Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
01 oktyabr 2020 17:20
355

İşğalçının silah qapısı

Bu, nə dostluq münasibətlərinə, nə də İslam həmrəyliyi prinsipinə sığır

Son günlər sosial şəbəkələrdə İran ərazisindən Ermənistana silah daşınmasını əks etdirən videomateriallar yayılıb. Eyni zamanda, Türkiyənin “Yeni şafaq” qəzetinin internet resursunda yerləşdirilmiş “İran silah kapısı oldu” başlıqlı yazıda İrandan Ermənistana içərisində Rusiya istehsallı  zirehli texnika olan 50 “tır” keçdiyi, 200 belə yük avtomobilinin isə keçməyə hazırlaşdığı qeyd olunub.

Yazıda Güney Azərbaycan Milli Oyanış Hərəkatının sədr müavini Elyar Türkərə istinadən yükdaşıma şirkətlərinə zəng edilərək davam edən daşımaların qarşısının alındığı bildirilib: “İran Rusiyanın Xəzər sahillərindən Ermənistana göndərdiyi yükləri Ermənistana çatdırır. Vəziyyəti onları daşıyan şirkətlərə izah etdik. Bildirdik ki, davam etsələr, qarşısını alacağıq. “İran Transit Astara” və “Rizvan Dilşad Tarabar Astara” şirkətləri görüşümüzdən sonra Ermənistana daşımaları dayandırdı. Ancaq “Sangin Tarabar” adlı şirkətlə yükdaşımalar davam edirilir”.

Bundan başqa, Prezident İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən iyulun 17-dən başlayaraq Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reyslərinin həyata keçirildiyini bildirmişdi. Ölkə başçısı, həmçinin  BMT Baş Assambleyasının 75-ci Sessiyasının ümumi debatlarında videoformatda çıxışında  iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını deyib. Burada “Xəzəryanı dövlətlərin hava məkanı” deyilərkən, həmçinin İran nəzərdə tutulur. Çünki Xəzəryanı ölkələrdən Ermənistanla sərhədə malik Azərbaycandan başqa İran da var. Bütün bunlar  xaricdən Ermənistana, buradan da Dağlıq Qarabağa göndərilən silah-sursatın, hərbi texnikanın məhz İranın hava və quru ərazisi vasitəsilə keçirildiyini açıq-aşkar nümayiş etdirir.

İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi bugünlərdə Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevlə telefon danışığı zamanı bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə İrandan Ermənistana hərbi yüklərin göndərilməsinə dair yayılmış məlumatları təkzib edib. O, vurğulayıb ki, yayılan məlumatlar əsassızdır. İran rəsmisinin sözlərinə görə, bu cür məlumatlar ölkəsi və Azərbaycan arasında əlaqələri korlamaq məqsədilə yayımlanır.

Eyni zamanda, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə həftəlik brifinqdə sosial şəbəkələrdə İrandan Ermənistana silah daşındığını göstərən görüntülərdən də danışıb və bildirib ki,  rəsmi Tehran ərazilərinin digər ölkələrə silah ötürülməsi üçün istifadə edilməsinə icazə verməyəcək. O, qeyd edib ki,  ölkəsi malların digər ölkələrə keçidini diqqətlə yoxlayır və nəzarət edir.

Qeyd edilməlidir ki, Azərbaycan İranla müxtəlif sahələrdə münasibətlərin ən yüksək səviyyədə inkişafı üçün əlindən gələni edib, beynəlxalq təşkilatlarda onunla bağlı qərarlarda bu ölkəni daim dəstəkləyib. Elə koronavirusla mübarizədə də Azərbaycan ən böyük maliyyə yardımını cənub qonşusuna edib. Bütün bunların müqabilində işğalçı ölkəyə silah qapısı olmaq iki ölkə arasında qonşuluq, dostluq münasibətləri ilə yanaşı, İslam həmrəyliyi prinsipinə də ziddir.

Ceyhun Piriyev, “İki sahil”