Xəbər verildiyi kimi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediliblər.
“Azərbaycan Bayrağı” ordenli, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri, müharibə veteranı, ehtiyatda olan polkovnik Elmar Hüseynov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bu, hər şeydən əvvəl, iki qardaş ölkənin dostluğunun növbəti təzahürüdür.
Müsahibimiz, həmçinin vurğuladı ki, erməni mətbuatının yazdığı kimi, bu təlimlərin Tovuz hadisələri və yaxud hazırda keçirilən Rusiya-Ermənistan birgə hərbi təlimləri ilə heç bir əlaqəsi yoxdur: “Səfalət içində yaşayan Ermənistanın təlimlərə belə reaksiya verməsi dünya ictimaiyyətinin və beynəlxalq qurumların diqqətini özündən yayındırmaqdan başqa bir şey deyil. Yəni, indiyədək bir sıra qoşun növlərinin iştirakı ilə belə təlimlər keçirilib. Bu mənada ikitərəfli hərbi əməkdaşlıq sazişi əsasında təşkil edilən bu hərbi təlimləri növbəti təlimlərdən biri kimi xarakterizə etmək olar. Onu da qeyd edim ki, belə təlimlərin bir sıra qoşun növlərinin iştirakı ilə keçirilməsi orduda koordinasiyanı gücləndirir. Məhz belə təlimlərdə bütün nöqsanlar aşkarlanaraq aradan qaldırılır. Digər tərəfdən, alınan yeni hərbi texnikaların, silah-sursatın, döyüş vasitələrinin istismarı yoxlanılır və şəxsi heyətə daha mükəmməl öyrədilir. Bu mənada belə təlimlər həm də Azərbaycan Ordusunda aparılmış islahatların nəticələrini diqqətdən keçirməyə imkan verir. Elə bu ilin iyul ayında Ermənistanın atəşkəsi kobudcasına pozaraq ölkəmizin Tovuz rayonu istiqamətində təxribat törətməsi, nəticədə düşmənin öz bəd əməlinə layiq cavab alması bir daha bu təlimlərin nə qədər əhəmiyyəli olduğundan xəbər verir. Bəli, Azərbaycan Ordusu Aprel döyüşlərində (2016), ardınca Naxçıvan əməliyyatında (2018) olduğu kimi, bu dəfə də düşmənə vurduğu zərbə ilə Ermənistana bir daha öz gücünü göstərdi. Şübhəsiz, işğalçı ölkə faşizm siyasətindən əl çəkməyənə qədər bu cür biabırçı məğlubiyyətləri hələ çox yaşayacaq.
Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə belə demişdir: "Bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir… Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır.” Dövlət rəhbərimizin də qeyd etdiyi kimi, bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur. Digər tərəfdən, Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi təlimlər bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sümela Monastrı ve Trabzon Ayasofya Məscidinin təmirdən sonra açılışı mərasimində deyib ki, Suriyada məzlumların fəryadlarına biganə qalmayan, Liviyada ölkənin qanuni idarəçiliyinin əməkdaşlıq dəvətini cavabsız qoymayan Türkiyə Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək səylərinə də eyni anlayışla dəstək verir. Yeri gəlmişkən, Rəcəb Tayyib Ərdoğan dəfələrlə vurğlayıb ki, Türkiyə həmişə Azərbaycanın haqq işini dəstəkləyir və həmişə onun yanındadır.
Müsahibimiz fikrini bu sözlərlə tamamladı: “Ordumuz müxtəlif parametrlərə görə dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşır. Bu isə o deməkdir ki, bu gün ordumuz həqiqətən hər şeyə qadirdir. İyul ayının döyüş əməliyyatlarının gedişatı cəbhədəki vəziyyəti də, əhalinin əhval-ruhiyyəsini də, ordu–xalq birliyini də, Azərbaycan Respublikasının Prezidentinə, Silahlı Qüvvələrin Ali Baş Komandanına olan böyük inamı da tam mənzərəsi ilə sərgilədi. Bunlar da müharibə şəraitində olan bir ölkə üçün olduqca önəmli faktorlardır.
Onu da bildirim ki, Azərbaycan danışıqların nəticəsiz qalacağı təqdirdə münaqişənin həllində güc yoluna əl atacağını da gizlətmir. Məsələyə bütün parametrlərdən yanaşanda görərik ki, Azərbaycanın beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində belə bir addım atmağa haqqı vardır. Yəni, ordumuz hər an antiterror əməliyyatı apara və işğal altındakı ərazilərini azad edə bilər. Fikrimə Ali Baş Komandanımızın bu sözləri ilə yekun vurmaq istərdim: "Biz istənilən vaxtda, lazım olan vaxtda bu günlərdə yaradılmış əlavə imkanlardan, o cümlədən, döyüş məntəqələrinin yeni yerləşməsindən istifadə edib öz sözümüzü deyəcəyik”.
Qvami Məhəbbətoğlu, “İki sahil”