31 may 2020 17:22
1027

İordaniya mətbuatı 28 May - Respublika Günündən yazır

İordaniyanın geniş oxucu kütləsinə malik www.orobanews.com, www.nayrouz.com, www.alanbatnews.com xəbər portalları Azərbaycanın bu ölkədəki səfirliyinin 28 May - Respublika Günü ilə bağlı bəyanatını yayıb.

Ölkəmizin İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, yazıda oxuculara Respublika Gününün tarixi barədə müfəssəl məlumatlar verilir, müsəlman Şərqində yaradılmış ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin uğurlarından bəhs edilir, cəmi 23 ay yaşamış bu gənc demokratiyanın Paris Sülh konfransında beynəlxalq səviyyədə tanınmağa nail olmasından danışılır. Qeyd olunur ki, qısa müddətdə ölkədə qadınların seçki hüququ və gender bərabərliyi təmin edilib. Bu baxımdan Azərbaycan Avropanın bir çox ölkələrini, həmçinin Amerika Birləşmiş Ştatlarını qabaqlayıb.

Bu tarixi, əlamətdar və qürurverici hadisənin Azərbaycan xalqının tarixinin ən şanlı səhifələrindən biri olduğunun qeyd edildiyi yazıda respublikanın Qırmızı Ordu tərəfindən işğal olunduğu xatırladılır.

Sovet işğalının xalqımızın milli azadlıq hərəkatına ciddi təsir etdiyinin əks olunduğu bəyanatda yalnız 70 ildən sonra - 1991-ci il oktyabrın 18-də Azərbaycanın kommunist sistemindən azad olaraq öz müstəqilliyini, suverenliyini və Xalq Cümhuriyyətinin zəngin ənənələrini bərpa etdiyi, erməni işğalından əvvəlki sərhədləri daxilində BMT-yə üzv qəbul olunduğu oxucuların diqqətinə çatdırılır.

Yazıda müstəqilliyin ilk illərində Azərbaycanda hökm sürmüş acınacaqlı mənzərə, erməni işğalı və onun nəticələri barədə məlumatlar təqdim olunur, Naxçıvan Muxtar Respublikasının həmin dövrdə Heydər Əliyevin rəhbərliyi ilə siyasi və ictimai sabitlik fonunda inkişaf etməyə başladığı bildirilir. Azərbaycan xalqının ölkəni məhvolma təhlükəsindən qurtarmaq üçün Heydər Əliyevə üz tutduğu qeyd olunur. Diqqətə çatdırılır ki, Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Ermənistanla atəşkəsə nail olunub, əmin-amanlıq təmin edilib, iqtisadiyyatın inkişafı istiqamətində əməli tədbirlər görülməyə başlanıb.

Ümummilli lider Heydər Əliyevin 1993-2003-cü illər ərzində Azərbaycana rəhbərliyinin xalqımızın yaddaşında əmin-amanlıq və quruculuq illəri, habelə böyük inkişaf dövrünə hazırlıq kimi qaldığı, bunun Ulu Öndər tərəfindən həyata keçirilmiş islahatlar və işlənib hazırlanmış enerji strategiyası sayəsində mümkün olduğu vurğulanır. Həmçinin 2003-cü ildən bəri ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlardan bəhs edilir.

Oxucuların diqqətinə çatdırılır ki, Ulu Öndərin təməlini qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən kursun sayəsində Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlətə çevrilib, beynəlxalq ictimaiyyətin dövlətimizə olan inamı və etimadı artıb.

Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın danışıqlar yolu ilə azad edilməsi, eləcə də inkişafın dayanaqlılığının təmin edilməsi istiqamətində yorulmaz fəaliyyətini davam etdirdiyi xüsusilə vurğulanır. Qeyd edilir ki, bu gün Azərbaycan TAP, TANAP, “Şimal-Cənub” və “Şərq-Qərb" Beynəlxalq Nəqliyyat dəhlizləri kimi nəhəng layihələrin təşəbbüskarıdır.

Sonda diqqətə çatdırılır ki, İordaniya Haşimilər Krallığının Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı tutduğu ardıcıl mövqeyin Azərbaycan xalqı və hökuməti tərəfindən yüksək qiymətləndirildiyi diqqətə çatdırılır.