19 yanvar 2021 19:07
802

İmperiya imperiyalığını 1990-cı ilin 20 yanvarında Azərbaycanda itirdi

1990-cı ilin 20 yanvarı rus imperiyasının tarixə xəyanətinin tarixi kimi yaşadılacaq...

20 Yanvar faciəsinin ağrılarını 31 il əvvəl Vətən müharibəsində döyüşənlərin atası yaşayıb. Bu günün əsgərləri 20 Yanvar faciəsi haqqında məktəbdə müəllimlərindən, evdə valideynlərndən eşidiblər. Böyüdükcə faciənin mahiyyəti, necə baş verməsi haqqında daha ətraflı məlumatları olub. Bu məlumatlar oların dünyaduyumunu genişləndirib, vətənpərvərliyini dərinləşdirib. Yeniyetmə vətəndaş olaraq belə formalaşıb. Faciəyə görə qəhərlənib. İmperiyanın bu faciəni niyə törətdiyini əhatəli dərk edincə 19 yanvar gecəsinə gətirən yola – milli-azadlıq hərəkatına görə qürurlanıb. Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeiri həm 19 yanvar gecəsi şəhid olanlara elegiyadır, həm də bu mübarizənin manifesti.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev qanlı faciənin mahiyyətini belə ifadə edirdi: “20 yanvar hadisələrinin tariximizdəki yeri, qiyməti ayrı-ayrı insanların taleyi ilə məhdudlaşa bilməz. Bu, ayrı-ayrı insanların deyil, bütöv bir xalqın taleyidir ”. 20 Yanvar faciəsi dövlətçilik tariximizdə həm də müstəqillik mübarizəsinə sədaqət kimi anılacaq. Bu sədaqət həmişə qürur kimi yaşadılacaq…

Azərbaycanda müstəqillik, azadlıq istəyi həmişə məfkurə səviyyəsində yaşadılıb, milli-azadlıq istəyi ideyalardan mübarizəyə köçürülüb.

Doğrudur, milli-azadlıq hərəkatı erməniliyə qarşı etirazlarla təxminən eyni vaxta düşdü. Xalqın müstəqillik istəyi, bəşərilik amalı 69 il yaşadılmışdı; əqidələrdə, dərnəklərdə, dərnəklər qrupunda, ədəbiyyatda (əsasən poeziyada) yaşadılan mübarizə əzmi (bu, xalqın milli ruhu deməkdir) xalqın imperiyanın yaxasından yapışan əlinə döndü: “Biz varıq!”, “Biz var olacağıq!”. İndi Azadlıq meydanı adlanan meydan milyonlara darlıq edirdi. Azərbaycanımızda milli-azadlıq hərəkatının mahiyyətini X.R.Ulutürk “...Qolumdakı zəncirləri gərək qıram, gərək qıram!” – kimi ifadə edirdi və bu şeir hərəkatın manifesti kimi səslənirdi, az qala milyon səslə. Bu kükrəyiş, bu nəhr dünyanı heyrətləndirmişdi; milli-azadlıq hərəkatı Ermənistanın ərazi iddiasının əsassızlığını etiraf etməyən imperiyaya, onun milli siyasətinə yönəlmişdi. Yəni, bu hərəkat başlanğıcı ilə müqayisədə daha da güclənmiş, onillərlə qadağalara, Sibir, Lefertofo xofuna görə açıq şəkildə deyilməyənlərin açıq kükrəyişinə çevrilmiş, dönməzləşmiş inqilabi ruh idi. Bu dönməz hərəkatın hərəkətverici qüvvəsi xalq idi; xalq nə yerli hökumətin (Azərbaycanın), nə də Mərkəzi hökumətin (SSRİ-nin) yaranışından siyasiləşmiş qanunlarına tabe olmurdu. Tabe olmaq 1920-ci il 28 aprel ilhaqına davamlı boyun əymək olardı. Bu hərəkat açıq mübarizə formatında başlanğıcını erməniliyə qarşı yönəlmiş etirazlardan (Ağdamda 2 uşağın qətlə yetirilməsi, Topxanada ağacların qırılıb yerində zavod tikilməsi cəhdi) götürsə də, Azadlıq meydanında Gülüstan müqaviləsi ilə ikiyə bölünmüş ərazilərin birləşməsi tələb edilirdi. Bu tələb ruhun tələbi idi. Bu tələb 1989-cu ilin dekabrın 31-də gücə döndü, qüdrətə döndü. – mücahidlər sərhədləri çığnayaraq Araz çayının bu tayından o tayına yeriş elədi. Bu, dünyaya meydan oxuyan imperiyaya meydan oxumaq idi. Bunu ancaq Azərbaycan xalqı bacarardı...

O günlərdə imperiyanın ən qəddar düşməni azərbaycançılıq mücahidləri, ən həssas hədəfi Bakıda Azadlıq meydanı idi.

İmperiya 1990-cı ilin 19 yanvar gecəsi Bakıya qoşun yeritdi.   

19 yanvar gecəsi küçələrdə qarşıya çıxanları güllələdilər, “Təcili yardım” maşınlarını güllələdilər, evləri güllələdilər, qocaları, qadınları, uşaqları güllələdilər ...

Faciənin səhərisi gün – yanvarın 21-də böyük tarixi şəxsiyyət Heydər Əliyev Moskvada, Azərbaycanın daimi nümayəndəliyinin qarşısında çıxış edərək faciəyə görə Moskvanı, dövlətin bu səviyyədə səviyyəsizliyinə görə dövlət başçılarını, ideoloqları sərt qınadı, faciənin günahkarlarının cəzalandırılmasını tələb etdi.

        Amalın, məfkurənin, milli ruhun yaşarılığının şəhidlərinin dəfni ümumxalq matəmi oldu. Şəhidlərin dəfn mərasimi milli-azadlıq hərəkatı açıq şəkildə başlayandan bəri xalqın birliyinin, dönməzliyinin təsdiqiydi. Şəhidlər Azadlıq meydanından Dağüstü parka – Şəhidlər xiyabanına kimi çiyinlərdə aparıldı. Bu ehtiram şəhidlərə ehtiramıydı, milli-azadlıq hərəkatına ehtiramıydı, Azərbaycanın müstəqilliyinə ehtiramıydı, o günlərdən əbədiyyətə gedən yola ehtiramıydı.

        Gənclər bu amalı təkcə düşüncələrində deyil, həm də işində, təhsilində, fəaliyyətində yaşadır. Xalq şairi Bəxtiyar Vahabzadənin “Həqiqət uğrunda ölümləriylə, Ölümü kamına çəkdi şəhidlər...” bədii fikri 31 ildir Azərbaycan gəncliyinin vətənpərvərliyini daha da dönməzləşdirir. 20 Yanvar faciəsində mücahidlərin sırasında olanların oğulları sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə Vətən müharibəsi kimi davam etdirilən əks-hücum əməliyyatının iştirakçısı oldular. Onlar əsgər kimi, çavuş kimi, gizir kimi, zabit kimi mərdliklə döyüşdülər, torpaqlarımızı işğaldan azad edənlərin sırasında oldular.

O vaxtkı Azərbaycan rəhbərliyinin etirazlarına baxmayaraq, şəhidlər Dağüstü parkda, ucalıqda dəfn edildi.  

Şəhidlər xiyabanı xalqın ziyarət ünvanıdır. Hər il yanvarın 20-si Şəhidlər xiyabanında  ziyarətə gələnləri  qərənfillərlə qarşılayır, qərənfillərin ləçəklərinə göz yaşları da düşür..

Şəhidlikdən keçən azadlıq yolunun sonu əbədiyyətdir...

20 Yanvar faciəsi həm də Azərbaycan xalqının mübarizə tarixi olmaqla imperiyanı süquta yetirən hərəkat kimi tarixləşdi. Sabiq SSRİ-yə daxil edilmiş digər respublikaların demokratik düşüncəliləri milli-azadlıq hərəkatına, bu hərəkatın dönməzliyinə görə mücahidlərə, şəhidlərin ruhuna minnətdardır...

Bu tarix əbədiyyən yaşayacaq!..

44 gün davam edən Vətən müharibəsində ölümləriylə – şəhidlikləriylə torpağın bağrına azadlıq, müstəqillik toxumu əkənlərin ruhu da döyüşənlərin sırasındaydı...

10 noyabrda 20 Yanvar şəhidlərinin arzuları gerçəkləşdi. 10 noyabr ermənilik xislətinin Azərbaycandan küründüyü – torpaqlarımız işğaldan azad edildiyi gün kimi tarixləşdi...

Rəşid Faxralı