22 may 2020 19:20
2675

İnformasiya texnologiyalarının bütün sahələrdə tətbiq edilməsi prioritetdir

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində diqqəti CISCO şirkətinin təşəbbüsü ilə keçirilən videokonfransa yönəldərək bu əminliyi ifadə etmişdir ki, gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqelərini daha da möhkəmləndirəcək

Azərbaycan Televiziyasına müsahibəsində “Azərbaycan əksər ölkələr kimi, texnologiyaları idxal edir. Ancaq bu texnologiyaları işlətmək, onları mənimsəmək, bu texnologiyalar əsasında yeni intellektual məhsul yaratmaq artıq kadr peşəkarlığından, kadr hazırlığından bilavasitə asılıdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı bütün addımlarımız düzgündür.

CISCO şirkətinin rəhbərləri ilə videokonfrans çərçivəsində keçirilən görüş bunu bir daha təsdiqləyir. Azərbaycan təkcə CISCO şirkəti ilə deyil, eyni zamanda, dünyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bütün aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir. Ölkəmiz CISCO şirkəti ilə artıq strateji tərəfdaşlıq əlaqələrinə yaxınlaşır. Şirkətin təklif etdiyi intellektual məhsul gələcək inkişafımız üçün önəmlidir. Hazırda ağıllı şəhər - “Smart City” layihəsi üzərində iş aparılır. Bu layihənin ilkin təzahürləri artıq görünməkdədir. Azərbaycan bir qədər də inkişafa doğru addımlayaraq “Smart Nation” - yəni, “Ağıllı ölkə” proqramı üzərində işləməyə başlayıb. Ölkəmizin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının bütün sahələrdə tətbiqi dövlətimizin diqqət göstərdiyi prioritet sahələrdəndir.

Pandemiya dövrü ölkəmizin informasiya texnologiyaları sahəsində mövcud imkanlarına bir daha aydınlıq gətirdi. Belə ki, karantin zamanı müəyyən edilmiş kvota çərçivəsində həyati vacib qurumların fəaliyyətini davam etdirməsi üçün minimal sayda işçi cəlb olunub. Digər işçilər isə “evdə qal” prinsipi əsasında fəaliyyətlərini onlayn həyata keçiriblər. Özünütəcrid şəraitində informasiya texnologiyaları olmadan iş görmək mümkün deyil. Dövlətimizin başçısı İlham Əliyevin pandemiya dövründə istər bu və ya digər dövlətin, beynəlxalq təşkilatın rəsmiləri, həmçinin dövlət məmurlarımızla görüşləri videokonfrans şəklində keçirilib. Ən əsası cənab İlham Əliyevin təşəbbüsü ilə iki böyük tədbir- Türk Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşləri videokonfrans şəkilində təşkil olunub. Təbii ki, bunlar müasir texnologiyalar olmadan mümkün deyil. Dövlətimizin başçısı İlham Əliyevin CISCO şirkətinin təşəbbüsü əsasında bu şirkətin rəhbərləri ilə videokonfrans şəklində keçirilən görüşdə hazırda iqtisadi, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə, o cümlədən su resurslarının nəzarəti, su balansının formalaşması və itkilərin azaldılması istiqamətində məsələ də gündəmə gətirilmişdir. Cənab İlham Əliyev bir daha bildirmişdir ki, informasiya texnologiyaları bütün sahələrdə tətbiq edilməlidir. Bunlar gələcəyə doğru atılan addımlardır: “Biz gecikə bilmərik, yubana bilmərik, geciksək uduzarıq. Ona görə bütün resurslarımızı, o cümlədən maliyyə, intellektual və kadr resurslarımızı səfərbər etmişik. Əminəm ki, gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqelərini daha da möhkəmləndirəcək.”

“Dövlətimizin başçısı İlham Əliyev hər zaman bu çağırışı edir ki, əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq əsas hərəkətverici qüvvənin təhsil, elm, texnologiyalar, innovasiyalar olduğunu görərik.

Bu gün elm və təhsil təkcə inkişaf etmiş ölkələrin deyil, ümumilikdə dünyanın əsas prioritetlərinin tərkib hissələrindən biridir. Hazırda metodologiyalar və texnologiyalar kökündən dəyişməkdə, elm öz inkişafında böyük dəyişikliklərə məruz qalmaqdadır. Dövrün, zamanın tələbinə uyğun təkmilləşmə digər sahələr kimi təhsildə də özünü qabarıq şəkildə göstərir. Təhsili millətin gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bildirirdi ki, təhsil həyatımızın ən gərəkli, mühüm sahəsidir. Ümummilli Liderin bu fikirlərinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyev bildirir ki, o ölkələr yaxşı inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir. Uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail ola bilərik: “Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var.”

Təkcə bu faktı qeyd etmək kifayətdir ki, ölkəmiz son beş ildə orbitə 3 peyk çıxarıb: “Azərspace 1” telekommunikasiya peyki, “Azərsky” müşahidə peyki və “Azərspace 2”. Bu mühüm hadisələr dövlətimizin gücünü, həyata keçirilən siyasətin uğurlu gələcəyə hesablandığını təsdiqləyir. Ölkə Prezidenti İlham Əliyev üçüncü peykin orbitə buraxılması münasibətilə xalqa təbrikində qeyd etmişdir ki, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir. Yeni texnologiyaların tətbiqi şəraitində qarşıya əsas hədəf kimi qoyulan iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılmasına yüksək səviyyədə nail olmaq mümkündür.

Bütün dövrlər üçün aktual olan bu çağırış da günümüzün əsas tələbidir: Gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Ölkə Prezidenti İlham Əliyevin təkcə son dövrlərdə təhsilin inkişafına xidmət edən addımlarına diqqət yetirmək kifayətdir. “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə, “Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamlar, eyni zamanda, “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərman deyilənlərin bariz nümunəsidir. Dövlətimizin gənclərin malik olduğu imkanlardan maksimum istifadə istiqamətində atdığı addımların davamlılığı qəbul olunan və uğurla icra edilən Dövlət proqramlarından da aydın görünür. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanan və dövlətimizin başçısı İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasından gözlənilən nəticələr sırasında da gənclərin intellektual inkişafı və elmi fəaliyyətlərinin stimullaşdırılması, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi əsas yer tutur. Müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında qoyduğu mühüm vəzifələrin uğurlu icrası üçün zəruri addımlar atılır. Görülən işlərin, həyata keçirilən tədbirlərin bir məqsədi var: Yenilikçi, müasir düşüncəyə malik olan gənclərin yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə marağı artırılsın, ən əsası kadr hazırlığı iqtisadi inkişafın səviyyəsi ilə uyğunlaşdırılsın. Həmçinin məktəblərin kompyuterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar da bu tərkibdəndir. Məhz bu addımlar pandemiya dövründə distant təhsilin yüksək nəticələrə yol açmasını şərtləndirdi. Karantin qaydalarına uyğun olaraq orta və ali təhsil müəssisələrində dərslərin dayandırılması heç də gənclərin tədris proqramından geri qalmalarına təsir göstərmədi. Yeni texnologiyaların yaratdığı imkanlar əsasında yaradılan şagird-müəllim, tələbə-müəllim əməkdaşlığı tədris proqramının mənimsənilməsini təmin etdi.

Dövlətimizin başçısı İlham Əliyev hər zaman ölkənin inkişafında yeni texnologiyaların rolunu önə çəkib, onların tətbiqi və inkişafı üçün kadr potensialının yetişdirilməsini qarşıya mühüm vəzifə kim qoyub. 16 noyabr 2018-ci il tarixli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, həmçinin 23 noyabr 2018-ci il tarixli “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında sərəncamları da uğurlu iqtisadi tərəqqinin kadr hazırlığının beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmasından asılı olduğunu bir daha təsdiqləyir. Ali təhsil sisteminin rəqabətliliyinin artırılması öz növbəsində beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələbə çevirir. Təcrübə mübadiləsinin genişləndirilməsinin qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa böyük stimul verdiyi əldə olunan nəticələrdən də aydın görünür. Ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramının uğurlu icrası da bu kimi məqsədlərə xidmət edir. Artıq bu Proqramın icrası müddətində 5 min tələbənin xarici ölkələrdə təhsili təmin edilmişdir. Onlar təhsillərini başa vuraraq, Vətənə qayıtmaqla əldə etdikləri təcrübələr əsasında ölkəmizin daha da inkişafına, tərəqqisinə öz töhfələrini verirlər.

Prezident kimi fəaliyyətə başladığı gündən “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürən və bu istiqamətdə mühüm addımlar atan dövlətimizin başçısı İlham Əliyev hər zaman bildirir ki, hər bir ölkənin inkişafında təhsil, bilik, yeni texnologiyalar əsas yer tutur. İnformasiya- kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın, demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Məhz İKT sektorunda əldə olunan uğurlara söykənərək, bu fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan bu gün dünyada təkcə neft-qaz ehtiyatlarına malik ölkə deyil, həmçinin yüksək səviyyəli elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu innovasiyalar ölkəsi kimi tanınır. “İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir” söyləyən cənab İlham Əliyev bu əminliyi ifadə edir ki, 2020-ci il də dərin islahatlar ili kimi tarixə yazılacaq. Dövlətimizin başçısı İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankı və beynəlxalq CISCO şirkətinin rəhbərliyi arasında keçirilən videokonfranslarda səslənən fikirlər də deyilənlərin real təsdiqidir. Ölkə Prezidenti CISCO şirkətinin rəhbərliyi ilə videoformatda görüşü zamanı bu əminliyi də ifadə etmişdir ki, strateji tərəfdaşlıq bundan sonra da yalnız güclənəcək: “Çünki bizim Azərbaycanın daha da müasirləşdirilməsi ilə bağlı gündəliyimiz, sizin isə texnologiyanız var. Bizim uzun illərdir ki, əməkdaşlıq təcrübəmiz var. Artıq qeyd etdiyim kimi, burada layihələrin uğurlu icrası birgə səylərimizin ən yaxşı təzahürüdür.”

Qeyd olunanlar bu qənaətə əsas verir ki, potensiallar səfərbər edildikdə qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmaq mümkündür.

Yeganə Əliyeva, “İki sahil”