25 avqust 2019 12:21
156

İstanbul derbisini “Fənərbağça” qazandı

Avqustun 24-də futbol üzrə Türkiyə Superliqasında ikinci tur çərçivəsində növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, turun mərkəzi görüşündə İstanbulun iki komandası “Başakşəhər” və “Fənərbağça” qarşılaşıb.

Baş hakim Halil Umut Melerin idarə etdiyi görüşdə “Fənərbağça” rəqibini oyunun əsas vaxtına əlavə olunmuş son dəqiqədə vurduğu qol sayəsində 2:1 hesabı ilə məğlub edib.

Hesabı ilk hissənin 32-ci dəqiqəsində Enzo Crivellinin qolu ilə meydan sahibləri açıblar. Yetmiş yeddinci dəqiqədə qonaqlar Vedat Muriqinin vurduğu qolla hesabı bərabərləşdiriblər. Doxsan üçüncü dəqiqədə isə “Fənərbağça”nın yarımmüdafiəçisi Nabil Dirar qələbə topunu vurub - 2:1.

Beləliklə, baş məşqçi Ərsun Yanalın yetirmələri yeni mövsümün ikinci matçında da qalib gələrək aktivlərinə daha üç xalı yazdırıblar.

Qeyd edək ki, bu komandalar əvvəllər 25 dəfə qarşılaşıblar: 11 görüşdə “Fənərbağça”, 10-da isə “Başakşəhər” qalib gəlib. Dörd matç heç-heçə yekunlaşıb.

Turun bu gün keçirilən digər iki görüşü belə nəticələnib: “Ankaragücü” – “Kayserispor” - 1:1. “Alanyaspor” - “Kasımpaşa” - 4:1.

Avqustun 25-də oynanılacaq “Qalatasaray” - “Konyaspor”, “Trabzonspor” - “Yeni Malatyaspor” qarşılaşmaları maraqla gözlənilir.