Zaman öz işindədir. Jurnalistika fakültəsinin 1977-ci il məzunlarının da sırası seyrəlir. ...Ramiz Əsgərdən sonra bir acı xəbər də Əlyar Süleymanovdan gəldi. Onun əmək fəaliyyətinin tamamına yaxını Dövlət Neft Şirkətinin 126 yaşlı “Azərbaycan neft təsərrüfatı” jurnalı ilə bağlı idi. Pensiyaya da elə oradan 2021-ci ildə xüsusi müxbir vəzifəsindən çıxmışdı.
Əlyar Fərman oğlu Süleymanov tələbə yoldaşlarımızın “ağsaqqallar təbəqəsi”nə aid olduğundan, öz təbirincə desək, biz “molodoy”lar həmişə onun hörmətini, yolunu saxlayardıq. Sakit və ciddi təbiəti vardı. Amma səmimi, “iynəli zarafat”ları da yox deyildi. Həmsöhbətini sona qədər dinləyər, sərt və ya yumşaq olmasından asılı olmayaraq deyəcəyi sözü axırda deyərdi.
Əlyar düz, xeyirxah, dik duruşlu və sərt adam idi. Əyri işlərlə heç arası olmazdı. Mən onun kiminsə qarşısında, hətta nəyisə xahiş etdiyi məqamda belə əyilib-büküldüyünü görmədim. Yalnız qəzet, kitab oxuyanda əyilərdi. Bu da ancaq görmə zəifliyi ilə bağlı idi.
Əlyar əslən Qərbi Azərbaycandan ötən əsrin əvvəllərində Füzulinin Molla Məhərrəmli kəndinə köçmək məcburiyyətində qalmış bir ailənin övladı idi. Ancaq içindəki Qarabağ sevgisi “şapka çıxarılası” sevgilərdəndi. Əksər qarabağlılar kimi, səsi və oxumağı da vardı. Kefinin yaxşı vaxtlarında nəinki züm-zümə edər, hətta uca səslə oxumaqdan da çəkinməzdi.
Mən Əlyarı tanıdığım qırx ildən artıq bir dövrdə gözlərində ancaq bir dəfə yaş gördüm. Şuşa işğal olunanda. İş yerimə gəlmişdi. Vəziyyəti özündə deyildi. Dedi dur gedək dəniz qırağına, özümü heç yaxşı hiss etmirəm.
Nəyin baş verdiyini hələ sonacan dərk etməyə macal tapmadığımız həmin dəhşətli gündəki uzun söhbətlərimizdən bir sözü yaddaşıma əbədi həkk olundu: “Papağımızı əlimizdən aldılar!”..
Əlyar bu acını içində hər kəs kimi, bəlkə də hər kəsdən artıq yaşadı. Amma xöşbəxtlikdən o, “papağımızın” böyük sücaətlə qaytarıldığı günləri də gördü. Bu Zəfərdə “Suqovuşanın azad edilməsinə görə” medalı ilə təltif olunmuş oğlu Fərmanın da payı var.
Bu gün Əlyar düşmən işğalından azad olunmuş doğma torpağında rahat uyuyur.
Allah rəhmət eləsin!
Fikrət Süleymanoğlu,
filologiya üzrə fəlsəfə doktoru