24 iyul 2020 19:05
439

İtaliya mətbuatında erməni yalanlarının ifşası davam edir

İtaliyanın “Agenzia Stampa İtaliana”, “Askanews”, “Notizie Yahoo”, “Agenzia Nova”, “Giornale Diplomatico”, “The Daily Cases” və sair kimi kütləvi informasiya vasitələri Azərbaycanın İtaliyadakı Səfirliyininin Ermənistanın yeni təhdidləri və media təxribatlarını ifşa edən mətbuat açıqlamasını dərc edib.

Məlumatlarda media vasitələrinin dezinformasiyadan çəkinməsinin olduqca vacib olduğu bir dövrdə Ermənistan tərəfindən davamlı olaraq Azərbaycana qarşı uydurma media kampaniyasının davam etdiyi və növbəti absurd xəbərlərdən birinin də Azərbaycan tərəfinin Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasına raket atması ilə hədələməsi xəbəri olduğu bildirilib.

Məlumatlarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən bu yalan xəbərin təkzib olunduğu diqqətə çatdırılaraq, son təxribatlar zamanı Ermənistan tərəfindən ayrı-ayrılıqda səsləndirilən fikirlərin öz cinayətlərini ört-basdır etmək üçün müxtəlif dezinformasiyalar olduğu, məhz Ermənistan tərəfindən Azərbaycanın neft-qaz strukturlarını və kritik strukturlarının hədəfə alınacağına dair fikirlərin səsləndirildiyi diqqətə çatdırılıb. Habelə H.Hacıyevin fikirlərinə istinadən Azərbaycanın hər hansı bir kritik strateji obyektləri hədəf almaq siyasətinin olmadığı, Ermənistanın qəsdən Metsamor məsələsini şouya çevirdiyi, əslində köhnəlmiş texnologiyaya mənsub bu strukturun bölgə üçün ciddi təhlükə yaratdığı və radioaktiv maddələrin qaçaqmalçılığı üçün bir vasitəyə çevrildiyi vurğulanıb.

Metsamor Atom Elektrik Stansiyasına gəldikdə isə yazılarda bir çox beynəlxalq təşkilatlar və Avropa Birliyi tərəfindən də qeyd olunduğu kimi sözügedən stansiyanın aktiv seysmik zonada yerləşməsi ilə yanaşı, istismar müddəti başa çatması səbəbindən bütün bölgə üçün ciddi təhlükə yaratdığı və bu səbəblərdən uzun illərdir dünyanın ən təhlükəli nüvə stansiyalarından biri hesab olunduğu bildirilib.

Məlumatlarda, eləcə də Ermənistanın son hərbi təxribatlarının hədəfi olan Tovuz rayonunun, xüsusilə də Azərbaycandan və Xəzər dənizindən enerji qaynaqlarının beynəlxalq bazarlara, o cümlədən Avropaya nəqli, xüsusilə də İtaliyaya xam neft daşıyan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Supsa neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, İtaliyaya qədər uzanan Trans Adriatik boru kəmərinin də daxil olduğu Cənub Qaz Dəhlizinin başlanğıc hissəsi olan Cənubi Qafqaz boru kəməri, habelə İpək Yolunun yenidən canlandırılmasına əsas yaradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Bakı-Tbilisi magistralı kimi Şərqi Qərblə birləşdirən nəqliyyat dəhlizinin keçməsi nöqteyi-nəzərindən strateji ərazi olduğu xatırlanıb.

Habelə məlumatlarda bildirilib ki, Ermənistanın bu hərbi təxribatları yeni bazarlara və alternativ enerji mənbələrinə çıxışı təmin etmək baxımından Avropa üçün də vacib olan bu layihələrin fəaliyyətinin qarşısını almaq məqsədi daşıyır və bu hərbi təxribatların Azərbaycandan bir çox ölkələrə, o cümlədən İtaliyaya qaz nəql edəcək dəhlizin tam fəaliyyətə başlamasından 3 ay əvvəl baş verməsi təsadüfü deyildir.

Yazılarda, eləcə də son günlərdə Ermənistan tərəfindən Cənubi Qafqazdakı ən böyük su elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını vurmaqla bağlı çoxsaylı təhdidlərin də yayıldığı qeyd olunub.

Həmçinin qeyd olunub ki, Ermənistan tərəfindən dəfələrlə “Azərbaycan şəhərlərini Ağdam kimi xarabalığa çevirəcəklərinə” dair bəyanatların verildiyi, məhz bu gün Ermənistan ordusu tərəfindən talan edilmiş və dağıdılmış Qarabağın əsas iqtisadi-mədəni mərkəzi olmuş, xarabalığa çevrilmiş "Qafqazın Hiroşima”sı adlandırılan Ağdam şəhərinin işğalının 27-ci ildönümü günü olduğu və Ağdamın işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü il tarixli 853 nömrəli qətnaməsinin qəbul edildiyi və Ermənistan silahlı qüvvələrinin bu ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının tələb edildiyi vurğulanıb.

Məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:

https://agenziastampaitalia.it/politica/politica-estera/52410-ambasciata-della-repubblica-dell-azerbaigian-l-anniversario-dell-occupazione-di-agdam-tra-nuove-minacce-e-provocazioni-mediatiche

https://www.agenzianova.com/a/5f196da3028ca3.98406305/3037291/2020-07-23/azerbaigian-ambasciata-anniversario-occupazione-agdam-tra-nuove-minacce-e-provocazioni-armene

https://www.giornalediplomatico.it/Ambasciata-Azerbaigian-anniversario-occupazione-di-Agdam-con-nuove-minacce-e-provocazioni-mediatiche.htm

https://thedailycases.com/lanniversario-delloccupazione-di-agdam-tra-nuove-minacce-e-provocazioni-mediatiche/

http://www.askanews.it/esteri/2020/07/23/nagorno-karabakh-baku-smentisce-attacco-centrale-nucleare-armenia-pn_20200723_00589/

https://it.notizie.yahoo.com/nagorno-karabakh-baku-smentisce-attacco-centrale-nucleare-armenia-134436044.html