20 noyabr 2026 20:41
101

Heydər Əliyev ideyalarından qalib Azərbaycanın yeni hədəflərinə

1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycan dövlətçiliyinin tarixində mühüm siyasi hadisə, ölkənin gələcək inkişafına istiqamət verən tarixi qərar idi. Azərbaycanın ağır siyasi, iqtisadi və hərbi böhranla üzləşdiyi bir dövrdə meydana çıxan YAP milli maraqların, dövlətçilik ideyalarının və xalqın gələcəyə inamının ifadəsinə çevrildi. Həmin dövrdə ölkənin taleyini düşünən ziyalılar və ictimai-siyasi xadimlər Azərbaycanı böhrandan çıxara biləcək güclü siyasi qüvvənin yaradılması təşəbbüsü ilə çıxış etdilər. Onlar xalqın böyük etimad göstərdiyi, zəngin dövlətçilik təcrübəsinə malik Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ətrafında birləşdilər. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalının Heydər Əliyevə ünvanladığı müraciət bu prosesin siyasi ifadəsi oldu. Müraciətdə yeni yaradılacaq partiyaya rəhbərlik etmək xahiş edilirdi. Ulu Öndər cavabında belə bir siyasi təşkilatın yaradılmasını müstəqil Azərbaycanın gələcəyi baxımından “obyektiv zərurət” kimi qiymətləndirmişdi. Noyabrın 21-də Naxçıvanda Azərbaycanın bütün bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə YAP-ın təsis konfransı keçirildi. Partiyanın yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi, Heydər Əliyev yekdilliklə sədr seçildi. Beləliklə, ölkənin ən mürəkkəb dövrlərindən birində milli dövlətçiliyin qorunmasını və möhkəmləndirilməsini əsas məqsəd seçən siyasi qüvvə formalaşdı.
YAP qısa müddətdə cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə partiya siyasi sabitliyin təmin olunmasına, dövlət institutlarının möhkəmləndirilməsinə və ölkənin inkişaf strategiyasının formalaşmasına mühüm töhfə verdi. Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri partiyanın tarixi missiyasını və siyasi baxışının davamlılığını ifadə edir. 2005-ci il martın 26-da keçirilən III qurultayda Prezident İlham Əliyevin partiyanın sədri seçilməsi YAP-ın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndərin siyasi kursunun müasir dövrün çağırışlarına uyğun davam etdirilməsi partiyanın fəaliyyətinin əsas istiqamətinə çevrildi. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyini möhkəmləndirdi, iqtisadi və sosial inkişafda mühüm nailiyyətlər qazandı, beynəlxalq mövqelərini gücləndirdi. Partiyanın institusional yenilənməsi 2021-ci il martın 5-də keçirilən VII qurultayda yeni mərhələyə qədəm qoydu. Qurultayda YAP-ın yeni Nizamnaməsi qəbul edildi, İdarə Heyətinin 40, Təftiş Komissiyasının 13 nəfərlik tərkibi təsdiqləndi, 35 nəfərdən ibarət Veteranlar Şurası yaradıldı. Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi də bu mərhələnin mühüm siyasi hadisələrindən biri oldu. 2021-ci il dekabrın 29-da təsdiqlənən partiya Proqramı YAP-ın müasir inkişaf strategiyasını və fəaliyyət prinsiplərini müəyyənləşdirdi. Beş fəsildən ibarət sənəddə Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, siyasi varislik, konstruktiv dialoq, sosial ədalət və demokratik ənənələrin inkişafı əsas dəyərlər kimi təsbit olundu. Proqramın 11 strateji hədəfi isə güclü iqtisadiyyat, insan kapitalı, şəffaflıq, vətəndaş cəmiyyəti, milli-mənəvi dəyərlər, milli maraqlara əsaslanan xarici siyasət, ordu quruculuğu və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış kimi prioritetləri əhatə edir. YAP-ın siyasi fəaliyyətində konstruktiv dialoq və milli həmrəylik də mühüm yer tutur. Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” mövqeyi siyasi münasibətlərin təməlində milli maraqların dayanmasının vacibliyini göstərir. Azərbaycanda iqtidar-müxalifət dialoqunun inkişafı, siyasi institutlar arasında əməkdaşlığın genişlənməsi demokratik siyasi mədəniyyətin möhkəmlənməsinə xidmət edir. Partiyanın ictimai-siyasi nüfuzu seçkilərin nəticələrində də aydın görünür. 2024-cü il prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev 92,12 faiz səs toplayaraq qələbə qazandı. Həmin ilin sentyabrında keçirilən parlament seçkilərində partiya 68 mandat əldə etdi. 2025-ci il bələdiyyə seçkilərində isə YAP-ın 5855 namizədi bələdiyyə üzvü seçildi. Hazırda 769 811 üzvü birləşdirən partiya Azərbaycanın ən böyük siyasi təşkilatıdır. 2026-cı il oktyabrın 2-də keçirilən VIII qurultay YAP-ın tarixində yeni mərhələ kimi diqqət çəkir. İlk dəfə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi şəraitdə keçirilən qurultayda Prezident İlham Əliyev partiyanın qarşıdakı dövr üçün əsas vəzifələrini və strateji hədəflərini müəyyənləşdirdi. Nizamnaməyə dəyişikliklərin təsdiqi, rəhbər orqanların yeni tərkiblərinin formalaşdırılması partiyanın müasir çağırışlara uyğun yenilənməsinin davamı oldu. Prezident cənab İlham Əliyevin qurultaydakı çıxışında vurğuladığı kimi, YAP-ın fəaliyyəti və qəbul etdiyi qərarlar yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün əhəmiyyət daşıyır. Bu yanaşma partiyanın siyasi nüfuzunun və regional miqyasda rolunun göstəricisidir. Bu gün Azərbaycanın qarşısında yeni inkişaf mərhələsinin vəzifələri dayanır: tarixi Zəfərin nəticələrini möhkəmləndirmək, azad edilmiş ərazilərdə bərpa və quruculuğu sürətləndirmək, Böyük Qayıdışı təmin etmək, iqtisadi gücü və insan kapitalını artırmaq. YAP-ın strateji hədəfləri də məhz bu ümummilli prioritetlərlə uzlaşır. 
Yeni Azərbaycan Partiyasının keçdiyi yol tarixi zərurətdən doğan siyasi təşəbbüsün güclü ümumxalq partiyasına çevrilməsinin nümunəsidir. Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinə sədaqət, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən inkişaf strategiyası və milli maraqların üstün tutulması partiyanın siyasi xəttinin əsasını təşkil edir. YAP bu gün də dünənin tarixi təcrübəsini, bu günün reallıqlarını və gələcəyin hədəflərini birləşdirən siyasi qüvvə kimi fəaliyyətini davam etdirir.

Tahir  Mirkişili, 

Milli Məclsin deputatı