18 sentyabr 2019 11:31
124

Güllərimiz və ətriyyatımız Kolumbiyada nümayiş etdiriləcək

Artıq  Azərbaycan gülçülərinin istehsal etdikləri keyfiyyətli ətriyyat məhsulları dünyada tanınmağa başlayır. Mübaliğəsiz demək olar  ki, ölkəmizdə hazırlanan ətriyyatlar dünyada şöhrət qazanmış Fransa  ətriyyatlarından geri qalmır. Bunu ətirlərimizi alan dünya şirkətləri də təsdiq edirlər. Nəzərə alsaq ki, Azərbaycanda bu sahənin yaradıldığı  cəmi bir neçə ildir, belə olan halda uğurlarımızla qürur duya bilərik.

Son illərdə həm Bakı kəndlərində, həm də regionlarda, konkret olaraq Şəmkir rayonunun Sarıtəpə kəndində, Zaqatalada, Bakıətrafı yaşayış məntəqələrində gülçülük istixanaları salınıb. Məhz bu səbəbdən də yerli istehsal xarici istehsalı üstələyib. Artıq Bakıda satılan güllərin 60 faizi yerli istehsaldır. Güllərin toxumu vaxtilə Hollandiyadan gətirilib və hazırda bu sahəyə kifayət qədər böyük maraq var.

Bu gün dünyanın ən böyük gül istehsalçısı olan Hollandiya, Fransa və digərlərində güllər sənaye üsulu ilə istehsal olunduğuna görə, məhsulun maya dəyəri ucuz başa gəlir. Biz bu yolla gedə bilərik, amma onun rəqabətə nə qədər davam gətirə biləcəyini göz önünə almalıyıq.

Qeyd edək ki, son illər gülçülük ölkəmizin Zaqatala, Balakən, Şəki və digər rayonlarında  inkişaf etdirilir. Plantasiyalarda yerli gül sortları ilə yanaşı, xaricdən nadir gül sortları da gətirilir və rayonlaşdırılır. Həmin güllərdən alınan ətirlər, yağlar və kosmetika məhsulları öz yüksək keyfiyyəti ilə xarici alıcı şirkətlərin diqqətini cəlb edir. Gülçülərimizin təcrübəsi hətta okeanın o tayındakı həmkarlarını da maraqlandırıb. Bu günlərdə Cənubi Amerika qitəsində yerləşən  Kolumbiya Azərbaycanın böyük gül şirkətlərini oktyabrın 2-4-də paytaxt Boqotada keçiriləcək “Proflora” gül sərgisinə dəvət edib.

Bu barədə Kolumbiyanın ölkəmizdəki səfirliyindən  bildirilib. Səfirlikdən məlumat verilib ki, sərgidə 16 ölkənin 200-dən çox gülçülük  şirkəti iştirak edəcək. “Proflora” dünya miqyasında gül sənayesinin bütün növ sahələri üçün əsas mərkəzə çevrilib. Burada güllərdən başqa  müxtəlif növ ağaclar, bitkilər də görmək olar. Yetişdiricilər və damazlıqlar bu yarmarkada iştirak edəcəklər. Sərginin münsiflər heyətinin üzvləri milli və beynəlxalq gül və çiçək mütəxəssislərdən ibarət olacaq.

Qeyd edək ki, 1991-ci ildən “Proflora” özünü çiçək ticarət mərkəzi kimi tanıdıb. Hazırda “Proflora” Kolumbiya çiçəklərini və ətriyyatını dünyada  tanıtmaq üçün bir vasitəyə çevrilib. Bu ticarət mərkəzi hər iki ildən bir keçirilir. Sərginin əsas iştirakçıları beynəlxalq gül- çiçək istehsalçıları, tədarükçülər, xidmət şirkətləri, seleksiyaçılar və çiçəkçiliyin əsas istehsalçıları olacaqlar. Xatırladaq ki, on beş ildən bəri Kolumbiya çiçəkləri Azərbaycana nəhəng gül şirkətləri tərəfindən gətirilir. Ötən il Azərbaycana  bu ölkədən   bir tondan çox müxtəlif növ güllər  idxal edilib. Keçiriləcək sərgi Kolumbiya çiçəklərinin Azərbaycana ixracını artırmaq üçün atılmış uğurlu addımlardan biridir və gələcəkdə Azərbaycana çiçək tədarükünün artmasına töhfə verə bilər. Azərbaycan gülçüləri bu sərgidə həm öz istehsal etdikləri  məhsulları Latın Amerikasındakı yeni müştərilərə təqdim edəcək, həm də dünya gülçülərinin qabaqcıl təcrübələri ilə tanış olacaqlar.

Vəli İlyasov,

“İki sahil”