30 aprel 2019 11:25
1884

Günəşin çıxmağa utandığı gün

2009-cu ilin yazının günəşli bir səhəri idi.  Bakı şəhəri  baharın  təravətinə bürünmüşdü. Hər yerdə bahar, yaz təravəti duyulurdu  saatın əqrəbləri 9:30 qərarlaşana qədər. Günlər idi ətrafa öz şüasını, istiliyini  saçan  günəş həmin gün sanki passiv idi. Tez-tez buludların arxasına gizlənir, sonra yerinə qayıdırdı.

Həftənin  dördüncü günü idi. Şəhər sakinləri işə və dərsə tələsirdilər. Bu səhəri də hər kəs bir arzuyla  açmışdı. Hər kəsin içində bir niyyət, ümid, dilək  çiçəklənmişdi.

Həmin gün  Azərbaycan  Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) yeni bir iş və dərs günü başlamışdı. Saat 8:30-da  günün ilk zəngi çalındı. Auditoriyaların qapısı bağlandı. Günün dərs və imtahan həyəcanı başladı. Hər kəsin dərsdən sonra bir planı, bir işi var idi. Qayğılar da insanlar kimi fərqli idi...

Ali təhsil ocağının ətrafında  da, içində də  qəribə  bir sakitlik vardı.  Dərs və imtahan prosesi başlamışdı. Dəhlizdə ali məktəbə gələn müəllim  və tələbələrin ayaq səsləri eşidilirdi. Həmin addımlar içərisində biri daha soyuq  və məkrli idi. Hətta yerişin də qəribə bir astagəlliyi var idi.

İmtahan verən tələbələr  hər sualı bitirib, digərinə keçəndə  yaranan  qəribə sevinc  hissi onları xoşbəxt edirdi.  Təəssüf ki, bu imtahandan uğurla keçsələr də,  həyat imtahanından kəsildilər.

Günəş həmin gün qəribə narahatlıq içində idi. Dəqiqələr bir-birini əvəzlədikcə   günəşin nigarançılığı daha da  artırdı. Pəncərədən gah dəhlizə, gah  auditoriyalara, gah da ali məktəbin həyətinə, auditoriya pəncərələrinə boylanan  günəş   hadisələri “izləyirdi”.

Saat doqquz tamam oldu. Günəş tez-tez buludun arxasına keçirdi. Sanki günəş  buluda mən dözə bilmərəm, sən keç qarşımda dayan deyirdi.  Aralarındakı bu  əvəzlənmə üstündə gedən “mübahisə” öz axarında davam edirdi. 

Ətrafı  bürüyən  sakitlik  bir növ fırtına öncəsi səssizliyə bənzəyirdi. Əqidəsində, ruhunda olan soyuqluqla ali məktəbin binasına daxil olan o şəxs. Nə adı lazımdır, nə də başqa bir şey. Hələ işarə məqsədiylə işlədilən “o, bu “əvəzliyi belə onun üçün  artıqdır.

Soyuq ruhlu və soyuq silahlı həmin şəxs  sanki sükutu  pozmağa tələsirdi. Geyindiyi qapqara libası, mənfi emosiyası  ilə təkcə günəşin deyil, hər kəsin kabusu oldu. Dəri gödəkçəsinin, qalın qaşlarının altında gizlətdiyi silah, güllə, kin, qəzəb, vəhşilik, nifrət onu bu faciəni törətməyə tələsdirirdi. Havanın belə ruhunu, bədənini  heç cür  isitmədiyi bu insandan  imdad, kömək diləmək, ummaq  və görmək sadəcə “möcüzə” olardı. Soyuqluğunu bütün otaqlara, dəhlizə, pilləkənlərə, ən əsası da insanlara   ötürməyi qərara almışdı.

Saatlar 9:30-u göstərir. Gözü heç nəyi görməyən bu şəxs ali təhsil müəssisəsinin girişindən, ən yüksək mərtəbəsinə qədər qarşısına çıxan  hər kəsi güllə yağışına tutdu. Bulud yağışını yağdırmasa da, amma güllə yağışı yağdı. Günəş də, bulud da  daha “mübahisəsini” dayandırdı.

Sanki bütün hissini, sevgisini, qayğısını, ən   əsası da insanlığını girov qoyub, unudub gəlmişdi.  Buna  görə də  bütün  insanlığı məhv etməyə çalışırdı. Göz yaşına, and-amana, qorxuya, həyəcana fikir belə vermirdi. Bildiyi tək şey isə soyuq silahın  tətiyini çəkmək idi. Binadan gələn  o qışqırıq səsləri, həyəcan, təlaş, qaçaqaçlar ətrafdan aydınca eşidilirdi. Fırtına qopdu, sakitlik pozuldu...

Lövhə qarşısında dərs  izah edən müəllimlərini, bir parta arxasında əyləşdiyi tələbə yoldaşlarını al-qana boyanmış, hərəkətsiz vəziyyətdə  görən tələbələr düşdükləri vəziyyətin şokundan çıxa, nə baş verdiyini anlaya bilmirdilər. Onların ayağa durması, ayılması üçün bilmirdilər  ki, nə etsinlər? Artıq çox gec olduğunu bilə-bilə...

Radio və televiziyada hadisə yerindən canlı  reportajlar yayımlanırdı. Baş verən  hadisəni bütün şəhər duymuşdu. Neft Akademiyasından  son görüntülər çəkilib efirə verilirdi. Mavi ekrandan doğmalarının  xərəkdə necə daşındığını, yaxud həyəcan içində canını necə qurtarmağa çalışdığını,  qandan üzünün tutqunlaşdırıldığı görüntülərdən  övladını tanımağa çalışan valideynlərin  ekrana sarılaraq qopardıqları fəryaddan qulaq tutulurdu.

Adlar sadalandıqca növbəti adı, soyadı  gözyaşları içində gözləyən anaları kim  sakitləşdirə bilər ki? Bundan sonra ürəklərinin bumbuz  olub döyünməyi unutduğu həmin anı onlara ömürləri boyu kim və necə unutdura bilər? Mümkündürmü? Əsla!

Neft Akademiyasına qədər yol  bitməyən məsafə kimi idi.  Keçən dəqiqələr sanki əsrə  bərabər idi. “Çatmadıqmı”, “çatmırıqmı” kimi cavabsız suallar gözləmədə qalmışdı...  Balasının soyuq cəsədinə sarılmağa tələsən  valideynlər sanki onu qucaqlasa ayıldacaq kimi hiss edirdi. Balam deyib sirkələsə, əbədi yumulan  gözlərini yenidən  aça bilərmiş kimi  düşünürdülər. Son dəfə öpmək, qucaqlamaq, bir ömür həsrət qalacağı üzünə baxmağa tələsirdilər. Səhv deyirlər, ona heç nə ola bilməz,   mənim övladım ölə bilməz, ola bilməz  ki, o olsun deyib inanmayan,  gedib hər şeyin yalan olduğuna ümid edən insanlar da var idi.

Hər kəs aprelin 30-nun  sadəcə qorxulu bir yuxu olmasını  istəyirdi.  Orada yaxınına heç nə olmayan insanların belə içində  qəribə bir sıxıntı, kədər, ağrı hissləri baş qaldırır. Düşünəndə insanı vahimə hissi alır.

Bu gün isə həmin hadisədən 10 il ötüb. Neçənci  30 apreldir ki, səhər göylərdə  günəş  boylanmaq istəmir.  Sanki  günəş də günün ağırlığından utanır. Həmin gün yerini  buludla əvəzləyir. Bulud isə bilmir  neyləsin, ağlasın,  ya?..

Yaqut Ağaşahqızı, “İki sahil”