07 iyul 2020 18:41
1516

İnsanlar məsuliyyətli olarlarsa...

Koronavirus pandemiyası hələ də davam edir və bu gözəgörünməyən bəladan xilas olmaq və ya daha az yoluxmanın, eləcə də insan itksinin olmaması üçün dövlət başçısı tərəfindən cox ciddi addımlar atılıb və dünya ictimaiyyətinin də diqqətini çəkən ciddi tədbirlər reallaşdırılıb. Lakin tədbirlərin daha effektiv olması üçün vətəndaş məsuliyyəti başlıca və mütləq şərtdir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılması başa çatdırılıb təhvil verilən üç modul tipli xəstəxananın açılışında dövlətimizin başçısının karantin tədbirləri ilə bağlı səsləndirdiyi fikirlərdə bunu bir daha hiss etmək mümkündür. Ölkə başçısı yenə də bütün vətəndaşları ciddi məsuliyyətə və nizam-intizama çağırdı. Bildirdi ki, Azərbaycan vətəndaşları koronavirus pandemiyası ilə bağlı bizim bütün addımlarımızı dəstəkləyirlər. Halbuki aydın məsələdir ki, pandemiya insanların normal həyat tərzinə, mənfi təsir edib. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda, artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Azərbaycan vətəndaşları da bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi onları qorumaqdır.

Birmənalı şəkildə başa düşülməlidir ki, COVID-19 mübarizədə vətəndaşların da üzərinə ciddi vəzifələr düşür. Bütövlükdə cəmiyyətin gələcəyi baxımından bu, mühüm faktordur. Məsələ ondan ibarətdir ki, istənilən ölkə o zaman inkişaf edib daha çox uğur qazanır ki, ona cəmiyyəti tərəfindən dəstək gəlsin və vətəndaşlar həyata keçirilən tədbirləri anlayışla qarşılayıb qoyulan qanunlara ciddi şəkildə əməl etsinlər. Məsələn, polisin nəzakətlə insanlara sosial məsafə saxlamaq və maska taxmaqla bağlı tələbinə əməl etməmək şəxsi məsuliyyəti dərk etməmək deməkdir. Çünki polis və ya hər hansı başqa rəsmi orqan pandemiya şəraitində tələbləri vətəndaşın sağlamlığı üçün edir. Əgər insan yaranmış vəziyyəti bu cür qiymətləndirə bilmirsə, bu, o deməkdir ki, o, vətəndaş kimi sosial həyatda üzərinə düşən məsuliyyəti tam anlaya bilmir. Deməli, xüsusilə pandemiya ilə mübarizənin ikinci mərhələsində vətəndaş məsuliyyəti faktoru daha çox önəm kəsb edir. Vətəndaşlar tələb olunan tibbi şərtlərə nə qədər çox əməl etsələr, müəyyən olunmuş məhdudiyyətlər çərçivəsində hərəkət etsələr, bir o qədər ümumi nəticə müsbət olar və növbəti mərhələyə keçid sürətlənər.

Bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda sakitlikdir və vətəndaşlar qoyulan şərtlərə əməl edirlər. Bununla yanaşı, ikinci mərhələdə prosesin əsasən vətəndaşın şəxsi davranışı ilə bağlı olması hər bir insanın daha məsuliyyətli olmasını tələb edir. Konkret desək, hər bir vətəndaşın pandemiya ilə mübarizəni kənardan verilən göstərişlərə əməl etmək məcburiyyəti kimi deyil, özünün şəxsi işi kimi qəbul etməsi zəruridir. Dövlətin insan sağlamlığı üçün çalışdığı kimi, insanın da özü üçün çalışması vacibdir. Sosial-mədəni, hüquqi, psixoloji və etik aspektlərdə insanların bunu dərk etməsi həm də dövlətimizi daha da gücləndirər.

Röya Rasimqızı, “İki sahil”