17 mart 2020 20:37
1718

İqtisadiyyatımız kifayət qədər dayanıqlıdır

Dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək. Bu fikri söyləməyə əsas verən amillərdən biri ölkədə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılı olmayan sektorlarda iqtisadi inkişafın xüsusi çəkisinin artmasıdır. Məhz bu amil milli iqtisadiyyatımızın immunitetini formalaşdıran və dayanıqlı  olmasına əsas verən iqtisadi faktorlardan  hesab olunur. 

Təbii ki, bu gün Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatı ilə sıx təmasdadır. Ölkəmiz xüsusilə Avropa qitəsinin enerji təhlükəsizliyində   etibarlı tərəfdaşdır. Ona görə də  çoxumuz haqlı olaraq belə  düşünürük ki, neftin bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmini müəyyənləşdirən  faktorlardan biridir. Bəs  bu gün  dünyada nefin bazar qiyməti ilə bağlı baş verən neqativ iqtisadi meyillər Azərbaycan iqtisadiyyatı üçün hər hansı bir narahatlıq yarada  bilərmi?

Məlumdur ki, Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 56,6 faizi qeyri-neft sektorunun payına düşür. Bu da o deməkdir ki, Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq neftdən asılı deyil. Bu ilin iki ayının göstəricilərinə əsasən, qeyri-neft sektorunda 6,7 faizlik artım tempi qeydə alınıb. Göründüyü kimi, hazırkı neft qiymətləri büdcə xərclərinin yerinə yetirilməsinə heç bir təhlükə yaratmır.

...2014-2016-cı illərdə də neftin qiymətinin 140 dollardan 30 dollara qədər düşməsi qeydə alınmışdı. O vaxta nisbətdə bu gün müşahidə edilən dəyişiklik o qədər də böyük deyil. Ona görə də ölkə iqdtisadiyyatında  ciddi narahatlığa elə bir əsas yoxdur və nəzərdə tutulan bütün layihələrin, xüsusilə də sosial layihələrin həyata keçirilməsində heç bir problemin olması proqnozlaşdırılmır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov mətbuata açıqlamasında  bildirib ki, Azərbaycan dövləti istənilən kataklizmlərdən, qlobal iqtisadi böhranlardan qalib çıxmaq əzmində və gücündədir: “Azərbaycan daha əvvəllər də, dünyada baş verən qlobal iqtisadi kataklizmlərdən kifayət qədər az, hətta ən minimal zərərlə çıxıb və bunun əsas səbəblərindən biri dayanıqlı iqtisadiyyatın mövcudluğu, o cümlədən qeyri-neft sektorunun inkişafı reallığıdır. Əbəs deyil ki, hətta bu çərçivədə sosial layihələrin icrasının davam etdirilməsi və heç bir sosial layihənin təxirə salınmaması qərarı öz qüvvəsində qalmaqdadır. Sadəcə bir reallığı da anlamalı və ictimai rəyə təbliğ etməliyik ki, belə vəziyyətdə istehlak bazarına ciddi nəzarət olmalı, vətəndaşlar xalq-hakimiyyət birliyindən çıxış edərək məsuliyyət hiss etməli, vəziyyətdən sui-istifadə etməyə çalışanlara, süni qiymət artımına yol verənlərə və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaratmağa cəhd edənlərə qarşı sərt tədbirlərin görülməsi üçün öz iradəsini ortaya qoymalıdır”.

Digər tərəfdən, milli iqtisadiyyatımıza, ehtiyatlarımıza və hökumətin tədbirlər planına nəzər salsaq görərik ki, əhalinin narahatlığı üçün əsas yoxdur. Çünki Azərbaycan iqtisadiyyatının sabit qalması üçün kifayət qədər imkanlar var.  Azərbaycanın valyuta ehtiyatları əhalini bu cür risklərdən qorumağa imkan verir. Eləcə də  bu gün  Azərbaycan vətəndaşı dünyada baş verən iqtisadi dəyişikliklərə - maliyyə böhranı, yaxud enerji daşıyıcılarının qiymətindəki dəyişikliklərə çevik reaksiya vermək məcburiyyətindədir.  Son  günlər əhalinin bir qisminin milli valyutamızın xarici valyutaya nisbətdə ucuzlaşacağı və qiymətdən düşəcəyinə dair narahatlığı dünyada baş verən iqdisadi prosesin məntiqi təzahürlərindən biridir. Belə bir şəraitdə şübhə yoxdur ki, ilk vəzifə və atılmalı olan addım sıravi vətəndaşın mövcud vəziyyət və dövlətin iqtisadi imkanları barədə tam və operativ məlumatlandırılmasıdır.

Baş Nazir Əli Əsədov yaranmış qlobal iqtisadi vəziyyətlə bağlı əhaliyə müraciət edib: “Təbii ki, ilin əvvəlindən dünyada koronavirus infeksiyasının yayılmasının qlobal iqtisadiyyata, eləcə də neft bazarlarına mənfi təsirləri vardır...

Nazirlər Kabineti tərəfindən verilən son qərarın icrası da məhz vətəndaşların layiqli həyat şəraitinin, onların təhlükəsizliyinin təmin edilməsinə və hazırkı qlobal problemin təsirindən müdafiəsinə yönəlib.

Son olaraq qeyd etmək istəyirəm  ki, Azərbaycan hökumətinin neftin ucuzlaşması və koronavirusla bağlı dünya bazarında yaranan yeni vəziyyətə çevik münasibət onu göstərir ki, bu gün bayram ovqatı yaşayan xalqımızın təlaşına ciddi və köklü əsas yoxdur.

İqtisadiyyatımız kifayət qədər dayanıqlıdır və dövlətimizin  nəzarətindədir.

Nurəddin Ədiloğlu, “İki sahil”