01 oktyabr 2020 13:13
628

Gürcüstanda koronavirusa yoluxma və ölüm halları artır

Gürcüstanda koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir.

Son 24 saat ərzində ölkədə daha 448 nəfərdə koronavirus aşkar olunub.

COVID-19 virusuna yoluxma hallarına görə Acarıstan bölgəsi liderlik edir. Son 448 yoluxmadan 241-i Acarıstanda qeydə alınıb. İmereti bölgəsində 98, paytaxt Tbilisidə 62, Sameqrelo-Zemo Svanetidə 15, Samtsxe-Cavaxetiyada 9, Şida-kartlidə 7, Kvemo Kartlidə isə 2 yeni yoluxma halı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopcog.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 6640-a çatıb.

Pandemiya qurbanlarını sayı isə 40-dır.

Hazırda ölkə üzrə 5392 nəfər karantində, 836 nəfər stasionar nəzarətdədir.

Daha 1100 nəfər isə COVID-mehmanxanalarda saxlanılır.