24 fevral 2020 19:41
1679

İcbari tibbi sığorta: Tibbi xidmət modelində yenilik

Uzun müddətdir ki, ölkə üzrə tətbiqi gözlənilən icbari tibbi sığorta artıq bu il tam olaraq işə düşəcək. Bu tibbi xidmət modeli həmrəylik prinsiplərini özündə ehtiva edən, əhalinin sığorta hadisəsi zamanı xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edən  sosialyönümlü layihədir.

İcbari tibbi sığorta Azərbaycanın səhiyyə sektorunun inkişafında və modern dövrün tələblərinə uyğun surətdə dəyişməsinə, tibbi xidmətlərin keyfiyyətinə nəzarət edilməsinə, həkimlərin məsuliyyətinin artırılmasına, insanların səhiyyə xidmətlərinə əlçatımlılığının təmin edilməsinə şərait yaradacaqdır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev  keçirdiyi mətbuat konfransında bildirdiyinə görə, sığorta olunanların özlərinin tibbi kabineti olacaq. Hazırda bütün xəstəxanalarda idarəetmə sistemi qurulub və orada vətəndaşlar üçün şəxsi kabinet yaradılıb. Xəstəxanalara müraciət edən vətəndaşa orada göstərilən xidmətlərin hamısı onun şəxsi kabinetində yerləşdiriləcək. Vətəndaş “my.gov.az” portalında qeydiyyatdan keçərək ona hansı tarixdə diaqnoz qoyulduğunu, hansı tarixdə xəstəxanaya getdiyini görəcək. Şəxsi kabinetdə çoxlu imkanlar var ki, ondan istifadə olunacaq. Gələcəkdə bu, telefonlarda yaradılacaq ki, vətəndaşlar orada da baxa bilsin. Bunun özəlliyi odur ki, vətəndaş xəstəxanaya getmədən verdiyi analizin cavabını öz telefonundakı şəxsi kabinetində görə biləcək.

Azərbaycanda 18 yaşınadək şəxslərin, 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslərin, pensiyaçıların, sosial müavinət almaq hüququna malik olan şəxslərin, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinin sığortahaqları dövlət büdcəsi hesabına ödəniləcək.

Aprelin 1-dən yalnız işləyən Azərbaycan vətəndaşının əməkhaqqından icbari tibbi sığorta haqqı tutulacaq. Yəni, minumum aylıq əməkhaqqının 250 manat olması nəzərə alınarsa, aylıq 10 manat icbari sığorta haqqı tutulacaq. Dövlət tərəfindən sığorta haqqı ödənilən vətəndaşlarla sığorta haqqı ödəyən şəxslərin alacağı tibbi xidmətlər arasında heç bir fərq olmayacaq.

“Tibbi sığorta haqqında” Qanuna əsasən, bütün əhali sığortaolunan hesab edilir və xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərdən yararlanmaqda bərabər hüquqa malikdir. Həmçinin Qanunda “Müştərək maliyyələşmə məbləği” maddəsi var. Müştərək maliyyələşmə məbləği dedikdə, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsi nəzərdə tutulur. Müştərək maliyyələşmə məbləği xidmətlər zərfi ilə müəyyən olunur və tibbi xidmətləri göstərmiş tibb müəssisəsinə birbaşa ödənilir.

Əsas tibbi xidmətləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərkibində olan və 3042 tibb müəssisəsini özündə birləşdirən “TƏBİB” adlı qurum həyata keçirəcək. Zərfə ilkin səhiyyə xidməti, ambulator-stasionar tibbi xidmət, təcili və təxirəsalınmaz tibbi xidmət və eyni zamanda, həyati-vacib xəstəliklər daxildir. Bu səhiyyə xidmətlərinin 60 faizini əhatə edir. Digər, məsələn, şəkərli diabet, onkaloji, QİÇS xəstələri üçün ayrıca Dövlət proqramları var.

Onu da qeyd edək ki, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə Agentlik tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, bu il ərzində 4 mərhələdə həyata keçiriləcək.

Yaqut Ağaşahqızı, “İki sahil”