02 iyun 2020 10:42
843

İctimai rəy ABŞ Prezidentinin qərarının tam əsaslı olduğunu göstərir

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp mayın 28-də “Onlayn senzuradan müdafiə barədə” Fərman imzalayıb. Fərmanda nəhəng sosial media şirkətlərin öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz qoyduqları və bununla da “təhlükəli güc” tətbiq etdikləri qeyd olunur. Fərmana görə, “Twitter”, “Facebook”, “Instagram” və “YouTube” informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələri ilə insanların baxışlarını istədikləri istiqamətdə formalaşdırmağa çalışır və fikirlərə münasibətdə selektiv yanaşmalar tətbiq edirlər.

Sosial şəbəkələr elə bir platformadır ki, bizim ölkəmiz də mütəmadi olaraq onun vasitəsilə xarici anti-Azərbaycan qüvvələrinin qərəzli kampaniyalarına məruz qalır, ölkəmizə qarşı ardıcıl terror çağırışları edilir. Anti-Azərbaycan, erməni və ermənipərəst dairələr sosial media vasitəsi ilə ölkəmizə qarşı qarayaxma kampaniyaları, feyk məlumatlar, informasiya müharibələri təşkilində fəallığa ara vermirlər. Amma  Azərbaycan sosial mediaya münasibətdə dözümlü yanaşır, bütün baş verən neqativ proseslərə baxmayaraq, indiyə qədər də heç bir məhdudlaşdırıcı tədbir görməyib. Bəs, görəsən Qərb dövlətlərinin, xüsusilə, ABŞ Prezidenti Trampın atdığı addımlara Azərbaycan da qoşula bilərmi?

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, sosial şəbəkələr bu gün insan həyatının ayrılmaz  hissəsinə çevrilib: “Son illər hədsiz dərəcədə kütləviləşən sosial media resursları sanki real aləmə paralel bir virtual dünya formalaşdırıb və hər bir insan özünü bu və ya digər formada həmin virtual aləmin bir parçası kimi hiss edir. Çünki müasirləşən dünyada münasibətlər sistemi dövrün informasiya-kommunikasiya mexanizmlərinə inteqrasiya ilə şərtlənir. Daha sadə dildə ifadə etsək, müasir dünyada insanlar müxtəlif təyinatlı məqsədlərini həyata keçirmək üçün ən son texnoloji resurslardan istifadə etməyə məhkumdurlar. İnsanlararası ünsiyyətin bütün parametrlər üzrə ən əlverişli və müasir vasitəsi hesab olunan sosial media platformaları da bu zərurətlərə görə cəmiyyət həyatına birdəfəlik daxil olub.Əlbəttə, bütün bu perspektivlər sosial şəbəkələrin mütərəqqi bir hadisə kimi ictimai münasibətlərin təkümülü şəraitində meydana gəldiyini deməyə əsas verir. Hər halda insanların informasiya resurslarına əlçatanlığının daha asan təmin olunması və hər kəsin bir növ informasiya istehsalçısı kimi çıxış edə bilməsi sosial media vasitələrini əvəzolunmaz platforma halına gətirir. Lakin digər tərəfdən münasibətlər sistemi hüquqi müstəvidə tənzimlənmədiyi təqdirdə sosial şəbəkələr terrorizmin, şiddət və nifrətin təbliğ olunması, şəxsiyyətin şərəf və layaqətinin alçaldılması, habelə narkotik vasitələrin internet üzərindən satılması, süni yollarla kütləvi narazılığın yaradılması, vətəndaş müharibələri və s. kimi ağır fəsadlara zəmin yarada bilir. Təsadüfi deyil ki, müharibə nəzəriyyəçiləri tərəfindən sosial şəbəkələr müasir dövrün ən təsirli hibrid təhdid elementi kimi dəyərləndirilir. Söz yox ki, sosial media vasitələrinin bu kimi xoşagəlməz nəticələr doğurmasını şərtləndirən amillərdən biri istifadəçinin anonimliyidir. Heç bir real kimliyi təmsil etməyən saxta hesablar mənəvi terror aləti rolunda çıxış edərək ayrı-ayrı qrupların, konkret fərdlərin təhqir olunması, cəmiyyət daxilində nifaq toxumlarının səpilməsi və digər qanunazid əməllərin reallaşmasına şərait yaradır. Eyni zamanda, sosial şəbəkələrin fəaliyyətini tənzimləyən universal normaların mövcud olmaması sadaladığım zərərli əməllərin geniş yayılmasını təmin edir. Məhz bu boşluğun yaratdığı ciddi problemlər qlobal miqyasda sosial media vasitələri ilə bağlı tənzimləyici normaların yaradılması prosesinə təkan verib”.

Müsahibimiz onu da diqqətə çatdırdı ki, haqqında bəhs etdiyimiz sahədə bu gün müşahidə olunan ən aktual problemlərdən biri də paylaşılan məlumatlara görə sosial şəbəkə rəhbərliyinin cavabdehlik daşımamasıdır: “Məsələn, mövcud ABŞ qanunvericiliyi istifadəçilərin yazdığı kontentə görə internet resursunun rəhbərliyini heç bir məsuliyyət sahibi etmir.İnformasiya təxribatçılarının əl-qolunu açan bu amil virtual dünyada bir növ cəzasızlıq şəraitinin yaranmasına rəvac verib. Prezident Trampın imzaladığı sonuncu Fərman isə həmin müddəanı dəyişdirmək məqsədi daşıyır. Yəni, artıq sosial şəbəkələrin rəhbərliyi saxta profillərdən yayılan nifrət, şiddət, terrorizm təbliğatına, böhtanlara, təhqirlərə, fərdin şərəf və ləyaqətinin pozulması faktlarına, habelə xalqların və dövlətlərin taleyinə təsir göstərə biləcək zərərli məlumatların yayılmasına görə məsuliyyət daşıyacaqlar. Hələlik Fərmandan irəli gələn texniki və hüquqi prosedur qaydaları haqda detallı məlumat verilməsə də, bu addımın sosial media sferasında inqilabi dəyişikliklərə yol açacağı ehtimal olunur”.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Trampın bu təşəbbüsünə dünya dövlətləri tərəfindən böyük dəstək nümayiş olunmaqdadır. Nəhayət ki, sosial şəbəkələrlə bağlı universal standartların tətbiq olunmasını zəruri hesab edən qlobal tendensiya gedir. Azərbaycan da sosial şəbəkələrin ən xoşagəlməz təsirlərinə məruz qalan ölkələrdən biridir. Bütün neqativlərə baxmayaraq, ölkəmizdə sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdıran heç bir addım atılmayıb. İnsanların sosial media vasitələrindən istifadəsinə tamamilə dözümlü yanaşan Azərbaycan dövləti hesab edirəm ki, eyni zamanda sosial şəbəkələrin fəaliyyətini tənzimləyən universal mexanizmlərin formalaşmasına dəstək olmalı və özünün qanunvericilik bazasını bu istiqamətdə təkmilləşdirməklə prosesə öz müsbət töhfələrini verməlidir”-deyə deputat bildirdi.

Mənsumə Babayeva,

“İki sahil”