10 fevral 2020 15:54
639

Hakim partiya parlamentdə üstünlüyünü qoruyub saxlayır - FOTO

Çin Xalq Respublikasının kütləvi informasiya vasitələri Azərbaycanda keçirilmiş parlament seçkilərinə geniş yer ayırıb.

Dünyanın ən nüfuzlu xəbər agentliklərindən biri olan Sinxuanın “Azərbaycanda hakim partiya parlamentdə üstünlüyünü qoruyub saxlayıb” sərlövhəli xəbərində Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə azı 65 yer qazandığı qeyd olunub. Bildirilib ki, budəfəki parlament seçkisində rekord sayda namizəd deputat mandatı uğrunda mübarizə aparıb. Seçkiləri 77 mindən çox yerli, 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edən 883 beynəlxalq müşahidəçi izləyib.

Rəsmi “Jenmin Jibao” qəzetində "Azərbaycanda növbədənkənar parlament seçkilərində səsvermə başlayıb” başlıqlı materialda ölkəmizdə 125 dairə üzrə 5573 məntəqədə səsvermə keçirildiyi, səsvermə hüququ olan vətəndaşların sayının 5 milyon 329 mindən çox olduğu bildirilib.

Çin Mərkəzi Televiziyasının (CCTV) internet səhifəsində yerləşdirilən “Azərbaycanın hakim partiyası növbədənkənar parlament seçkilərində liderlik edir” adlı geniş materialda Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisdə yerlərin əksəriyyətini qazandığı qeyd edilir. MSK-nın sədri Məzahir Pənahova istinadla bildirilir ki, ilkin nəticələrə əsasən 125 yerlik parlamentdə YAP ən azı 65 mandat qazanıb.

Azərbaycanda həyata keçirilən kadr islahatlarından da bəhs olunan məqalədə vurğulanır ki, parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi də dövlət başçısının islahatlar siyasətinə dəstəyi əks etdirir.

Dünya üzrə 100 milyon oxucusu olan nüfuzlu “China Daily” qəzetinin internet səhifəsində mövzu ilə bağlı materialda Azərbaycan tarixində ilk dəfə növbədənkənar parlament seçkilərinin keçirildiyi qeyd olunur. Bildirilir ki, Azərbaycan parlamenti ötən ilin dekabrında qanunverici orqanda çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvlərinin təşəbbüsü ilə Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı ölkə Prezidentinə müraciət olunması barədə qərar verib. //AZƏRTAC