Hindistanın hərbi aviasiyası iyunun 3-də ölkənin şimal-şərqində radarlardan itən An-32 hərbi-nəqliyyat təyyarəsinin qalıqlarını aşkarlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Hərbi Hava Qüvvələrinin nümayəndəsi deyib.
“Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-17 helikopteri itən An-32 təyyarəsinin qalıqlarını ölkənin şimal-şərqində Lipo yaşayış məntəqəsindən 16 kilometr məsafədə dəniz səviyyəsindən 3650 metr hündürlükdə aşkarlayıb”, - deyə Hərbi Hava Qüvvələrinin nümayəndəsi bildirib. Qəza zamanı təyyarənin göyərtəsində olan insanların taleyi barədə məlumat verilmir.
Xatırladaq ki, Assam ştatının Corhat şəhər aeroportundan havaya qalxaraq ölkənin şimal-şərqində yerləşən Arunaçal-Pradeş ştatına uçan Hindistan Hərbi Hava Qüvvələrinə məxsus An-32 hərbi-nəqliyyat təyyarəsi iyunun 3-də yerli vaxtla saat 12:25-də radarlardan itmişdi. Pilotlar təyyarə havaya qalxdıqdan 35 dəqiqə sonra dispetçerlə axırıncı dəfə əlaqə saxlayıb. Təyyarənin göyərtəsində səkkiz ekipaj üzvü və beş sərnişin olub.
BMT Baş katibi dövlətləri Yaxın Şərqdəki atəşkəsi davamlı sülhə çevirməyə çağırıb