07 oktyabr 2019 15:11
73

İpək Yoluna Dəstək Qrupu Türkiyə və Serbiyada toplanacaq

Oktyabrın 5-də Mərakeşdə ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun (Silk Road Support Group of the OSCE PA, SRG) 7-ci iclası keçirilib.

İclası giriş sözü ilə açan Qrupun rəhbəri və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
ATƏT PA-nın sədri Georgi Tsereteli Qrupun əhəmiyyətini vurğulayaraq, birgə əməkdaşlığın qurulması və müsbət təcrübələrin bölüşdürülməsində Parlament Assambleyasının uğurlu platforma kimi fəaliyyət göstərdiyini bildirib.

ATƏT PA-nın baş katibi Roberto Montella Qrupun fəaliyyətinə marağın artmasının sevindirici hal olduğunu və onun gördüyü işləri yüksək qiymətləndirdiyini deyib. R. Montella bu işlərin Parlament Asasambleyasının ümumi fəaliyyətinə vacib töhfə olduğunu vurğulayıb.

Cari ilin sentyabr ayında İsveçrənin Andermatt şəhərində keçirilən beynəlxalq konfransda qəbul olunan deklarasiya haqqında məlumat verən İsveçrə nümayəndə heyətinin rəhbəri Margareta Kiener Nellen qurumun beynəlxalq tədbirinin uğurlu keçdiyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Növbəti il üçün planlaşdırılan tədbirlər haqqında çıxış edən Türkiyə nümayəndə heyətinin rəhbəri Nabi Avcı aprelin ayında İstanbul şəhərində keçiriləcək İpək Yoluna Dəstək Qrupunun Beynəlxalq Konfransına hazırlıq barədə ətraflı məlumat verib. O, Türkiyə tərəfinin bu konfransın təşkilinə böyük maraq göstərdiyini qeyd edib və tədbirin yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb.

Eyni zamanda, görüş zamanı 2020-ci ilin ikinci yarısında qurumun beynəlxalq konfransının Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilməsi təklifi qəbul olunub. Serbiya nümayəndə heyətinin rəhbəri eve eləcə də İpək Yoluna Dəstək Qrupunun sədr müavini Stefana Miladinovic Serbiyanın bu beynəlxalq tədbiri qəbul etməyə tam hazır olduğunu vurğulayıb.

Toplantıda 2021-ci ildə Qrupun beynəlxalq konfranslarının Ukrayna və Rumıniyada keçirilməsi təklif olunub və yekdilliklə qəbul olunub.

İclasda çıxış edən Almaniya nümayəndə heyətinin rəhbəri xanım Doris Barnett Almaniyanın quruma müşahidəçi kimi üzv olmasını təklif edib və təklif yekdilliklə qəbul edilib. Toplantının sonunda qrupun gələcək fəaliyyəti barədə təkliflər müzakirə edilib.