər - FOTO

SOCAR-ın Geofizika və Geologiya İdarəsinin əməkdaşları qanvermə aksiyasına  qoşulublar

SOCAR ölkənin iqtisadi inkişafı ilə yanaşı, sosial sahədə həyata keçirilən tədbirlərdə də yaxından iştirak edir. Ötən gün şirkətin Geofizika və Geologiya İdarəsinin (GGİ) əməkdaşlarının iştirakı ilə talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirilib.

İlk olaraq GGİ-nin rəisi Elçin Şirinov, GGİ-nin rəis müavini Ziyad Cəlilov qan verməklə aksiyaya start veriblər. Aksiya barədə məlumat verən Z.Cəlilov qeyd edib ki, bütün humanist tədbirlərdə öndə gedən Dövlət Neft Şirkətinin rəhbərliyi tərəfindən qrafik yaradılıb. Bu qrafikə əsasən, qanvermə aksiyası ardıcıl olaraq bütün struktur və müəssisələrdə keçirilir. «Hər zaman gərgin əməyi və fədakarlığı ilə seçilən neft-qaz sənayesi işçiləri daim humanitar təşəbbüslərin, xeyirxah aksiyaların önündə gedib, öz fəallıqları ilə başqalarına nümunə olublar» deyən Z.Cəlilov vurğulayıb ki, Heydər Əliyev Fondunun başlatdığı bu xeyirxah və humanist aksiyaya qoşulan SOCAR bu kampaniyada fəal iştirak edir.

İdarənin Həmkarlar İttifaqı Komitəsinin sədri Kamal Ağayev məlumat verib ki, qanvermə aksiyası talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün keçirilib: «Aksiyanın məqsədi neftçi-geofiziklər arasında bu xəstəliyə diqqətin artırılması, onun qarşısının alınmasında iştirak etmək, talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara az da olsa donor qanla köməklik göstərməkdir.»

Aksiyada iştirak edən GGİ-nin əməkdaşlarından Təchizat şöbəsinin rəisi Davud Qasımov, Satınalma şöbəsinin rəis müavini İlyas Bağıyev və digərləri vurğulayıblar ki, aksiyanın məqsədi neftçilər arasında bu xəstəliyə diqqətin artırılması, onun qarşısının alınmasında iştirak etməkdir. Bildirilib ki, belə aksiyaların keçirilməsində yaxından iştirak etmək hər kəsin vətəndaşlıq borcudur.

Orxan Vahidoğlu, «İki sahil»