16 mart 2020 19:18
928

Hər kəsin üzərinə düşən vəzifə...

Ölkədə həyata keçirilən bütün sosial izolyasiya işləri xalqın milli təhlükəsizliyi üçün nəzərdə tutulub.

Bunu Publika.az-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Baş redaktor bildirib ki, hazırda bütün dünya koronavirusla bağlı müəyyən addımlar atır: “Belə bir vəziyyətdə sözün əsl mənasında siyasi mövqe rol oynamır. Burada yalnız vahid mövqe var. Bu da dövlətçilik və xalqın sağlamlığının qorunması uğrunda mübarizə mövqeyidir. Ona görə də dövlət tərəfindən aparılan istənilən sosial izolyasiya tədbirləri yalnız təqdir olunmalı, alqışlanmalı və hər kəs də buna öz töhfəsini verməlidir. Siyasətçi siyasətçi kimi, cəmiyyət cəmiyyət kimi, mətbuat da mətbuat kimi burada iştirak etməlidir. Yəni ki, cəmiyyətlə dövlətin fikri bu məsələdə üst-üstə düşməli, konkret olaraq eyni mövqedən çıxış eləməlidir.

B.Quliyev bildirib ki, belə bir dönəmdə mətbuatın üzərinə daha vacib missiya düşür: “Birincisi, maarifləndirmə işlərini aparmaq, yəni hər kəsin qarşısında yaranmış bu problemin aradan qaldırılması üçün yalnız ağıl, düşüncə və dərrakə rol oynayır. Bu mifi formalaşdıran, maarifləndirmə işini aparan da mətbuatdır. Ona görə də mətbuat bu ərəfədə ajiotaj yaradacaq informasiyalara yer verməməlidir. Bu məqamda dövlətin, xalqın və insanların mənəvi-psixoloji marağı əsas götürülməlidir. Buna görə də mətbuat öz üzərinə düşən işləri layiqincə yerinə yetirməlidir. Cəmiyyət yalnız cəmiyyət olaraq deyil, həm də fərd olaraq gigyenik qaydalara əməl etməli, hətta dövlətin virusun aradan qaldırılması və lokallaşdırılması ilə bağlı atdığı hər addımı anlayışla qəbul etməlidir.