AXCP sədri Əli Kərimlinin tapşırıq və sifarişlərini icra edən G.Hacıbəyli kimilərin fəaliyyətini cəmiyyətimiz ikrahla qarşılayır və birmənalı olaraq rədd edir
Bir müdrük kəlamda deyilir ki, “Hansı yana gedəcəyini bilmirsənsə, hansı yolla getməyinin heç bir əhəmiyyəti yoxdur”. Siyasətin çirkin iş olduğu haqqında da belə deyirlər ki, “əslində siyasət çirkin deyil, onunla çirkin insanlar məşğul olanda çirkin olur”.
Bu gün dağıdıcı müxalifət düşərgəsində AXCP sədri Əli Kərimlinin “danışan dili” olan “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin sosial şəbəkələrdəki həqiqətdən uzaq, şər-böhtan dolu çıxışlarını dinlədikcə həmin fikirlərin həqiqət olduğuna bir daha əmin oluruq.
Əslində hər addımda ikiüzlülüyü, riyakarlığı ilə tanınan, parlamentin üzvü olanda dövlətin imtiyazlarından gen-bol istifadə edərək tam komfort şəraitində yaşayanda nədənsə bu xanım tamamilə başqa cür danışırdı. G.Hacıbəylinin o zamanlar başda Ə.Kərimli olmaqla dağıdıcı müxalifət düşərgəsinin başbilənlərini yerdən-yerə vurmağını da heç kim unutmayıb. Ancaq elə ki, deputat seçilmədi, mandatdan məhrum oldu G.Hacıbəyli hətta öz keçmiş həyat yoldaşının da etiraf etdiyi kimi, 180 dərəcə dəyişdi. Siyasi qripə yoluxmuş bu xanım deputat olanda ancaq özü haqqında fikirləşir, komfortu, lüks həyatı sevən Gültəkin Milli Məclisə deputat seçildiyi dairə ilə heç əlaqə saxlamır, oradakı əhalinin vəziyyəti ilə maraqlanmır, problemlərin həlli ilə məşğul olmurdu. Onun fikri-zikri yalnız və yalnız var-dövlət toplamaq və çirkli əməllərlə məşğul olmaq idi. Bir neçə il bundan əvvələ qayıdaraq o dövrlərdə mətbuatda yazılanlara diqqət etsək, hər şeyi bir daha açıq-aşkar görərik.
Belə ki, AXCP-nin orqanı olan “Azadlıq” qəzetinin 2005-ci il 2-3 oktyabr tarixli sayında “Azadlıq” blokunun 96 saylı Goranboy-Naftalan seçki dairəsindən vahid namizədi Elçin Rzayevin müsahibəsinə diqqət edək: “...İndi dairənin seçicilərini ən çox bir məsələ maraqlandırır. Onlar Gültəkin Hacıyevanın hansı üzlə yenidən namizədliyini bu dairədən irəli sürməsini başa düşə bilmirlər. Özünü avropalı xanım sayan Gültəkin Hacıyeva, görəsən Avropanın demokratik dəyərlərinə niyə sayğı göstərmir? Onun hələ bu əraziyə gəlib əhalinin hansısa problemi ilə məşğul olduğunu, insanların gün-güzəranı ilə maraqlandığını görən olmayıb. Rayonda onun nüfuzu olduqca aşağıdır. Haqqında uzun-uzadı söz-söhbətlər dolaşır...”.
Dünənə qədər YAP-çı olan bu xanım birdən-birə dönüb oldu deputat olan zaman hər addımda söyüb təhqir etdiyi “Milli Şura”çı. Ancaq Azərbaycan cəmiyyəti ilə arasında dərin uçurum olan “Milli Şura”ya üzv olmazdan əvvəl G.Hacıbəyli sən demə müxalifət düşərgəsində təmsil olunan neçə-neçə təşkilatın qapısını döyüb. Getdiyi qapılardan qovulan G.Hacıbəyli nəhayət ki, antimilli ünsürlərin toplandığı “Milli Şura” da lövbər salıb. Necə deyərlər, qazan dığırlanıb qapağını tapıb.
Bu günlərdə ReAL Partiyasının icra katibi Natiq Cəfərlinin Gültəkin Hacıbəyli haqqında yazdıqları bu “Milli Şura”çı xanımın qaranlıq əməllərinin bir qisminin üzərinə işıq saldı. Burada N.Cəfərli G.Hacıbəylinin bir zamanlar “ReAl”a gəlmək istəməsi məsələsinə də aydınlıq gətirib: “2010-cu ilin parlament seçkilərindən sonra Gültəkin xanımın “ReAl”ın idarə heyəti ilə görüşü oldu. Xeyli söhbət etdik və qərara gəldik ki, ikinci görüş də olsun. Sonra öz aramızda müzakirələr apardıq və ikinci görüşə ehtiyac olmadığı səsvermə yolu ilə qəbul edildi. Fikirləşdik ki, Gültəkin üçüncü dəfə deputat olmadığına görə qəzəblidir və onun müxalif düşüncəsi ideoloji yox, qəzəbdən doğub. O üzdən, ikinci görüşü məsləhət bilmədik ki, bu barədə onunla ətraflı danışaq”.
Xarici anti-Azərbaycan dairələrin maşası olan “Milli Şura”nın üzvü, siyasi savadsızlığını ört-basdır etmək üçün sosial şəbəkələrdə dövlətə və dövlətçiliyə qarşı şər-böhtan dolu çıxışları ilə gündəmi zəbt etməyə çalışan G.Hacıbəylinin vaxtilə keçmiş həyat yoldaşının və qayınanasının başına açdığı oyunları da cəmiyyətimiz yaxşı bilir. Belə ki, söhbət G.Hacıbəylinin hələ evli olan zaman qaynanasından, evini təmir etdirmək, mebel almaq üçün 50 min dollar borc almasından və qaytarmamasından gedir. O zaman öz ailəsinə qarşı etdiyi dələduzluğa görə qaynanası N.Məmmədova məhkəməyə müraciət etmişdi. Məhkəmə sabiq deputata, məxsus iki bahalı avtomobilə - 10-VU-003 və 10-KV-003 dövlət nömrə nişanlı “Lexus LX 570”, “Toyota Avalon” avtomobillərinə N.Məmmədovanın vəsatəti əsasında həbs qoymuşdu.
Göründüyü kimi, “Milli Şura” üzvü G.Hacıbəyli törətdiyi bütün çirkli əməllərə görə əlahəzrət ədalət qarşısında cavab verir. Belə bir şəxsin bu gün sosial şəbəkələrdə, xarici kəşfiyyat orqanlarının maliyyələşdirdiyi internet TV-lərdə tez-tez haqq-ədalətdən, mənəviyyatdan moizələr oxuması heç bir əndazəyə sığmır. Təpədən-dırnağa qədər bataqlığa batmış “Milli Şura”nın dolanbaclarında veyillənən, riyakarlığı, satqınlığı və xəbisliyi ilə tanınan, hər addımda AXCP sədri Əli Kərimlinin tapşırıq və sifarişlərini icra edən G.Hacıbəyli kimilərin fəaliyyətini cəmiyyətimiz ikrahla qarşılayır və birmənalı olaraq rədd edir.
Zahid Rza,
“İki sahil”