15 noyabr 2019 20:00
963

İnsan zəkasının və gözəlliyinin tərənnümçüsü olan şair

Ölkə başçısı İlham Əliyev 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında 2019-cu il yanvar ayının 11-də Sərəncam imzalamışdır.

Son 16 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin məlum  Sərəncamı Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfələrə işıq salmaqla yanaşı, xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi cəhətdən kamilləşməsində mühüm əhəmiyyətə malik olduğunu açıqlayır. Nəsimi yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi örnək olaraq bütün xalqımıza, xüsusilə gənc nəslə öz müsbət təsirini göstərəcək.

Azərbaycan xalqı da cənab Prezidentimizin bu addımını onun sözə, bədii yaradıcılığa, ədəbiyyata və mədəniyyətə verdiyi dəyərin göstəricisi kimi qiymətləndirir.

Azərbaycanın Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, “Nəsimi ili” mütəfəkkir şair İmadəddin Nəsiminin Azərbaycan milli ədəbi dilinin  zənginləşdirilməsi, saflaşdırılması yönündə xidmətlərinə işıq salır: “Azərbaycan xalqı bəşər tarixinə böyük, dəyərli, dahi simalar bəxş etmiş, onların əsərləri, yaradıcılığı dünya elmini, mədəniyyətini zənginləşdirmiş, insanları maarifləndirmişdir. Ulu öndər Heydər Əliyevin bu fikirləri qeyd etdiklərimizin ümumiləşdirilmiş ifadəsidir: “İnsanların ürəyinə, qəlbinə təsir edə bilən ədəbiyyatımız olubdur, şeirimiz olubdur və həmin şeirlər, həmin sözlər doğrudan da xalqımızda, millətimizdə milli ruhu oyadıbdır, milli əhval-ruhiyyəni canlandırıbdır, milli dirçəliş prosesini gücləndiribdir. Məhz bunların nəticəsində bizdə milli psixologiya, milli ideologiya formalaşmağa başlayıbdır. Bəlkə bu milli psixologiya, milli ideologiya indi böyük bir sistem şəklində deyil, yeni bir sənəd, bir kitab, bir proqram yoxdur. Amma bu olmalıdır.Bədii söz sənətinin ən dəyərli incilərini ortaya qoyan, əsərlərində ümumbəşəri fikirləri yüksək poetik şəkildə ifadə edən mütəfəkkir şair İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının nadir simalarından biridir”.

M. Nağısoylu “Nəsimi ili”nin Nəsimi yaradıcılığının təbliğində böyük rola malik olduğunu bildirdi: “Ölkə Prezidenti İlham Əliyev ana dilimizin və elmimizin inkişafı ilə bağlı bir sıra mühüm addımlar atıb. 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi də bu addımlar silsiləsindəndir. Bu mühüm addım əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamıdır. Ulu Öndər hələ respublikaya rəhbərliyinin birinci dönəmində elmə, mədəniyyətə, ədəbiyyata və incəsənətə, xüsusilə də xalqımızın mənəvi sərvəti olan ana dilimizə böyük diqqət və qayğı ilə yanaşıb, bu yöndə bir sıra məqsədyönlü tədbirlər həyata keçirib. Nəsimi yaradıcılığının dilimizdə və ədəbiyyatımızda oynadığı rolu nəzərə alan dahi şəxsiyyət Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 1973-cü ildə Azərbaycanda Nəsiminin 600 illik yubileyi qeyd edilib. Bununla yanaşı, Ümummilli lider 1973-cü ildə böyük söz ustadının 600 illik yubileyinin UNESCO-nun tədbirlər planına daxil edilməsinə nail olub.”

Akademik vurğuladı ki, Ümummilli Liderin bu təşəbbüslərini xalqımızın şairinə sahib çıxması baxımından yüksək qiymətləndirmək olar: “Çünki o dövrdə Nəsimini öz adlarına çıxmaq istəyənlər vardı. Məsələn, Türkmənistanda, İraqda, həmçinin Suriyanın Hələb şəhərində Nəsimini öz şairləri hesab edirdilər, hətta indi də belə cəhdlər olur. Bu da təsadüfi deyil. Nəsimi yaradıcılığı elə yüksək zirvədədir ki, ona göz dikənlər olduqca çoxdur. Məhz bu baxımdan, Nəsiminin Azərbaycan şairi, ədəbiyyatımızın görkəmli nümayəndəsi olmasının UNESCO xətti ilə bütün dünyaya elan edilməsi, tanıdılması ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi idi. “

“Dövlətimizin başçısı İlham Əliyevin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında, həmçinin 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamını da həmin müdrik ənənənin davamı kimi qiymətləndirmək olar” deyən M. Nağısoylu qeyd etdi ki, bu mühüm sənədlər Dilçilik İnstitutunun, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının humanitar sahə üzrə fəaliyyət göstərən institutlarının bütün əməkdaşları, o cümlədən şərqşünaslar, dilçilər, ədəbiyyatşünaslar qarşısında  vəzifələr qoyur. Nəsimi irsinin araşdırılması istiqamətində səylər daha da artırıldı.

Röya Rasimqızı, “İki sahil”