04 aprel 2020 13:24
897

Həftəsonu hava əsasən yağmursuz olacaq

Azərbaycanda aprelin 5-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şimal küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8°, gündüz 13-17° isti, Bakıda gecə 6-8°, gündüz 15-17° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 767 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi şərq rayonlarında yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı bildirilir.