Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası müxalifəti dialoqa dəvət edib.
Siyasətçilər bunu ölkədə yaranmış gərginliyi azaltmaq üçün yeganə vasitə hesab edirlər.
Parlament çoxluğunun lideri Mamuka Mdinaradze keçirdiyi brifinqdə deyib ki, təmsil etdiyi hakim partiya dialoq və konsensusa alternativ görmür. Ölkənin gələcəyindən narahat olan bütün məsuliyyətli siyasətçilər dialoqa daxil olmağa, konsensus üçün optimal yol axtarıb tapmağa razı olmalıdırlar. Bu, Gürcüstanın beynəlxalq tərəfdaşlarının tövsiyəsi, eləcə də ictimaiyyətin gözləntisidir.
Qeyd edək ki, fevralın 10-da Tbilisinin sabiq meri, müxalif Avropalı Gürcüstan Partiyasının liderlərindən biri Gigi Uqulava həbs olunub. Bundan sonra ölkə müxalifəti hakim partiya ilə danışıqlardan imtina edib. Müxalifət G.Uqulavanın həbsini siyasi təqib adlandıraraq ölkədə kütləvi etiraz aksiyaları elan edib. Məsələyə Prezident Salome Zurabişvili də münasibət bildirib. O, hakim partiya və müxalifət arasında dialoqla bağlı bəyanat yayıb. Dövlət başçısı dialoqun bərpa olunmasında iştirakını təklif edib.
Politoloq Simon Kopadze AZƏRTAC-a müsahibəsində deyib ki, Gigi Uqulavanın həbsi yolverilməzdir. Bu cür addımlar Gürcüstanda daha ciddi qarşıdurmaya səbəb olur və ölkənin imicinə mənfi təsir göstərir. Ona görə də dialoq və konsensus olmalıdır. Prezidentin də bu dialoqa qoşulmaq cəhdi müsbət nəticə verə bilər. Amma son söz hakim partiyadan gəlməlidir. Prezident heç bir partiyanı təmsil etmir.
Siyasi şərhçi Tengiz Txilava da dialoqun bərpa edilməsinin və Gigi Uqulavanın azad olunmasının tərəfdarıdır. O hesab edir ki, bəzi kənar qüvvələr Gürcüstanda siyasi vəziyyəti gərginləşdirmək istəyirlər. Buna isə imkan vermək olmaz. //AZƏRTAC